Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



AZƏRBAYCANIN ENEOLİT VƏ TUNC DÖVRÜ METALLURGİYASI BARƏDƏ ƏSƏR NƏŞR EDİLİB

  20.08.2021

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix elmləri doktoru, professor Maisə Rəhimovanın müəllifi olduğu “Eneolit və tunc dövründə Azərbaycanın metallurgiyası” adlı elmi monoqrafiyası nəşr edilmişdir.
Rus dilində olan monoqrafiyada, yeni arxeoloji faktlar və kəmiyyət-spektral analiz üsullarının tətbiq edilməsi ilə elmi dövriyyəyə daxil olmuş elmi ədəbi materiallar əsasında Azərbaycanın qədim metallurgiyasının inkişafı dinamikasının problemlərindən söz açılır.
Tədqiqatın elmi yeniliyi ondan ibarətdir ki, tarixi-analitik əsərdə Qafqazın, Yaxın və Orta Şərqin, həmçinin, Avropanın ayrıca ölkələri ilə geniş müqayisədə qədim Azərbaycanın metal və metallurgiya üzrə tarixi problemlərinin çoxillik tədqiqat nəticələrinin ümumiləşdirilməsi aparılmışdır.
Əsərdə Azərbaycanda və Qafqazda eneolit dövründən ilk dəmir dövrünədək təbii mis mənbələri, mis-arsen xəlitələrinin (ərintilərinin), qalayın istifadəsi, qurğuşun və onun qatqılarının qədim Azərbaycan metallurgiyasında peyda olması, sürmə qatqısının paleometallurgiyada tətbiqi, göstərilən metal və qatqılardan tarixi dövrlər üzrə hazırlanmış maddi mədəniyyət nümunələri, qədim qızıl və gümüş məmulatlarının tərkibi və əyarı barədə geniş məlumat verilmişdir.
Kitabda qədim metal əşyaların yayılma xəritəsi, Azərbaycanda və ümumilikdə Cənubi Qafqazda aşkar edilmiş müxtəlif dövrlərə aid metal məmulatların şəkilləri, onların dövrə və regiona görə kimyəvi tərkiblərini göstərən cədvəllər yer almışdır.
Əsərin elmi redaktoru tarix elmləri doktoru, professor Hidayət Cəfərov, elmi rəyçiləri t.e.d., professor Qüdrət İsmayılzadə, t.ü.f.d., dosent Səfər Aşurov, t.ü.f.d., dosent Bəxtiyar Cəlilovdur. Monoqrafiya AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Elmi Şurasının 19 fevral 2018-ci il tarixli iclasının 3 saylı protokoluna əsasən çapa məsləhət görülmüşdür. Əsər arxeoloqlar, tarixçilər, paleometallurgiya mütəxəssisləri, Ali məktəb tələbələri və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.



© AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu. Bütün hüquqlar qorunur.