Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



ARXEOLOGİYA VƏ ETNOQRAFİYA İNSTİTUTUNUN ELMİ ŞURASININ İCLASI KEÇİRİLDİ

  17.09.2021

2021-ci il 15 sentyabr tarixində AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilmişdir. İclasda Elmi Şuranın 26 üzvündən 20 nəfəri iştirak edirdi.
İnstitutun direktoru, tarix elmləri doktoru, professor Maisə Rəhimova iclası açaraq qarşıdakı Şura üzvlərini iclasın gündəliyi ilə tanış etdi. Təqdim edilmiş iclasın gündəliyinə münasibət bildirmək təklif olundu. İclasın gündəliyinə təklif və dəyişiliklər barədə fikirlər olmadığından Elmi Şura iclasın gündəliyində olan məsələlərin müzakirəsinə keçdi.
Elmi Şuranın gündəliyinin birinci məsələsi — AMEA-nın mərhum müxbir üzvü, t.e.d., prof. Vəli Əliyevin 85 illik yubileyinin qeyd edilməsi barədə idi. Birinci məsələ üzrə çıxış edən professor M.Rəhimova mərhum prof. V.Əliyevin həyat yolundan, Azərbaycan arxeologiyasında xidmətlərindən söz açdı.
Daha sonra çıxış edən AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, t.e.d., professor Əsədulla Cəfərov mərhum prof. V.Əliyevin həyat yolu və yaradıcılığı barədə geniş məlumat verdi. Prof. Ə.Cəfərov çıxışında bildirdi ki, Vəli Əliyevin özü və valideynləri 1948-ci ildə 200 min azərbaycanlılar sırasında Zəngəzurdan deportasiya olunmuşdu. 1959-cu ildə AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunda elmi işçi kimi əmək fəaliyyətinə başlayan Vəli Əliyev 1990-cı ildən AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Tunc və ilk dəmir dövrü arxeologiyası şöbəsinin və həm də Azərbaycan Dövlət Pedaqoji Universitetində Ümumi tarix kafedrasının müdiri vəzifəsində çalışıb. Vəli Əliyev 1936-cı ildə Şəki rayonunun Daşbulaq kəndində anadan olmuşdur. 1959-cu ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmiş, 1966-cı ildə namizədlik, 1984-cü ildə doktorluq dissertasiyalarını müdafiə etmişdir. 1995-ci ildə professor elmi adını almış, 2003-cü ildə isə AMEA-nın müxbir üzvü seçilmişdir. Vəli Əliyevin 1960-1980-ci illərdə apardığı tədqiqatlar nəticəsində Naxçıvan Muxtar Respublikası ərazisində 500-dən artıq yeni tarixi abidə aşkar edilmişdir. Həmçinin, prof. H.Cəfərov mərhum V.Əliyevin insani keyfiyyətlərindən də söz açdı.
İnstitutun şöbə müdiri, t.ü.f.d. Qoşqar Qoşqarlı Şəmkir rayonunda ABŞ arxeoloqlarının iştirakı ilə aparılan tədqiqatlarda V.Əliyevlə birgə fəaliyyətləri barədə xatirələri ilə bölüşdü. Daha sonra söz almış İnstitutun şöbə müdiri, t.e.d., professor Hidayət Cəfərov çıxışında V.Əliyevin orta tunc dövrü, boyalı qablar mədəniyyəti və bu dövrün xronologiyasının dəqiqləşdirilməsi üzrə mühüm və böyük elmi xidmətləri barədə danışdı.
İnstitutun şöbə müdiri, t.ü.f.d. Bəhlul İbrahimli çıxışında qeyd etdi ki, 1974-1980-ci illərdə Vəli müəllimlə birgə ekspedisiyalarda iştirak edib. B.İbrahimli mərhum professorun elmi fəaliyyətində iki mühüm xüsusiyyəti qeyd etdi: birincisi, Naxçıvan ərazisindəki arxeoloji abidələrin qeydiyyata alınmasında V.Əliyevin xüsusi rolu olmuşdur. İkincisi, mərhum professor Azərbaycan arxeologiyası üçün yeni kadrların yetişdirilməsində önəmli fəaliyyət göstərmişdir. “Mərhumun insani keyfiyyətləri və xüsusilə müraciət edənlərə daim qayğı ilə yanaşması xüsusi vurğulanmalıdır” - deyə B.İbrahimli bildirdi.
