Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



XAÇMAZDA ERKƏN TUNC DÖVRÜNƏ AİD MADDİ MƏDƏNİYYƏT NÜMUNƏLƏRİ AŞKARLANIB

  30.08.2021

Xaçmaz rayonun Həsənqala kəndi ərazisində İlk tunc dövrü və Orta əsrlərə aid yaşayış məskənində arxeoloji qazıntılar aparılır.
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, Xaçmaz arxeoloji ekspedisiyasının rəhbəri Döyüş Musayev AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində bildirib ki, Həsənqala kəndindəki qədim yaşayış məskəni ilk dəfə 1977-ci ildə aşkarlanıb.
“Burada 2018-ci ildən arxeoloji qazıntılara başlanılıb. Qazıntılar nəticəsində məlum olub ki, yaşayış məskənində üst təbəqə IX-XIII əsrlərə aiddir. Ondan sonrakı təbəqədə antik dövrə aid maddi mədəniyyət nümunələri aşkarlanıb. Hazırda aparılan qazıntı işləri isə Erkən tunc dövrü, Kür-Araz mədəniyyətinə aid təbəqəni üzə çıxarıb. Buradakı tapıntılar Şimali Qafqaz və Cənubi Azərbaycan ərazisindəki mədəniyyət abidələri ilə əlaqəlidir. Qazıntılar zamanı əsasən saxsı qabların fraqmentləri, dən daşları, balta, və ocaq yeri aşkarlanıb. Bundan başqa burada dairəvi evlərin tikilməsi zamanı istifadə olunan dirəklər tapılıb”, - deyə Döyüş Musayev qeyd edib.
Qazıntılar zamanı yaşı min ildən çox olan Şirvanşahlar dövlətinə məxsus sikkələr aşkarlanıb. Tapılan maddi mədəniyyət nümunələrinin bir qismi saxlanılması üçün Xaçmaz Rayon Tarix-Diyarşünaslıq Muzeyinə təhvil verilib.




© AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu. Bütün hüquqlar qorunur.