Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



AMEA ARXEOLOGİYA VƏ ETNOQRAFİYA İNSTİTUTUNUN GƏNC ALİMLƏRİ TÜRKİYƏDƏ OLUZ-HÖYÜK ABİDƏSİNDƏ ARXEOLOJİ QAZINTILARDA İŞTİRAK EDİBLƏR

  22.09.2021

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun “Antik dövr arxeologiyası” şöbəsinin elmi əməkdaşları Cavid Bayramov, Nərmin Məmmədli və Nərmin Bayramova avqust və sentyabr aylarında Avropa Komissiyasının “Horizon 2020” elmi mübadilə proqramının xətti ilə Türkiyə Cümhuriyyətinə ezam olunmuşdular. Həmin müddət ərzində, sentyabr ayının 2-dən 6-a kimi adı çəkilən üç gənc alimimiz Amasyanın Gözlek kəndində yerləşən Oluz-Höyük abidəsində arxeoloji qazıntılarda iştirak etdilər.
Oluz-Höyük qazıntılarına İstanbul Universitetinin Arxeoloji bölümündən prof. Şevket Dönmez rəhbərlik edir. Abidədə 2007-ci ildən başlayaraq sistemli şəkildə arxeoloji qazıntılar aparılır. Abidənin mədəni qatlarını öyrənmək məqsədi ilə 2007-ci ildə stratiqrafik qazıntı aparılmış və nəticədə 9 mədəni təbəqə müəyyən olunmuşdur. Belə ki, abidə erkən tunc dövründən başlayaraq eramızın XI əsrlərinə qədər olan dövrü özündə cəmləşdirir. 2009-cu ildən 2-ci təbəqə olan Əhəməni dövrü mədəni təbəqəsində tədqiqat işləri aparılır. Bu mədəni təbəqədən Əhəməni dövrü saray qalıqları, su kanalı, dini ritualların keçirildiyi otaqlar üzə çıxarılmışdır. Saray, malikanə qalıqları şimal hissədə, dini bölgələr isə cənub tərəfdə yerləşir.
Prof. Şevket Dönmez gənc alimlərimizə abidənin ötən illərdəki qazıntılarından bəhs etmiş, qazıntı sistemləri barədə məlumat vermişdir. Daha sonra əməkdaşlarımız abidənin şimal hissəsində yerləşən Əhəməni dövrünə aid təsərrüfat tikilisinin (sarayın mətbəxi olduğu güman edilir) qazıntılarında iştirak etmiş, həmçinin orada bərpaçıdan memarlıq tikililərinin bərpa olunması barədə təlim almışlar.
Gənc tədqiqatçılarımız qazıntılarda olduqları müddətdə kameral işlərin aparıldığı “Oluz–Höyük emalatxanasında” da olmuşlar. Orada Türkiyədə aparılan müasir arxeoloji üsullarla tanış olmuş və kameral işlərin həyata keçirilməsində öz təcrübələrini nümayiş etdirdilər.
Qeyd edək ki, Prof. Şevket Dönmez və AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun “Antik dövr arxeologiyası” şöbəsinin müdiri, iskit problemi üzrə mütəxəssis t.ü.f.d. Zaur Həsənov uzun müddətdir ki, əməkdaşlıq edirlər. Prof. Şevket Dönmezin Türkiyədə aşkar olunmuş iskit tipli tapıntılarla bağlı bir sıra tədqiqatları var. Z.Həsənovun rəhbərliyi altında işləyən gənc tədqiqatçılarımız həmin tapıntıların sərgiləndiyi Amasya Arxeoloji muzeyində olmuş və hər iki arxeoloqdan da barəsində geniş məlumat aldıqları iskit tipli tapıntılarla yaxından tanış olublar. Adı çəkilən gənc alimlərimizin Türkiyədəki arxeoloji qazıntılarda iştirakı iki dövlətin dəmir dövrü arxeologiyasının birgə praktiki öyrənilməsində birinci addımıdır.




© AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu. Bütün hüquqlar qorunur.