Sonda Elmi Şura iştirakçıları AMEA-nın mərhum müxbir üzvü, t.e.d., prof. Vəli Əliyevin yubileyinə həsr edilmiş elmi konfransın keçirilməsinin gələcəkdə gerçəkləşməsinin vacibliyini qeyd etdilər və mərhumun ruhuna Allahdan rəhmət dilədilər.
Elmi Şuranın gündəliyinin ikinci məsələsi — İnstitutun əməkdaşları — t.e.d., prof. Hidayət Cəfərovun 75, t.e.d., prof. Qafar Cəbiyevin və t.ü.f.d. Qəhrəman Ağayevin 70 illik yubileyləri barədə idi. Mövzu üzrə çıxış edərək prof. Maisə Rəhimova bildirdi ki, ötən il AMEA-nın İctimai bölməsi 70 illik yubileyləri ilə əlaqədar t.e.d., prof. Qafar Cəbiyevi və t.ü.f.d. Qəhrəman Ağayevi fəxri fərmanla təltif etmişdi. Amma COVİD-19 pandemiyası ilə bağlı fəxri fərmanlar sahiblərinə təqdim edilməyib. Elmi Şuranın iclasında 70 illik yubileyləri ilə əlaqədar t.e.d., prof. Qafar Cəbiyevə və t.ü.f.d. Qəhrəman Ağayeviə AMEA İctimai bölməsinin fəxri fərmanları təqdim edildi. Həmçinin, prof. M.Rəhimova, bir neçə gün bundan əvvəl ad günü olmuş prof. Hidayət Cəfərovun 75 illik yubileyi ilə əlaqədar onun tezliklə fəxri fərmanla təltif ediləcəyini bildirdi. Elmi Şura iştirakçıları yubilyarları səmimi qəlbdən təbrik etdilər.
Elmi Şuranın gündəliyinin üçüncü məsələsi — AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Elmi Şurasının 2021-ci ilin ikinci yarısına dair təqribi iş planının müzakirəsi idi.
Mövzu üzrə çıxış edən prof. M.Rəhimova 2021-ci ilin ikinci yarısına dair təqribi iş planında şöbələrin göstərilən müddətdə fəaliyyətləri və ekspedisiyaların hesabatlarının müzakirəsi də olmasını qeyd etdi.
Professor Əsədulla Cəfərov söz alaraq təklif etdi ki, təqribi iş planına 5 aydan sonra Azərbaycan arxeologiyasında paleolit dövrü tədqiqatlarının əsasını qoymuş, Azıx mağarasını kəşf etmiş Məmmədəli Hüseynovun 100 illik yubileyi ilə əlaqədar tədbirlər planı tərtib edilsin. “Bu yubiley dövlət səviyyəsində qeyd edilməlidir və indidən tədbirlər üçün təşkilat komitəsi yaradılmalıdır” - deyə prof. Ə.Cəfərov bildirdi. Prof. Qafar Cəbiyev də təklif etdi ki, məsələ aidiyyatı dövlət orqanları qarşısında qaldırılmalıdır.
