Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



AMEA ARXEOLOGİYA VƏ ETNOQRAFİYA İNSTİTUTUNDA 44 GÜNLÜK VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDLƏRİ ANILDI

  23.09.2021

22 sentyabr tarixində AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunda 44 günlük Vətən müharibəsi şəhidlərimizin əbədi xatirəsinə həsr olunmuş Dəyirmi masa keçirildi. 27 sentyabr Anım Günü ərəfəsində keçirilən tədbiri İnstitutun direktoru, tarix elmləri doktoru, professor Maisə Rəhimova giriş sözü ilə açaraq tədbir iştirakçılarını salamladı. Professor Maisə Rəhimova çıxışında bunları bildirdi: “Bildiyiniz kimi erməni vandalları 30 ilə yaxın bir müddətdə Azərbaycanın tarixi torpağı olan Qarabağı işğal etmişdi. 2020-ci il sentyabrın 27-dən etibarən hörmətli Ali Baş Komandan, Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında Şanlı Ordumuz əks-hücuma keçərək 44 günün içində işğal altında olan torpaqlarımızı azad etdi. İşğal altında olan torpaqlarımızda bu 30 il içində ermənilər insanlığa sığmayan vəhşiliklər törətmiş, azərbaycanlılara məxsus şəhər və kəndləri, tarixi abidələri yer üzündən silmişlər. Azərbaycan xalqına məxsus abidələrin bir qismini talan etmiş, öz adlarına çıxmağa çalışmışlar. Hətta bildirim ki, bəzi abidələri, məsələn, Azıx mağarası kimi qədim insan yaşayış yerində Azərbaycan dövlətinin icazəsi olmadan bəzi əcnəbi arxeoloqlarla birlikdə qanunsuz qazıntılar aparmışlar. Bu ərazilər işğalçılardan təmizləndikdən sonra işğalçıların evlərinin birində çoxlu sayda qutular aşkar edildi. Məlum oldu ki, bu qutularda Azıx mağarasında aparılmış qanunsuz qazıntılardan əldə edilmiş materiallar var idi. Bizə bu barədə xəbər verdikdən sonra biz oraya əməkdaşımızı ezam etdik. Bu materiallar İnstitutumuza gətirilib Arxeoloji fonda yerləşdirildi. Hörmətli Ali Baş Komandan, Prezidentimiz İlham Əliyev 2020-ci il dekabrın 2-də sentyabrın 27-sini Anım günü kimi qeyd edilməsi barədə sərəncam imzaladı. Bu günki toplantının, Dəyirmi masanın da əsas mövzusu budur. Bizim əsas məruzəçimiz var - professor Əsədulla Cəfərov. Onun çıxışından öncə xahiş edərdim ki, 44 günlük şanlı Vətən müharibəsində həyatlarını qurban vermiş şəhidlərimizin ruhunu bir dəqiqəlik sükütla yad edək” - deyə professor Maisə Rəhimova bildirdi.
Tədbir iştirakçıları bir dəqiqəlik sükutla 44 günlük İkinci Qarabağ müharibəsində Vətən uğrunda canlarından keçmiş şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad etdilər. Daha sonra İnstitututn “Daş dövrü arxeologiyası” şöbəsinin müdiri, professor Əsədulla Cəfərov söz alaraq məruzə ilə çıxış etdi. Professor Əsədulla Cəfərov tədbir iştiakçılarını salamladıqdan sonra bildirdi:
“Mən çox sevinirəm ki, 33 ildən sonra AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktorunun otağında bu tədbirdə Qələbə bayramını qeyd etməyə hazırlaşırıq. Azərbaycan torpağında böyümüş, bu torpağın suyunu içmiş hər bir Vətən övladı başımıza gələn bəlaların tarixini yaxşı bilməlidir. XX əsrdən etibarən yeddinci dəfədir ki, erməni millətçiləri başımıza bu bəlanı gətirirlər. İlk dəfə 1905-1907-ci illərdə erməni millətçiləri o dövrdə çar Rusiyasında hakimiyyətdə onlara xidmət edənlərə, onları dəstəkləyənlərə arxalanaraq xalqımıza qarşı qanlı cinayətlər törətmişlər. Bu barədə görkəmli ziyalılarımızın, məsələn, Məmməd Səid Ordubadinin əsərlərində məlumat verilir. Ermənilərin törətdiyi cinayətləri təhlil edərək M.S.Ordubadi bunun əsas səbəblərindən biri kimi bizim əhalinin o dövrdə savdsızlığını və siyasətdən uzaq olduğunu göstərir. Hələ 1828-ci il martın 4-də rus çarı I Nikolayın fərmanı ilə ermənilər Osmanlı və Qacar imperiyalarından çar Rusiyasının işğal etdiyi Qarabağ və İrəvan xanlığına köçürüldülər. O dövrdə Qriboyedov, Veliçko kimi ziyalılar yazırdı ki, Azərbaycan xalqı köçürülmüş erməniləri duz-çörəklə qarşılayırdı. Lakin ermənilərin xainliyi istər o zaman, istərsə də indi özünü göstərməkdədir. Unutmayaq ki, şanlı Qələbədən sonra işğalçı erməni əhalisinin Kəlbəcərdən getməsi üçün daha on gün vaxt verildi. Ermənilər isə, nə etdilər? Tərk etdikləri Azərbaycan torpaqlarını, yaşadıqları azərbaycanlıların evlərini, meşələri yandırmağa başladılar. Budur onların xisləti!” - deyə professor Ə.Cəfərov bildirdi.
