Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



YARDIMLIDA ANTİK DÖVRƏ AİD NEKROPOLDA ARXEOLOJİ TƏDQİQATLAR MARAQLI NƏTİCƏLƏR VERDİ

  09.08.2021

2021-ci ilin 05 iyul - 03 avqust tarixlərində AMEA, Arxeologiya və Etnoqrafiya İnstitutunun “Azərbaycanın antik dövr arxeologiyası” şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Ceyhun Eminlinin rəhbərliyi ilə “Antik dövr üzrə Lerik-Yardımlı” arxeoloji ekspedisiyası Yardımlı rayonunun Urakəran kəndində yerləşən Bilgəh sahəsində daş qutu qəbirlər və küp qəbirlərdən ibarət nekropolda arxeoloji tədqiqatlar aparmışdır.
8 hektara yaxın ərazisi olan nekropolda artıq ikinci ildir ki, tədqiqaltar aparılmaqdadır. Bu ilki, tədqiqat mövsümündə ərazidə 5 küp və 8 daş qutu qəbir öyrənilmişdir. Daş qutu qəbirlər və yaxud meqalit örtüklü bu qəbirlərin ənənəsi Azərbaycanın cənub-şərqinin dağlıq ərazilərində Son Tunc və Erkən Dəmir dövrlərindən məlumdur. Maraqlı məqam odur ki, Bilgəh sahəsində küp qəbirlərlə daş qutu qəbirlər xronoloji baxımdan həmdövr olmaqla eramızın 2-3-cü əsrlərinə aiddir.
Daş qutu qəbirlər 2-4 metr uzunluqda olmaqla, dikinə qoyulmuş kənar daşlar və onların üzərində 3 cərgə qurulmuş meqalitik örtüklərdən ibarətdir. Həm küp, həmçinin daş qutu qəbirlərin oxşar xüsusiyyətləri vardır. Belə ki, hər iki növ qəbirlərin istiqaməti şimal-şərqə olmaqla, dəfn küplərinin ağız hissəsinə dairəvi yonulmuş iri daş qapaq, daş qutu qəbirlərin isə şimal-şərq hissəsinə dik durmuş yastı daş qapı qoyulmuşdur. Hər iki növ qəbirlərin həm içərisinə, həmçinin giriş hissəsi xaricinə saxsı qablar qoyulmuşdur.
Qəbirlər içərisində tək və qoşa dəfnlərə təsadüf edilir. Daş qutu qəbirlər içərisində saxsı qablarla yanaşı, dəmir dəbilqə, dəmir qılınc, dəmir nizə başlıqları, mis, tunc və gümüş bəzək əşyaları qoyulmuşdur. Daş qutu qəbirlər bir neçə dəfə talana məruz qalmışdır ki, bunlardan ilkin oğruluq ehtimal ki, qəbirlərindən qurulmasından 50-100 il sonra baş vermişdir. Bütün tədqiq olunmuş daş qutu qəbirlərin şimal-şərq giriş qapısının dağıdılması, üst örtük daşlarından birinin sındırılması və qəbir kamerası içərisində skeletlərin ilkin anatomik quruluşlarının pozulması, qəbir avadanlıqlarının qırılaraq müxtəlif yerlərə səpələnməsi qəbir oğurluğunu təsdiq edir.
Qeyd olunan qəbir avadanlıqlarında əsasən erkən ənənənin izlənilməsi ilə yanaşı Parfiya, Roma və sarmat təsirləri də qeyd edilmişdir. Ceyhun Eminlinin fikrincə, ətrafda küp və daş qutu qəbirlərdən ibarət qəbirstanlıqlar çoxluq təşkil edir ki, bu da eramızın ilk əsrlərində ərazidə sıx məskunlaşmanı və əhali artımını göstərir.
Tədqiqatlar bitdikdən sonra daş qutu qəbirlər yerində saxlanılaraq konservasiya edildi. Qeyd etmək lazımdır ki, antik dövr qəbristanlığı, oradakı qəbir memarlığı və tapıntıların rəngarəngliyi, həmçinin, bölgənin təbii-coğrafi şəraiti ərazidə arxeoturizmin inkişafı üçün münasib imkanlara malikdir.




© AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu. Bütün hüquqlar qorunur.