Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



“ŞAHNİGAR XANIM RƏNCUR” KİTABI ÇAPDAN ÇIXIB

  22.12.2021

Bu gün AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun “Tarixi etnoqrafiya” şöbəsinin əməkdaşları - elmi işçi İsmayıl Umudlu və aparıcı elmi işçi, t.ü.f.d., dosent Bəhmən Əliyevin həmmüəllif olduqları “Şahnigar xanım Rəncur” adlı kitab işıq üzü görüb.
Bir neçə il əvvəl AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Qazax-Ağstafa etnoqrafik ekspedisiyasının üzvləri Qazax rayonunun Ağköynək kəndində XIX əsr Azərbaycan şairəsi Şahnigar xanım Rəncurun məzarının yerini taparaq, məzar daşının üzərindəki epiqrafik yazıları və epitafiyaları oxuyublar. Şahnigar xanımın qəbri hündür təpənin üstündəki məqbərə kompleksinin daxilində yerləşir. Qəbrin üstündə “Bu məzar mərhum və bağışlanmış Rəncur təxəllüslü Şahnigar xanım Kazım ağa qızı Qiyasbəyovanındır” sözləri yazılıb. Məzar daşının üstündəki türk, ərəb fars dillərində qarışıq epitafiyada deyilir: “İlahi sən məni övliyalardan, ənbiyalardan ayırma. Sənin mərhəmətin ümman dəryasıdır. O dəryadan mənə bir qətrə versən bəsimdir”.
Qeyd edək ki, sovet dövründə baş verən qanlı hadisələr, repressiyalar, əlifba dəyişiklikləri nəticəsində nəsillər arasında əlaqələr qırıldığından, sonrakı nəsillərə şairənin qəbrinin harada olması məlum deyildi.
XIX yüzilin sufi şairəsi Şahnigar xanım Rəncurun (1848/49-1900/01) yaradıcılığına Firidun bəy Köçərli, Müfti Hüseyn əfəndi Qayıbzadə, Mirizadə Mustafa Fəxrəddin Ağabalı yüksək qiymət veriblər.Şahnigar xanım Rəncur çoxsaylı qəzəl, münacat, rübail, müxəmməs və müsəddəs, saqinamələr yazıb. Lakin onun əsərlərinin çox az hissəsi ədəbiyyat aləminə məlumdur.
Müəlliflər “Şahnigar xanım Rəncur” kitabında şairənin əsərlərinin bəzilərini yenidən toplayıb dəqiqləşdirib, onun yaxınlarına məxsus qəbir daşlarının üzərindən Şahnigar xanımın qələmindən çıxmış epitafiyalar, “maddeyi-tarix”lərini oxuyaraq, oxuculara təqdim ediblər.
Kitabda qeyd olunur ki, XIX əsrin ikinci yarısında Qazax mahalında ənənəvi və yeni üsullu məktəblərdən başqa evdə təhsilin yayılması qızların savadlanması baxımından mühüm əhəmiyyət daşıyıb.
Azərbaycan və Anadoluda nəqşibəndi təriqətinin öndəri olan Mirhəmzə Nigarinin tanınmış müridlərindən olan təsəvvüf şairi Şahnigar xanım Kazım ağa qızının yaşadığı dövrdə Qazax qəzasında mədəni mühit, XIX yüzilin ikinci yarısında Qazaxda qadın şairlərin həyat və yaradıcılığı kitabda əksini tapır. Kitabda ilk dəfə olaraq XIX əsrin ikinci yarısında Azərbaycanla Anadolu arasında etnomədəni əlaqələr araşdırılır və bu əlaqələrdə Şahnigar xanımın rolu təhlil edilir.
Yaradıcılığı etibarilə ürfan, ruhaniyyat, təriqət şairəsi olan, yüksək bədii istedada malik Şahnigar xanım şeirlərini “xəstə, narahat, dərdli, rəncidə” mənasını verən Rəncur (Rəncuri) təxəllüsləri ilə yazıb. Şairə doğma Azərbaycan dili ilə yanaşı fars və ərəb dillərini də dərindən bilib, klassik ədəbiyyatımızla, özəlliklə də Nəvai, Füzuli, Mövlana Təbrizi, Əbülqasım Nəbati, Molla Pənah Vaqif kimi klassiklərin yaradıcılığı ilə yaxından tanış olub. Kitabda şairənin yaradıcılığı müqayisəli şəkildə təhlil olunmaqla yaradıcılığının xüsusiyyətləri oxuculara çatdırılır.
Kitabda XIX əsrin ikinci yarısında yaşayıb-yaratmış Şahnigar xanım Rəncurun yaradıcılığı müstəvisində Azərbaycanın mədəni inkişafı, qadının vəziyyəti, etnomədəni proseslər barədə maraqlı yanaşmalar əksini tapır. Bu kitab XIX əsrin ikinci yarısında Azərbaycan əyalətində yaşamış şairənin həyat və yaradıcılığına yeni dövrün tələbləri çərçivəsində baxmağa imkan verəcəkdir. Azərbaycan ədəbiyyat tarixinin maraqlı səhifələrindən birinin bərpa olunması tarixi-etnoqrafik baxımdan mühüm əhəmiyyət daşıyır.
Kitab AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Elmi Şurasının qərarı ilə “AFPoliqraf” mətbəəsində çap olunub. Kitabın elmi redaktoru, t.e.d., professor Şirin Bünyadova, rəyçilər t.ü.f.d., dosent Əsəd Əliyev və t.ü.f.d. Təranə Quluzadədir.





© AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu. Bütün hüquqlar qorunur.