Nitqini davam edərək professor Ə.Cəfərov bildirdi: - “2020-ci il sentyabrın 27-də hamı kimi mənə də məlum oldu ki, erməni işğalçıları yeni hücuma başlayıblar. Ali Baş Komandan, Prezidentimiz İlham Əliyevin əmri ilə şanlı Azərbaycan Ordusu əks hücuma keçdi. Bu 44 günlük müharibədə Azərbaycan əsgəri indiyədək görünməyən şücaət göstərdi, Ordu və xalq bir canlı orqanizm kimi birlik nümayiş etdirdi. Həmin o 44 günün hər biri həyacan və eyni zaman da qürur ilə dolu idi. Ali Baş Komandan, Prezidentimiz İlham Əliyevin dünya mediasına verdiyi cavabları, azad edilmiş kənd və şəhərlərimizin elanını səbrsizliklə gözləyir və bundan zövq alırdıq. Bizə böyük dəstək vermiş qardaş Türkiyəyə və onun prezidenti Rəcəb Tayyib Ərdoğana və ümumiyyətlə, millətindən və dinindən asılı olmayaraq bizə dəstək vermiş hər bir insana minnətdarıq. 2021-ci il martın 17-də ziyalılardan və jurnalistlərdən ibarət 80 nəfərlik böyük bir qrupun içində “Jurnalistlər Prezidentin izi ilə” layihəsi çərçivəsində Azıxı, Füzulini, Tuğu, Tağları, Qarakollunu və d. erməni işğalından azad olmuş torpaqlarımızı, abidələrimiz 19 saat ərzində ziyarət etdik. Mən Qarabağda erməni vandallarının bəd əməllərini gördüm, Azıx düşərgəsinin gözüyaşlı gördüm, xarabazarlığa çevrilmiş məbədlər, məscidlər, qəbirlərimizn talanını, dağıdılmasını gördüm. Amma bununla yanaşı Zəfər yolunu, başı buludlara dəyən hüdürlüklərdə üç rəngli bayrağımızın dalğalandığını gördüm. Allah bir daha bizim başımıza belə müsibətlər gətirməsin! Bu Qələbəmiz üçün şəhidlərimizə və qazilərimizə borcluyuq! Şükür edirik ki, biz bu günü gördük! Mən əminəm ki, çox yaxın zamanda bayrağımız Xankəndində də dalğalanacaq! Allah şəhidlərimizə rəhmət eləsin və qazilərimizə şəfa və ömür versin!” - deyə professor Ə.Cəfərov çıxışını yekunlaşdırdı.
