Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



CƏLİLABAD RAYONU ƏRAZİSİNDƏKİ XUDUTƏPƏ ABİDƏSİNDƏ ARXEOLOJİ QAZINTILAR APARILIB

  12.10.2021

AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent arxeoloq Anar Ağalarzadənin rəhbərliyi altında “Cəlilabad arxeoloji ekspedisiyası” Cəlilabad rayonunun Çəmənli kəndi ərazisindəki Xudutəpə çoxtəbəqəli yaşayış məskənində arxeoloji qazıntılar aparmışdır.
Sahəsi 7 hektara yaxın olan abidə Cəlilabad-Yardımlı şose yolunun 22-ci km-də, Çəmənli və Cəlayir kəndləri arasında, hündür təbii təpə üzərində yerləşir. Yerli tarixçi Rza Rzayevin məlumatı əsasında abidəyə ilk dəfə olaraq XX əsrin 90-cı illərində arxeoloq Fərman Mahmudov ilkin baxış keçirmiş və onu çoxtəbəqəli yaşayış məskəni kimi qeydə almışdır. Lakin bu günə qədər Xudutəpədə heç bir arxeoloji qazıntılar aparılmamışdır.
Son tədqiqatlar zamanı Xudutəpə abidəsinin şimal tərəfində aparılmış arxeoloji qazıntılar nəticəsində torpaq qəbirlər olduğu müəyyən edilmişdi. Qazıntılar zamanı 3 qəbir abidəsi aşkar edilmiş və bu qəbirlərdən maraqlı dəfn avadanlıqları üzə çıxmışdır. Aşkarlanmış saxsı qablar analoji olaraq “Muğan arxeoloji mədəniyyəti” və Cənubi Azərbaycanın bir sıra abidələrinin materialları ilə səsləşir. Qeyd etmək lazımdır ki, abidənin üzərindəki nekropol əsasən e.ə. VIII-VII əsrlərə aid sallama qəbirlər olub yaşayış yerinin üzərində salınmışdır. Bunu sübut edən tutarlı faktlar qəbirlərin qazıntısı zamanı alt qatlardan qarışaraq üzə çıxmış Orta əsrlər, Son Tunc-İlk Dəmir və İlk Tunc dövrü “Kür-Araz mədəniyyəti” saxsı qab nümunələridir. Lakin təpənin bu hissəsində yaşayış yerinin qatları zəif izlənilir və ehtimal ki, bu daimi yaşayış üçün az əlverişli hissə olmuşdur.
Təpənin cənub-qərb hissəsində, nisbətən ətəkdə 75 kv. metr sahədə aparılmış yoxlama qazıntıları nəticəsində isə qalın mədəni təbəqə üzə çıxmışdır. Belə ki, abidənin 40 sm qalınlığında üst qatı Orta Əsrlər dövrünə aid materiallarla müşayiət olunur. Daha alt qatlarda isə Son Tunc-İlk Dəmir və İlk Tunc dövrü təbəqələri bir-birini əvəz edir. Ən alt qatda isə Eneolit dövrünün artefaktları, Əliköməktəpə və Leylatəpə tipli saxsı qab nümunələri tapılmışdır. Qazıntılar nəticəsində Kür-Araz təbəqəsindən çiy kərpicdən dairəvi tikili qalıqları, təsərrüfat quyuları, ocaq yerləri də üzə çıxıb. Abidənin bu hissəsində materikə qədər 2 metr qalınlığında mədəni təbəqənin olduğu müəyyən edilməklə Xudutəpədə e.ə. VI minillikdən başlayaraq son orta əsrlərə kimi yaşayışın mövcud olması dəqiqləşdirilmişdir. A.Ağalarzadənin ehtimalına görə, abidənin mərkəzi hissəsində mədəni təbəqənin qalınlığı 4 metrə yaxın ola bilər.
Abidədə uzunmüddətli və fasiləsiz həyatın olmasını şərtləndirən əsas faktorlardan biri məhz təpənin ətrafından qədimlərdə çay yataqlarının keçməsi idi. Bol su ehtiyatlarının mövcudluğu burada yaşamış qədim sakinlərin təsərrüfat həyatı və məişəti üçün əlverişli olmuşdur.
Anar Ağalarzadənin bildirdiyinə görə, gələcəkdə yaşayış məskənində aparılacaq geniş miqyaslı kompleks arxeoloji tədqiqatlar daha maraqlı elmi faktların üzə çıxmasına imkan verəcəkdir.



© AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu. Bütün hüquqlar qorunur.