Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



YENİ AZƏRBAYCAN PARTİYASININ ƏRAZİ TƏŞKİLATININ HESABAT İCLASI KEÇİRİLDİ

  17.11.2021

Noyabrın 16-da Yeni Azərbaycan Partiyasının AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun ərazi təşkilatının illik hesabat iclası keçirilib. İclasda qonaq qismində YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev və təşkilatın baş məsləhətçisi Elnarə Mustafayeva iştirak ediblər.
İclas iştirakçılarını giriş sözü ilə salamlayan YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyevin təklifi ilə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda həyatlarını qurban vermiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Bəxtiyar Nəbiyev həm Zəfər Günü, həm də 21 noyabrda YAP-ın yaranmasının 29-cu ildönümü ilə əlaqədar iclas iştirakçılarını təbrik etdi. Daha sonra illik hesabat üçün söz YAP AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun ərazi partiya təşkilatının sədr müavini, institutun baş direktorunun ümumi işlər üzrə müavini Malik Əliyevə verildi.
Malik Əliyev məruzəsində Ümummilli liderimiz Heydər Əliyevin ideyaları, uzaqgörənliyi və qətiyyəti nəticəsində yaradılan Yeni Azərbaycan Partiyasının keçdiyi şanlı yoldan, Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Qəhrəman Ordumuzun 44 gün içərisində II Qarabağ müharibəsində yağı düşmən üzərində qazandığı qələbədə və milli birliyin təmin edilməsində YAP-ın rolundan söz açdı. Daha sonra məruzəçi bildirdi ki, sədr müavini olduğu YAP ərazi təşkilatı 2014-cü ilə qədər cəmi 7 nəfər üzvü var idisə, hal-hazırda partiya üzvlərinin sayı 57 nəfərdir. Malik Əliyev partiya üzvlərinin ictimai tədbirlərdə fəallığının yüksək olduğunu vurğuladı.
YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev seçkilərdə, həmçinin, müxtəlif ictimai-mədəni tədbirlərdə partiyanın ərazi təşkilatı üzvlərinin daim aktiv fəaliyyətinin şahidi olduğunu bildirdi. Yekdil rəylə YAP AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun ərazi təşkilatının sədr müavini Malik Əliyevin hesabat məruzəsi qənaətbəxş hesab edildi.
Daha sonra partiya sıralarına qəbul məsələsinə baxıldı. YAP-a üzv olmaq üçün ilk təşkilata ərizələri ilə müraciət edən namizədlər iclasa dəvət edildi. YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev namizədlərə tövsiyyələrini verərək və onları partiyaya qəbul edilmələri münasibətilə təbrik etdi.
İclasda çıxış üçün söz alan AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun şöbə müdiri, professor Əsədulla Cəfərov Qarabağın azad edilməsi ilə nəticələnən Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı müdrik siyasətin incəlikləri və YAP-ın xalqın bütövləşməsində təşkilatlandırıcı funksiyası haqqında danışdı.
Təşkilati məsələlər müzakirəyə çıxarıldı. Yekdil səslə YAP ərazi təşkilatının sədri vəzifəsinə AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru, professor Abbas Seyidov, sədr müavini vəzifəsinə isə, institutun baş direktorunun ümumi işlər üzrə müavini Malik Əliyev seçildilər. YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev professor Abbas Seyidovu partiya ərazi təşkilatının sədri, Malik Əliyevi isə, sədr müavini seçilmələri münasibətilə təbrik etdi.
YAP ərazi təşkilatının sədri, AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru, professor Abbas Seyidov söz alaraq tədbir iştirakçılarına ona göstərilən böyük etimada görə təşəkkürünü bildirdi. Çıxışında professor Abbas Seyidov Yeni Azərbaycan Partiyasının 29 il öncə yaranması, formalaşması prosesinin və Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanın müstəqilliyinin təşəkkül tapmasının şahidi kimi xatirələri ilə bölüşdü. “Ümummilli liderimiz Heydər Əliyev yolunun layiqli davamçısı Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədri olduğu partiyanın qərarlarının, tövsiyyə və tapşırıqlarının yerinə yetirilməsi hər bir partiya üzvünün borcudur” - deyə professor Abbas Seyidov vurğuladı.




© AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu. Bütün hüquqlar qorunur.