Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



“ORTA ƏSR AĞSU ŞƏHƏRİ” DÖVLƏT TARİX-MƏDƏNİYYƏT QORUĞUNDA KİTAB TƏQDİMATI KEÇİRİLİB

  18.08.2021

17 avqust 2021-ci il tarixdə “Orta əsr Ağsu şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğunun təşkilatçılığı ilə “Azərbaycan Arxeologiyasının inkişafında professor Qafar Cəbiyevin rolu” beynəlxalq konfransının materialları” kitabının təqdimatı keçirilib. Təqdimatı giriş sözü ilə qoruğun direktoru, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli açıb. O, bildirib ki, professor Qafar Cəbiyev uzun illərdir ki, Qəbələ, Ağsu, İsmayıllı, Kürdəmir və Şamaxı rayonlarında aparılan arxeoloji tədqiqatlara rəhbərlik edib. Həmin tədqiqatlar nəticəsində antik və orta əsrlər tarixinin bir sıra məsələlərinə elmi cəhətdən aydınlıq gətirilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 22 oktyabr 2019-cu il tarixli sərəncamı ilə yaradılmış “Orta əsr Ağsu şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğu da məhz onun tədqiqatlarının nəticəsidir. Professor Qafar Cəbiyev yazılı mənbələrdə adı çəkilən, lakin yeri bilinməyən Mehrəvan şəhərinin qalıqlarını üzə çıxarıb, orada geniş miqyaslı tədqiqat işi aparıb. Fariz Xəlilli professor Qafar Cəbiyevin arxeologiya elmi sahəsində özünəməxsus məktəbin əsasını qoyduğunu qeyd edib, onun yetirmələrinin müxtəlif ekspedisiyalarda səmərəli şəkildə işlədiyini bildirib.
Təqdimat mərasimində Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sektor müdiri Mahir Qəhrəmanov, “Qəbələ” Dövlət Tarix-Bədii Qoruğunun direktoru Zahir Kərimov, “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Araz Manaflı, Ağsu Tarix Diyarşünaslıq Muzeyinin direktoru Sevda Dəmirova, Gəncə Dövlət Universitetinin dosenti Cavid Bağırzadə, Milli Azərbaycan Tarixi Muzeyi, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu və digər elmi müəssisələrin əməkdaşları iştirak ediblər.
Mahir Qəhrəmanov çıxış edərək Azərbaycan Respublikası Mədəniyyət Naziri Anar Kərimovun və Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəhbəri Azad Cəfərlinin təbrikini və salamını çatdırmış, alimin elmi nailiyyətlərini və nəşrlərini yüksək qiymətləndirildiyini qeyd edib. O, çıxışı əsnasında professor Qafar Cəbiyevə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin “Fəxri Fərman”ını təqdim edib.
Tədbir iştirakçılarından AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi Elmira Abbasova, Gəncə Dövlət Universitetinin dosenti Cavid Bağırzadə və digərləri professor Qafar Cəbiyev haqqında təəssüratlarını bölüşüb, onun arxeologiya sahəsində həyata keçirdiyi layihələrdə və ekspedisiyalarda iştirak zamanı qazandıqları təcrübəni fəxrlə dilə gətiriblər.
Tədbirin sonunda professor Qafar Cəbiyev Azərbaycanda arxeologiya elminin inkişafı sahəsindəki xidmətlərini yüksək dəyərləndirdiklərinə görə tədbir iştirakçılarına təşəkkür edib, kitabı imzalayıb.



© AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu. Bütün hüquqlar qorunur.