Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



ALBAN XRİSTİAN ABİDƏSİNDƏ SURİYA VƏ BİZANS MEMARLIQ MƏKTƏBİNƏ AİD İKİ, ARRAN MEMARLIQ ELEMENTLƏRİNƏ MALİK BİR TİKİLİ TƏDQİQATA CƏLB EDİLMİŞDİR

  24.09.2021

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun “Qafqaz Albaniyası xristian abidələrinin arxeoloji tədqiqi ekspedisiyasının” rəhbəri, “Antik dövr arxeologiyası” şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Natiq Əbülfət oğlu Alışovun rəhbərliyi ilə 2017-ci ildən başlayaraq Balakən rayonunun Tülü kəndi ərazisindəki Qafqaz Albaniyasına məxsus xristian abidəsində arxeoloji tədqiqat işləri davam etməkdədir.
Tədqiqatlarla müəyyən edilmişdir ki, üçnefli (nef – sütunlarla haşiyələnmiş kilsənin interyeri) kilsənin şərq divarının cənub-şərq və şimal-şərq divarları qismən sökülmüş, altar (mehrab) hissəni əhatə edən mərkəzi divar tamamilə dağılmışdır. Bir zallı kilsənin fəaliyyəti dövründə üst qatda aparılan inşaat və zamanla kilsə ətrafında davam edən dəfn prosesləri bu hissədə tam dağılmanı sürətləndirən amil olmuşdur.
Tədqiqatın nəticəsinə əsasən söyləmək olar ki, dini-memarlıq nümunəsində tarixin müxtəlif dövrlərini əhatə edən üç inşaat mərhələsi mövcud olmuşdur. Memarlıq nöqteyi-nəzərən üç zallı abidənin düzbucaq daxilində inşa olunan altarı xristianlığın Suriya, altarı xaricində olan bir zallı kilsə isə Bizans memarlıq məktəbinə aiddir.
Kompleksin memarlıq xüsusiyyətləri nəzərə alınmaqla üçnefli kilsə V-VI əsrlərə, birnefli kilsə IX-X əsrlərə və bir zallı kilsənin şimal və qərb girişində Arran memarlıq elementlərinə malik aynabəndlər (narteks) isə X-XII əsrlərə aid edilə bilər.
Son üç ildə birnefli və üçnefli kilsənin xarici və daxili divarları boyunca aparılan arxeoloji tədqiqatlar nəticəsində xristian dəfn ənənəsinə uyğun tam şəkildə 61 insan skeleti və təkrar dəfnlər zamanı pərakəndə halda 300-dən artıq sümük fraqmentləri tədqiq olunmuşdur. Buradan belə bir qənatə gəlmək olar ki, Tülü kilsəsinin ilkin mərhələsindən ərazidə kilsə qəbirstanlığı salınmışdır. Kilsə qəbirstanlığında tədqiq olnumuş dəfnlər sadə torpaq, daş qutu, üzəri plitələrlə bağlanan daş qutu və kirəcdən tökülmüş plitələrdə hazırlanan qəbir tiplərindən ibarət olmuşdur. Qəbirlərdə ölü ilə birlikdə qoyulmuş şüşə və metal qolbaqlar, muncuqlar və digər asma bəzəklər müxtəlifliyi ilə seçilir.
Qeyd edək ki, uzunluğu 16,30 m, eni 10,50 m olan üçnefli kilsənin tağvari örtüyünü saxlayan sütunlarının özülləri hələlik müəyyən edilməmişdir. Buna səbəb kilsənin növbəti inşaat mərhələsində üst qatda yerləşən birnefli alban xristian abidəsinin nisbətən kiçik ölçüdə inşaasıdır.
Tülü kənd sakini Elşad Dabaxovun şəxsi həyətyanı sahəsində aşkar olunan abidə təkcə kilsədən ibarət deyildir. Aparılan yerüstü müşahidələr və yoxlama işlərinə əsasən kilsə ətrafında divar qalıqları müəyyən edilmişdir. Gələcəkdə kilsə ətrafı divarlar və həyətyanı sahəsində yardımçı otaqların müəyyən edilməsi ilə kompleksin tədqiqi tam yekunlaşmış sayıla bilər.




© AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu. Bütün hüquqlar qorunur.