Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



YENİ BAŞ DİREKTOR PROFESSOR ABBAS QADİR OĞLU SEYİDOV KOLLEKTİVƏ TƏQDİM EDİLDİ

  05.11.2021

Noyabrın 4-də AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun yeni baş direktoru professor Abbas Seyidov Institutun kollektivinə təqdim edildi.
AMEA-nın vitse-prezidenti, İctimai Elmlər Bölməsinin Elmi şurasının sədri, akademik İsa Həbibbəyli tədbiri giriş sözü ilə açaraq bildirdi ki, noyabrın 2-də AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsinin onlayn Ümumi yığıncağında Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru vəzifəsinə seçkilər keçirilib.
Səsverməyə əsasən, tarix elmləri doktoru, professor Abbas Seyidov AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru seçilib və seçkinin nəticəsi ilə əlaqədar AMEA Rəyasət Heyəti qarşısında vəsatət qaldırılıb. 3 noyabr tarixində keçirilmiş AMEA Rəyasət Heyətinin iclasında vəsatət təsdiq edilib.
Daha sonra İ.Həbibbəyli yeni baş direktor professor Abbas Seyidovu kollektivə təqdim edərək ona fəaliyyətində uğurlar arzuladı.
Həmçinin, akademik İsa Həbibbəyli təqdimat iştirakçılarına bildirdi ki, AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsinin onlayn Ümumi yığıncağı AMEA-nın Albanşünaslıq Elmi Mərkəzinin Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun strukturuna daxil edilməsi haqqında qərar qəbul edərək təsdiq üçün AMEA Rəyasət Heyəti qarşısında vəsatət qaldırıb. Vəsatət 3 noyabr tarixində keçirilmiş AMEA Rəyasət Heyətinin iclasında təsdiq edilib.
İ.Həbibbəyli çıxışında bildirib ki, Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun strukturuna daxil edilmiş Albanşünaslıq Elmi Mərkəzinin rəhbəri tarix üzrə fəlsəfə doktoru, professor Qafar Cəfər oğlu Cəbiyevdir.
Daha sonra İ.Həbibbəyli İnstitutunun nəzdində fəaliyyət göstərəcək Albanşünaslıq Elmi Mərkəzinin rəhbəri Qafar Cəbiyevi kollektivə təqdim etdi.
Akademik İsa Həbibbəyli Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun qarşısında duran mühüm vəzifələrin yerinə yetirilməsində yeni baş direktor professor Abbas Seyidova və Albanşünaslıq Elmi Mərkəzinin rəhbəri professor Qafar Cəbiyevə bir daha uğurlar arzuladı. İclasda Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun şöbə müdirləri tarix elmləri doktoru, professor Hidayət Cəfərov, tarix elmləri doktoru, professor Əsədulla Cəfərov və tarix üzrə fəlsəfə doktoru Səfər Aşurov çıxış edərək İnstitutun yeni baş direktoru professor Abbas Seyidovu və Albanşünaslıq Elmi Mərkəzinin rəhbəri professor Qafar Cəbiyevi təbrik etdilər. Onlar İnstitutun qarşısında duran problemlərin həllində və mühüm vəzifələrin icrasında onlara uğurlar arzuladılar, effektiv elmi fəaliyyətin icrasında kollektivin birliyinin, qarşılıqlı əməkdaşlığın mühüm əhəmiyyətini qeyd etdilər.
Təqdimatın sonunda AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun yeni baş direktoru professor Abbas Seyidov çıxış edərək tədbir iştirakçılarına təşəkkürünü bildirdi. Professor Abbas Seyidov Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusunun işğalçılar üzərində 44 günlük tarixi qələbəsindən sonra Azərbaycan alimləri qarşısında duran mühüm vəzifələrin icrası istiqamətində İnstitut kollektivinin gerçəkləşdirəcəyi elmi tədqiqatların istiqamətlərindən söz açdı.




© AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu. Bütün hüquqlar qorunur.