Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



ARXEOLOGİYA, ETNOQRAFİYA VƏ ANTROPOLOGİYA İNSTİTUTUNUN ELMİ ŞURASININ İCLASI KEÇİRİLDİ

  27.09.2021

2021-ci il 24 sentyabr tarixində AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilmişdir. İclasda Elmi Şuranın 26 üzvündən 15 nəfəri iştirak edirdi.
İnstitutun direktoru, tarix elmləri doktoru, professor Maisə Rəhimova iclası açaraq Şura üzvlərini iclasın gündəliyi ilə tanış etdi. Təqdim edilmiş iclasın gündəliyinə münasibət bildirmək təklif olundu. İclasın gündəliyinə təklif və dəyişiliklər olmadığından Elmi Şura iclasın gündəliyində olan məsələlərin müzakirəsinə keçdi.
Elmi Şuranın gündəliyinin birinci məsələsi — 2021-ci il doktorantura və dissertanturaya qəbulun nəticələri haqqında idi. Bu barədə çıxış etmək üçün professor M.Rəhimova sözü İnstitutun Elmi katibi t.ü.f.d. Sevil Ağamalıyevaya verdi. İnstitutun Elmi katibi t.ü.f.d. Sevil Ağamalıyeva bildirdi ki, fəlsəfə üzrə doktoranturaya bir nəfər — Beydullazadə Vüsalə Fazil qızı sənədlərini təqdim edib. Elmi rəhbər t.e.d. Tarix Dostiyevdir. Elmlər doktorluğu üzrə sənədlərini təqdim etmiş ikinci doktorant Əliyeva Gülanə İlqar qızı idi. Elmi rəhbəri İnstitutun Elmi işlər üzrə direktor müavini professor Nəcəf Müseyiblidir.
Daha sonra Elmi Şura fəlsəfə və elmlər doktorluğu üzrə mövzuların müzakirəsinə başladı. İclasda iştirak edən t.e.d. T.Dostiyev bildirdi ki, təklif olunan mövzular içərisindən onun rəhbəri olduğu “Orta əsrlər arxeologiyası” şöbəsində müzakirələrdən sonra fəlsəfə doktoruluğu üzrə doktorant Beydullazadə Vüsalə Fazil qızının tədqiq edəcəyi “Azərbaycanın orta əsr inşaat keramikası” mövzusu seçildi. Digər təklif və iradlar olmadığından fəlsəfə doktoruluğu üzrə doktorant Beydullazadə Vüsalə Fazil qızının mövzusu təsdiq edildi.
Elmlər doktorluğu üzrə doktorant Əliyeva Gülanə İlqar qızının “Xocalı-Gədəbəy mədəniyyəti: tipoloji müxtəliflik və mədəni identiklik problemləri (Azərbaycan abidələri əsasında)” mövzusu üzrə müzakirələrə başlanıldı. İnstitutun “Daş dövrü arxeologiyası” şöbəsinin müdiri, t.e.d., professor Əsədulla Cəfərov mövzunun adı ilə bağlı narahatlığını bildirdi. Professor Ə.Cəfərov mövzunun yeniliyinin nədən ibarət olmasının Elmi Şura üzvlərinə açıqlanmasını təklif etdi. Məsələ üzrə çıxış edən professor N.Müseyibli bildirdi ki, Xocalı-Gədəbəy mədəniyyəti üzrə bir çox abidələr tədqiq edilsə də, dövrə və coğrafi yerləşməsinə görə, yaşayış yerləri, maddi mədəniyyət nümunələri və qəbir abidələri üzrə mədəniyyətin tipoloji fərqləri var. Amma tipoloji fərqlərə baxmayaraq arxeoloji materiallar identikdir. Ona görə bütün bu maddi mədəniyyət nümunələrini bir arxeoloji mədəniyyətdə birləşdirilib. İndiyədək bütün bu tapıntılar qarşılıqlı müqayisəli təhlil ilə təsnif edilməyib. Bu tədqiqatlar zamanı Xocalı-Gədəbəy mədəniyyətinin arealları, Azərbaycan tarixində yeri müəyyən ediləcək. Mövzu üzrə çıxış edən professor Hidayət Cəfərov bildirdi ki, albanların etnogenezində və Alban dövlətinin yaranmasında Xocalı-Gədəbəy arxeoloji mədəniyyəti birinci yerdə durur. İlk dəfə bu məsələlərə Minkeviç-Mustafayeva öz tədqiqatında toxunmuşdu. Amma onun tədqiqatı 60-cı illər üçün məqbul idi. 60-cı illərdən bu günədək bu mədəniyyət üzrə külli miqdarda yeni materiallar toplanılıb. Elə indi mədəniyyətin nümunələri aşkar edilməkdədir. Digər tərəfdən bu geniş tədqiqat indi başlayır. İş prosesində mövzunun adına, planına dəyişiliklərin olacağı da istisna deyil. Digər təklif və iradlar olmadığından fəlsəfə doktoruluğu üzrə doktorant Əliyeva Gülanə İlqar qızının mövzusu təsdiq edildi.
Digər irad və təkliflər olmadığından Elmi Şura gündəliyinin ikinci məsələsinin müzakirəsinə keçdi.
Elmi Şuranın gündəliyinin ikinci məsələsi — hazır işlərin çap üçün müzakirəsi idi. Professor M.Rəhimova çapa təsdiq olunmaq üçün ilk əsəri təqdim etdi: professor Arif Məmmədovun “Qarabağ III-XVII əsrlərdə (tarixi-arxeoloji tədqiqat)” monoqrafiyası. “Əsərə iki müsbət elmi rəy vardır. Monoqrafiyanın elmi redaktoru professor Qafar Cəbiyevdir” - deyə professor M.Rəhimova bildirdi. Əsərə irad və təkliflər olmadığından monoqrafiya çapa məsləhət görüldü.
Çap üçün müzakirəyə çıxarılmış ikinci hazır elmi iş t.ü.f.d Leyla Rüstəmovanın “Azərbaycanın erkən əkinçi-maldar tayfalarının metal məmulatı (Gəncə-Qazax bölgəsinin materialları əsasında)” adlı monoqrafiyası oldu. Professor N.Müseyibli təklif etdi ki, əsərin adı elə “Gəncə-Qazax bölgəsinin erkən əkinçi-maldar tayfalarının metal məmulatı” olsa, daha məntiqə uyğundur. Professor H.Cəfərov isə, təklif etdi ki, monoqrafiya “Azərbaycanın Gəncə-Qazax bölgəsinin erkən əkinçi-maldar tayfalarının metal məmulatı” adlansın. Professor Ə.Cəfərov tədqiqatın adında “tayfalar” termininin işlədilməsinin nə qədər məqsədəuyğun olması barədə məsələni qaldırdı. Müzakirələrdə ümumi fikir irəli sürüldü ki, monoqrafiya “Gəncə-Qazax bölgəsinin erkən əkinçi-maldar əhalisinin metal məmulatı” adlansın. Əsərə daha irad və təkliflər olmadığından monoqrafiya çapa məsləhət görüldü.
Çap üçün müzakirəyə çıxarılan üçüncü elmi iş professor Qafar Cəbiyevin “Klassik poeziyadan praktiki arxeologiyaya” adlı elmi məqaləsi idi. Professor Q.Cəbiyev elmi məqalənin qısa məzmunu ilə iclas iştirakçılarını tanış etdi. Əsərə irad və təkliflər olmadığından məqalə çapa məsləhət görüldü.
Daha sonra Elmi Şura cari məsələləri müzakirə etdi.




© AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu. Bütün hüquqlar qorunur.