Elmi Şuranın gündəliyinin dördüncü məsələsi — hazır işlərin çap üçün müzakirəsi idi. Müzakirəyə çıxarılan birinci hazır iş t.ü.f.d., dosent İlhamə Məmmədovanın “Azərbaycanda çay mədəniyyəti və çayxanalar (tarixi-etnoqrafik tədqiqat)” adlı monoqrafiyası idi. İnstitutun Elmi katibi t.ü.f.d. Sevil Ağamalıyeva bildirdi ki, əsər “Tarixi etnoqrafiya” şöbəsində müzakirə edilib və iclasın protokolundan çıxarış var. Rəyçilər t.ü.f.d., prof. Tahir Əmiraslanov və t.ü.f.d., dosent T.Şiriyevdır. Təklif edildi ki, əsər “Azərbaycanda çay mədəniyyəti (tarixi-etnoqrafik tədqiqat)” kimi dəyişdirilsin. Digər təklif və iradlar olmadığından yekdil müsbət rəylə Elmi Şura tərəfindən elmi iş çapa məsləhət görüldü. Müzakirəyə çıxarılmış ikinci hazır elmi iş — t.ü.f.d., dosent Mehparə Əliyevanın “Azərbaycan xalq mahnıları etnoqrafik mənbə kimi (tarixi-etnoqrafik tədqiqat)” adlı monoqrafiyası idi. İnstitutun Elmi katibi t.ü.f.d. Sevil Ağamalıyeva bildirdi ki, əsər “Müasir dövr etnoqrafiyası” şöbəsində müzakirə edilib və iclasın protokoldan çıxarış var. Rəyçilər t.ü.f.d. Tahir Şahbazov və t.ü.f.d. Emil Kərimovdur. Əsərin elmi redaktoru t.e.d., prof. Qafar Cəbiyevdir. Təklif və iradlar olmadığından yekdil müsbət rəylə Elmi Şura tərəfindən elmi iş çapa məsləhət görüldü.
Müzakirəyə çıxarılmış üçüncü hazır elmi iş — t.ü.f.d., dosent Taleh Əliyevin “Şimal-qərbi Azərbaycanın ilk orta əsr müdafiə istehkamları və qalaları” adlı monoqrafiyası idi. İnstitutun Elmi katibi t.ü.f.d. Sevil Ağamalıyeva bildirdi ki, əsər “İlk orta əsrlər arxeologiyası” şöbəsində müzakirə edilib və iclasın protokoldan çıxarış var. Rəyçilər t.e.d., professor Arif Məmmədov və t.ü.f.d. Elmira Abbasovadır. Əsərin elmi redaktoru t.e.d., prof. Qafar Cəbiyevdir. Təqdim olunmuş əsər barədə müzakirələrdə qərara alındı ki, əsərin adına yenidən baxılsın. Yekdil müsbət rəylə Elmi Şura tərəfindən elmi iş çapa məsləhət görüldü.
Müzakirəyə çıxarılmış dördüncü hazır elmi iş — t.ü.f.d. Elnur İmanovun “Azərbaycanın tunc dövrü petroqriflərində zoomorf təsvirlər” adlı monoqrafiyası idi. İnstitutun Elmi katibi t.ü.f.d. Sevil Ağamalıyeva bildirdi ki, əsər “Etnoarxeologiya” şöbəsində müzakirə edilib və iclasın protokoldan çıxarış var. Rəyçilər t.e.d., professor H.Cəfərov və t.ü.f.d. Təvəkkül Əliyevdir. Əsərin elmi redaktoru t.e.d., prof. Nəcəf Müseyiblidir. Təklif və iradlar olmadığından yekdil müsbət rəylə Elmi Şura tərəfindən elmi iş çapa məsləhət görüldü.
Müzakirəyə çıxarılmış beşinci hazır elmi iş — Yaqub Məmmədovun “Cənubi Qafqazda neandertalların nəslinin kəsilməsi və Homo Sapiensin miqrasiyası” adlı elmi məqaləsi idi. İnstitutun Elmi katibi t.ü.f.d. Sevil Ağamalıyeva bildirdi ki, əsər “Elmi ekspozisiya” şöbəsində müzakirə edilib və iclasın protokoldan çıxarış var. Rəyçilər t.ü.f.d. Mənsur Mənsurov və t.ü.f.d. Azad Zeynalovdur. Təklif və iradlar olmadığından yekdil müsbət rəylə Elmi Şura tərəfindən məqalə çapa məsləhət görüldü.
Müzakirəyə çıxarılmış altıncı hazır elmi iş — t.e.d. Tarix Dostiyevin “Şəmkir şəhərinin Nizami dövrü şirli keramikasının səciyyəsinə dair” adlı elmi məqaləsi idi. İnstitutun Elmi katibi t.ü.f.d. Sevil Ağamalıyeva bildirdi ki, əsər “Orta əsr arxeologiyası” şöbəsində müzakirə edilib və iclasın protokoldan çıxarış var. Rəyçilər t.ü.f.d. Rəşid Bəşirov və t.ü.f.d. Namiq Hüseynovdur. Təklif və iradlar olmadığından yekdil müsbət rəylə Elmi Şura tərəfindən məqalə çapa məsləhət görüldü.
