Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



ANTİK VƏ ORTA ƏSR ŞƏHƏR YERİ - QALATƏPƏDƏ ARXEOLOJİ TƏDQİQATLAR DAVAM ETDİRİLİB

  27.08.2021

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Arxeologiya və Etnoqrafiya institutunun Mil-Qarabağ arxeoloji ekspedisiyası 2021-ci ilin yayında Ağcabədi rayonu ərazisindəki Qalatəpə antik və orta əsr şəhər yerində tədqiqatları davam etdirib.
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Çöl tədqiqatları sektorunun müdiri, Mil-Qarabağ arxeoloji ekspedisiyası Qalatəpə dəstəsinin rəhbəri Təvəkkül Əliyev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, Qarqarçayın sağ sahilində, Xocavənd və Salmanbəyli kəndlərinin yaxınlığında yerləşən Qalatəpə antik və orta əsr şəhər yerində və onun şərq ətrafındakı antik nekropolda 2008-ci ildən qazıntı işləri aparılır. I qazıntı sahəsində bəhs olunan dövrə aid möhtəşəm tikili qalıqları olan 10 metrə yaxın qalınlığında mədəni təbəqə açılaraq tədqiq edilib. Yaşayış yerində II qazıntı sahəsi hələlik orta əsr tapıntıları ilə səciyyələnən 9 kvadratdan ibarətdir. Builki araşdırmalarda əsas diqqət həmin kvadratlardan birinin (D1) arxeoloji tədqiqinə yönəldilib. Qazıntılar zamanı burada orta əsrlərə aid 2,5 metr qalınlığında mədəni təbəqə və bu təbəqədə üç tikinti qatı açılaraq öyrənilib. Birinci üst qat təsərrüfat quyusu, ocaq yerləri, bişmiş kərpicdən tikili qalığı ilə, ikinci qat çay daşı, bişmiş və çiy kərpicdən inşa olunmuş tikililərin ayrı-ayrı hissələri, üzərinə suvaq çəkilmiş döşəmə, üçüncü qat isə kiçik ölçülü, hündürlüyü 70 santimetrə çatan təndir, içərisində çoxlu xırda buynuzlu (qoyun-quzu) heyvan sümükləri, yanmış ağac qırıntıları və kül olan quyu, onun önündə boz rəngli çay daşından hazırlanmış, ortasında ağac tutacaq üçün dəlik açılmış kirkirə - dən daşı, üzəri suvaqlı kvadratşəkilli (38 x 38 x 10-12 sm; 40 x 40 x 10-12 sm) çiy kərpic düzümlərinin olduğu döşəmədən ibarətdir. Maddi tapıntılar – artefaktlar arasında daş və saxsı məmulatı nümunələri, tunc sancaq qırığı, şüşə qədəhin oturacaq hissəsi vardır. I və II qatla müqayisədə III qatda şirli keramika nümunələrinə seyrək halda rast gəlinib.
Təvəkkül Əliyev qeyd edib ki, builki tədqiqatın nəticəsi Qalatəpənin orta əsr sakinlərinin yaşayış evlərinin quruluşu haqqında aydın təsəvvür əldə etməyə imkan verir. Evlərin inşasında bir qayda olaraq möhrədən, çiy və bişmiş kərpiclərdən istifadə olunub. Torpaq, bəzi hallarda isə çiy kərpic döşəmələrin üzəri palçıq məhlulu ilə suvanıb şirələnib. Demək olar ki, bütün evlərdə və ya ayrı-ayrı otaqlarda həm çörək bişirmək, həm də evi qızdırmaq üçün təndirlər olub. Onların ağız hissəsi dar, dib hissəsi isə enlidir. D1 və əvvəlki illərdə D2 kvadratında açılmış təndirlərin aşağı hissəsində külbə qoyulub. II qazıntı sahəsinin orta əsrlərə aid üç kvadratında (B2, C1 və D1) çay daşından hazırlanmış dairəvi şəkilli kirkirə daşına rast gəlinməsi göstərir ki, dənli bitkiləri əzmək və ya üyütmək üçün belə dən daşları hər bir evə məxsus zəruri avadanlıqlar sırasında idi. Müxtəlif formalı təsərrüfat və məişət quyuları da orta əsr Qalatəpə sakinlərinin həyatında əhəmiyyətli rol oynayıb. Bunlarla yanaşı, evlərin üzərinin – damının örtüyü ilə bağlı məsələ açıq qalır. Əvvəlki illərdə burada yalnız bir neçə kirəmit fraqmentinə təsadüf edilib.
"Görünür, dam örtüyündə Qarqarçayın Qalatəpə ətrafındakı yatağının daim zəngin olduğu, hətta yaxın zamanlara qədər ətraf kəndlərin əhalisi üçün qiymətli tikinti materialı sayılan qarğı və qamışdan geniş istifadə olunmuş, damın üstü bu materiallarla döşəndikdən sonra üzərinə torpaq yayıb palçıqla suvanmışdır. Maraqlıdır ki, Qalatəpənin çaya tərəf olan ətəyindəki fermadakı evin damı da təsvir etdiyimiz üsulla örtülmüşdür. Ümid edirik ki, gələcək tədqiqatlar Qalatəpənin qədim sakinlərinin gündəlik həyatı ilə bağlı digər qaranlıq məsələlərin (məsələn, su təchizatı) işıqlandırılmasına imkan verəcəkdir", - deyə T.Əliyev bildirib.
Təvəkkül Əliyev vurğulayıb ki, cari ildə Qalatəpədə arxeoloji qazıntılarla yanaşı, Ağcabədi rayonunun Cəfərbəyli (Sümüklü təpə), Biləğan (Böyüktəpə), Taynaq (Salamat təpə, Su təpəsi, Canavar təpəsi) və b. kəndləri ərazisindəki abidələr haqqında da məlumat toplanıb. Rayonun bir neçə kəndinin ərazisində daha çox abidənin olması diqqəti cəlb edib. Hindarx kəndində 10-dan artıq qədim yaşayış yeri və əzəmətli görünüşə malik kurqanlar var. Onların çoxu Tunc və Erkən Dəmir dövrünə aiddir. Poladlı, Taynaq, Boyat, Salmanbəyli kəndlərinin ərazisində də abidələrin sıx şəkildə cəmləşməsi müşahidə olunur.



© AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu. Bütün hüquqlar qorunur.