Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



AZƏRBAYCAN ARXEOLOQLARI GÖBƏKLİTƏPƏ MƏDƏNİYYƏTİ ABİDƏLƏRİNİN TƏDQİQİNDƏ İŞTİRAK EDƏCƏKLƏR

  30.09.2021

19-27 sentyabr tarixlərində Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Şanlıurfa şəhərində beynəlxalq təqdimat keçirilmişdir. Beynəlxalq təqdimat tədbirinin əsas məqsədi — Anadolunun qədim arxeoloji mədəniyyətləri sistemində önəmli yer tutan Göbəklitəpə arxeoloji abidələrinin əhəmiyyətini açıqlamaq və gələcək tədqiqatların beynəlxalq formatda aparılmasını nəzərdə tutan ümumi strategiyanın hazırlanması məqsədilə bir çox xarici ölkələrdən tanınmış arxeoloqları bir araya gətirmək idi.
Tədbir çərçivəsində UNESCO-nun Mədəni İrs siyahısında olan Göbəklitəpə qədim inanc məbədinə və ətraf ərazilərdə yeni aşkar olunmuş eyni mədəniyyətə aid digər abidələrə qədim dövr arxeologiyası üzrə 20-dən çox ekspertin ziyarəti təşkil edilmişdir.
Ümumən hələlik Şanlıurfada Göbəklitəpə mədəniyyətinə aid 12 arxeoloji abidə aşkar edilmişdir. Belə ki, qədim yaşayış yerlərində insanların mükəmməl formalaşmış inanc sistemini əks etdirən daşdan olan hündür T şəkilli bütlər tapılmışdır. Həmin bütlər üzərində qədim insanların dünya görünüşünü əks etdirən mistik təsvirlər həkk olunmuşdur. Anadoluda son illər arxeoloji qazıntı işlərinin genişləndirilməsi nəticəsində Erkən Neolit dövrünə aid aşkar edilən qədim yaşayış yerlərinin əksəriyyətində göstərilən bütlərin tapılması 12 min il bundan əvvəl Anadolunun qədim tayfalarında dini inanc sisteminin formalaşmasını göstərir. Mərkəzçilik xüsusiyyətlərini özündə birləşdirən Göbəklitəpə mədəniyyətinə aid arxeoloji abidələr əvvəlki illərdə elmi ədəbiyyatda populyar olan Mesopotamiya arxeoloji mədəniyyətlərini kölgədə qoymuşdur. Tədqiqatçıların fikrincə Göbəklitəpə abidələrinin elmi mahiyyəti 12 min il bundan əvvəl Mesopotamiya ərazisində deyil, Şərqi Anadolunun qədim arxeoloji mədəniyyətlərinin arealında ilk Neolit cəmiyyətlərinin yaranmasını göstərir.
23 Sentyabrda Şanlıurfanın Arxeologiya muzeyində təşkil olunmuş “Daş təpələr” mövzusunda simpoziumunda Türkiyə Respublikasının Mədəniyyət və Turizm Naziri Mehmet Nuri Ersoy arxeoloqlar qarşısında çıxış edərək, Göbəklitəpə mədəniyyəti abidələrinin arxeoloji tədqiqatlarına ölkəsinin xüsusi önəm verməsini vurğulayaraq, “əcdadlarımızın mirasının qorunmasına və təbliğ olunması işləri üçün xüsusi dövlət proqramının olduğunu” qeyd etmişdir. O, həmçinin Göbəklitəpə arxeoloji abidələrinin elmi tədqiqatlarına digər ölkələrdən olan mütəxəssisləri dəvət etdiyini bildirdi.
“Daş təpələr” dövlət tədbirində və simpoziumunda qədim dövrün arxeologiyası mövzusu üzrə çalışan müxtəlif ölkələrdən dəvət olunan tanınmış mütəxəssislər arasında Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun şöbə müdiri tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyev də yer almışdır. Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin təşkilatı dəstəyi ilə azərbaycanlı alim Türkiyənin Şanlıurfa, Mərdin, Diyarbəkir, Qaziyantəpə, Adana, Antep, Qəhrəmanmaraş və Konya şəhərlərində aparılan arxeoloji qazıntı işləri ilə tanış olmuşdur. Türkiyə arxeoloqları ilə 10 ildən çox birlikdə çalışan Fərhad Quliyev, gələn ildən etibarən Göbəklitəpə arxeoloji abidələrinin tədqiqat işlərində iştirak üçün Azərbaycan arxeoloqlarından ibarət ekspedisiyanın fəaliyyəti ilə bağlı Göbəkli mədəniyyəti arxeoloji abidələrinin tədqiqatlar üzrə ümumi rəhbəri professor Nəcmi Karul tərəfindən dəvət olunduğunu bildirmişdir. Hal-hazırda azərbaycanlı arxeoloqların Anadolunun möhtəşəm arxeoloji mədəniyyətinin öyrənilməsində iştirakın təmin olunması məqsədilə işgüzar danışıqlar aparılır.



© AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu. Bütün hüquqlar qorunur.