Müzakirəyə çıxarılmış yeddinci hazır elmi iş — t.ü.f.d. Gülanə Əliyevanın “Azərbaycan Albaniyasının Düzən Qarabağda antik dövr abidələri” adlı monoqrafiyası idi. İnstitutun Elmi katibi t.ü.f.d. Sevil Ağamalıyeva bildirdi ki, əsər “Çöl tədqiqatlasrı” bölməsində müzakirə edilib və iclasın protokoldan çıxarış var. Rəyçilər t.e.d., professor H.Cəfərov və t.ü.f.d., dosent E.İsgəndərovdur.
Əsərin adı ilə bağlı müzakirələrdə fikirlər haçalandı. Elmi Şura üzvlərinin bəziləri (F.Quliyev, E.Kərimov, C.Eminli, Q.Qoşqarlı) əsərin adında düzəliş edilərək “Qafqaz Albaniyası”, bəziləri isə, (Ə.Cəfərov, Z.Həsənov) “Azərbaycan Albaniyası” terminin işlədilməsini təklif etdilər. Əksər fikirə görə, monoqrafiyanın adında “Qafqaz Albaniyası” termininin işlədilməsi məqbul sayıldı. Yekdil müsbət rəylə Elmi Şura tərəfindən elmi iş çapa məsləhət görüldü.
Müzakirəyə çıxarılmış səkkizinci hazır elmi iş — elmi işçi İsmayıl Umudlu və t.ü.f.d., dosent Bəhmən Əliyevin “Şahnigar xanım Rəncur” adlı monoqrafiyası idi. İnstitutun Elmi katibi t.ü.f.d. Sevil Ağamalıyeva bildirdi ki, əsər “Tarixi etnoqrafiya” şöbəsində müzakirə edilib və iclasın protokoldan çıxarış var. Rəyçilər t.ü.f.d., dosent Azad Əliyev və t.ü.f.d. Təranə Quluzadədir. Əsərin elmi redaktoru t.e.d., prof. Şirin Bünyadovadır. Təklif və iradlar olmadığından yekdil müsbət rəylə Elmi Şura tərəfindən elmi iş çapa məsləhət görüldü.
Müzakirəyə çıxarılmış doqquzuncu hazır elmi iş — t.ü.f.d., prof. Tahir Əmiraslanovun rus dilində “Voprosı o dolme i vse toçki nad i” adlı monoqrafiyası idi. İnstitutun Elmi katibi t.ü.f.d. Sevil Ağamalıyeva bildirdi ki, əsər şöbədə müzakirə edilib və iclasın protokoldan çıxarış var. Rəyçilər t.ü.f.d., dosent Pirağa İsmayılovun, t.ü.f.d., dosent Əsəd Nuriyevdir. Həmçinin, əsərə xaricdən çoxsaylı rəylər vardır. Təklif (F.Quliyev) olundu ki, monoqrafiyanın adı elmi iş adına uyğun olsun. Digər təklif və iradlar olmadığından yekdil müsbət rəylə Elmi Şura tərəfindən elmi iş çapa məsləhət görüldü.
Elmi Şuranın gündəliyinin beşinci məsələsi — Doktorant Səmayə Məmmədovanın dissertasiya mövzusunun adının qismən dəyişilməsi barədə idi. Dissertasiya mövzusunun əvvəlki “XX əsrin ilk rübündə Azərbaycan qadınlarının təsərrüfat həyatında rolu” adı “Azərbaycanlıların ənənəvi mədəniyyətində gülçülük” adı ilə dəyişdirilməsi təklif olunmuşdu. Mövzu barədə müzakirələrdə professor M.Rəhimova bildirdi ki, ad qismən deyil, təmamilə dəyişilmişdir. Bu isə, əsərin ilk əsas mövzusu ilə düz gəlmir. Yekdil rəylə Elmi Şura tərəfindən dissertasiya mövzusunun adına yenidən baxılması üçün əsər şöbəyə təkrar müzakirəyə göndərilməsi barədə qərar verildi.
Daha sonra Elmi Şura cari məsələləri müzakirə etdi.



© AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu. Bütün hüquqlar qorunur.