Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



AĞSTAFADA NEOLİT DÖVRÜ ABİDƏSİNDƏ TƏDQİQATLAR

  06.09.2021

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktor müavini, tarix elmləri doktoru professor Nəcəf Müseyiblinin rəhbərlik etdiyi ekspedisiya Ağstafa rayonu ərazisindəki Neolit dövrünə (e.ə. VI minillik) aid Çağrıtəpə yaşayış yerində keçən il başlanmış geniş miqyaslı arxeoloji qazıntı işlərini bu yay mövsümündə davam etdirmişdir. Hələ 2013-cü ildə bu ekspedisiyanın abidədə apardığı ilk qazıntı işləri ilə yaşayış yerinin Neolit dövrünə, Şomutəpə arxeoloji mədəniyyətinə aid olduğu müəyyən edilmişdir.
Son iki qazıntı mövsümündə Çağrıtəpədə 200 m2 sahədə qazıntı işləri aparılmışdır. Məlum olmuşdur ki, burada Neolit dövrü yaşayış yerinin üstündə, təpənin şərq tərəfində minilliklər sonra – Orta əsrlərdə (VIII-X əsrlərdə) yaşayış məskəni salınmışdır. Qazıntı zamanı həmin dövrə aid saxsı qab nümunələri, dən daşları, ocaq yerləri aşkar edilmişdir. Buna görə də üst qatlarda Neolit və Orta əsrlərə aid qalıqlar qarışıq aşkar edilir.
Çağrıtəpədə Neolit dövrünə aid çiy kərpic və möhrə ilə inşa edilmiş dairəvi-oval planlı tikili qalıqları, eyni zamanda təsərrüfat quyuları və ocaq yerləri aşkar edilmişdir. Kəsici alətlərin əksəriyyəti obsidiandan (vulkanik şüşədən) hazırlanıblar. Bunlar oraq dişləri, qaşov, iskənə, yonqar, kəsər tipli alətlərdir. Respublikamızda ən zəngin obsidian yataqları Kəlbəcər rayonu ərazisindədir. Çaxmaqdaşından da az sayda eyni tipli alətlər hazırlanmışdır. Daş alətlər dən daşları, sürtgəclər, həvəng-dəstə və s. tapıntılardır. Heyvan sümüklərindən düzəldilmiş deşici alətlər – bizlər aşkar edilmişdir.
Maraqlı tapıntılar sırasında alət hazırlanması üçün tədarük edilmiş obsidian lövhələrin və qəlpələrin dəfinələrini qeyd etmək olar. Qazıntı sahəsində bir neçə yerdə belə dəfinələr aşkar edilmişdir.
Çağrıtəpədə aparılmış qazıntılarla müəyyən edilmişdir ki, abidənin Neolit dövrü sakinləri, dairəvi-oval quruluşlu, biri-birinə yaxın, sıx tikilmiş evlərdə yaşamış, əkinçilik, maldarlıq və ev sənətkarlığı ilə məşğul olmuşlar.
Gələcək illərdə aparılacaq qazıntılar nəticəsində abidə haqqında yeni məlumatların əldə ediləcəyi gözlənilir.



© AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu. Bütün hüquqlar qorunur.