Daha sonra İnstitutun “Arxeoloji irsin tarixi və nəzəriyyəsi” şöbəsinin müdiri, t.ü.f.d. Bəhlul İbrahimli söz alaraq çıxış etdi. Öz çıxışında B.İbrahimli bildirdi ki, 44 günlük müharibədən sonra hələ indi də dünyanın tanınmış hərbi məktəbləri, strateqləri bu müharibədə Azərbaycan Ordusunun göstərdiyi məharəti və Qələbəmizin səbəblərini öyrənirlər. “İlk növbədə onu deyim ki, indiyədək dünyada heç bir zaman, heç bir yerdə Azərbaycan əsgəri kimi ölüm qarşısına, döyüş meydanına belə ruh yüksəkliyi və sevinclə getdiyi görünməmişdi. İkincisi, Rusiyanın ermənilərə verdiyi nəhəng həcmdə silah-sursat bir tərəfdən ermənilərin kim tərəfdən dəstəklənməsini göstərirdi, ikinci tərəfdən, Rusiyanın ermənilərin qələbəsinə inamını nümayiş etdirirdi. Amma onların arzuları ürəyində qaldı. Azərbaycan tərəfi ilk olaraq ermənilərin qurduğu mürəkkəb hərbi istehkamları keçə bildi. İkincisi, Azərbaycan müasir hərbi taktika tətbiq edib, köhnəlmiş təyyarələri PUA-lara çevirərək düşmənin havadan müdafiə qüvvələrinin yerini müəyyənləşdirdi, “Bayraktar” və “Harop”larla onları məhv etdi, yəni Qarabağın səması bütünlüklə Ordumuzun nəzarətinə keçdi. Nəhayət üçüncü gerçəklik bu idi ki, Azərbaycan əsgərinin misilsiz igidliyi və şücaətinə rəğmən erməni işğalçı ordusunda təslimçi ruh və fərrarilik baş alıb gedirdi. Bu müharibə bizə dostlarımızın və düşmənlərmizin kim olduğunu bir daha aydın göstərdi. İlk növbədə mən qardaş Türkiyəni, həmçinin Pakistanı və bizlə strateji münasibətdə olan bir sıra digər dövlətləri qeyd etmək istərdim. Bu müharibəyə hər iki tərəf hazırlaşırdı. Baxmayaraq ki, Ermənistanı Rusiya, İran, ABŞ, Fransa kimi dövlətlər dəstəkləyirdi, Azərbaycan Ordusunun məhz yüksək mənəvi ruhu, döyüşə hazırlıq səviyyəsi və texniki üstünlüyü Qələbəmizi təmin etdi. Allah şəhidlərimizə rəhmət eləsin!” - deyə t.ü.f.d. B.İbrahimli çıxışını bitirdi.
Daha sonra söz alan t.ü.f.d., etnoqraf Təranə Quluzadə çıxışında bildirdi ki, 27 sentyabr bütün azərbaycanlılar üçün Azərbaycan tarixinin ən şərəfli salnaməsinin ilk günü kimi tarixdə qalacaq. “30 il düşmən tapdağında qalan torpaqlarımızın geri alınması bizim əsgərlərimizin, şəhidlərimizin canı və qanı hesabına gerçəkləşdi. Şəhidlərimizn müqəddəs ruhları qarşısında baş əyirəm, Allahdan onların ruhlarına rəhmət diləyirəm. Onu da qeyd etmək istəyirəm ki, bizim İnstitutun əməkdaşlarının da qohumları arasında qazilər və şəhidlər oldu. Şəhidlər sırasında t.ü.f.d. Fərhad Quliyevin, t.ü.f.d. Xəqani Alməmmədovun, arxeoloq Təranə Babayevanın yaxın qohumları vardır. Həmçinin, bizim şöbəmizin əməkdaşı Gülnaz xanımın həyat yoldaşı, ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmiş, şəhid hərbi zabit Natiq Baxşəliyevin xatirəsini yad etməkdəyik. Allah şəhidlərimizə rəhmət eləsin! Xahiş edirəm ki, Gülnaz xanım şəhid həyat yoldaşı Natiq Baxşəliyev barədə bir neçə kəlmə desin”.
İnstitutun əməkdaşı, Şəhid zabit Natiq Baxşəliyevin həyat yoldaşı Nazilə xanım çıxış etdi. “Mənə ağır günlərdə mənəvi dəstək göstərmiş bütün İnstitut əməkdaşlarına təşəkkürümü bildirirəm. İkinci Qarabağ müharibəsində Ordumuzun sıralarında öz şanlı və son döyüş yolunu həyat yoldaşım leytenant Natiq Saleh oğlu Baxşəliyev Füzulinin azad olunması uğrunda döyüşlərdə başladı. Daha sonra Hadrutun azad olunması uğrunda döyüşlərdə iştirak etdi. Oktyabrın 20-də Ərgünəş dağı istiqamətində gedən döyüşlərdə şəhid olur...”.
Sonda İnstitutun direktoru professor Maisə Rəhimova bildirdi ki, torpaqlarımızın azadlığını qanları hesabına təmin etmiş şəhidlərimiz barədə danışmaq həm şərəflidir və həm də ağırdır. “Bir daha Allahdan şəhidlərimizin ruhuna rəhmət diləyirik!” - deyərək professor Maisə Rəhimova tədbiri yekunlaşdırdı.




© AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu. Bütün hüquqlar qorunur.