Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



QAFQAZ ALBANİYASINA AİD MÜHÜM ABİDƏ AŞKAR OLUNUB

  22.12.2021

Qafqaz Albaniyasına aid daha bir mühüm abidə aşkar olundu.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti “Avey” Dövlət tarix-mədəniyyət Qoruğunun Göyəzən filialı ərazisində kəşfiyyat xarakterli arxeoloji tədqiqatlar yekunlaşıb. Belə ki, AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun elmi əməkdaşı, tarix üzrə fəlsəfə doktoru, arxeoloq Pərviz Qasımovun rəhbərliyi ilə arxeoloji qazıntılar Qoruğun rəhbərliyinin təşəbbüsü ilə təşkil edilən ““Avey” Dövlət tarix-mədəniyyət Qoruğunun Göyəzən filialında elmi-arxeoloji qazıntılar və payız məktəbi” layihəsi çərçivəsində aparılıb.
Göyəzən dağının ərazisində arxeoloji tədqiqatlar əsasən iki istiqamətdə aparılmışdır. Birinci istiqamət Göyəzən dağında, yer səthindən təqribən 400 m hündürlükdə yerləşən, düzbucaqlı olmayan qaya parçalarından inşa edilən 7 bürclü eyni adlı qalanın tədqiqi olub. İkinci istiqamət, Göyəzən dağının şimal-qərb ətəyində aşkar edilən gətirilmə sal və qaya parçalarının olduğu ərazidə kəşfiyyat qazıntılarının aparılması ilə başa çatıb.
Göyəzən qalasında bürclərin diametri 6 m-di. Bürclərin mövcud hissələri təqribən 4 m hündürlükdədir. Qalanın ərazisi trapesiya şəkillidir. Cənub-şərqdəki giriş hissə iki bürc də daxil olmaqla 17 m, şimal-qərbdəki divarı (bürclər də daxil olmaqla) 41 m uzunluqdadır. Cənub-şərqdən, yəni giriş tərəfdən şimal-qərbə tərəf uzanan divarın uzunluğu, beş bürc də daxil olmaqla 111 m-dir. Bürclər arasında divarların uzunluğu 20-22.5 m arasında dəyişir. Qalanın dağa dayaqlandığı arxa hissəsinin uzunluğu 99 m-dir. Qalanın inşasının tarixini müəyyən etmək üçün giriş hissəsinin şimal bürcünün ətəyində 9 (3x3) kv.m sahəsi olan şurf qoyuldu. Qazıntılar zamanı müəyən edildi ki, qalanın bürclərinin ətrafları da qalanın tikintisində istifadə olunmuş səthi cilalanmamış qaya parçaları ilə doldurulub. Bu çeşidli üsul orta əsrlərdə bürc və divarların bərkidilməsi üçün istifadə olunurdu. Həmçinin, zamanla bürc və divarlardan qopan qaya parçaları da bərkidici daş kütləsini artırırdı. Şurfdan çıxarılan qaya parçaları arasında orta əsrlərə aid olan 200 ədəddən çox yerli şirli və şirsiz keramika fraqmentləri aşkar edildi.
Qazıntı zamanı tapılmış yanmış ağac qalıqları qalanın inşa dövrünün nisbətən daha dəqiq müəyyən edəcək radiokarbon analizləri üçün götürüldü. Qalanın ot və torpaq örtüyündən təmizlənməsinə, ərazisində daha geniş arxeoloji təqiqatların aparılmasına ciddi ehtiyac vardır.
Qeyd edək ki, qaladan daha 200 metr yüksəklikdə tam fərqli memarlıq üsulu ilə tikililər görünməkdədir. İlkin rəyə görə, cilalı daşlardan hörülmüş bu divarlar çox ehtimal ki, antik və ya erkən xristian dövrü sakral xarakterli ibadətgahlar və sığınacaqlar olmuşlar. Nəzərə alınmalıdır ki, bu tikililərə gedən cığırların təbii aşınması onlarda tədqiqatların aparılmasını çətinləşdirir. Göyəzən dağının şimal-qərb ətəyində arxeoloji tədqiqatlar üçün şərqdən qərbə tərəf ölçüləri 25 (5x5) kv.m olan üç kvadratdan ibarət qazıntı sahəsi yaradıldı. 1 saylı kvadratda nəzərə çarpacaq hər hansı bir tapıntı qeydə alınmadı. 2 saylı kvadratın şərq divarının ortasında başı şimal-qərb istiqamətində olmaqla cənub-şərqə tərəf beli üzərində uzadılmış skelet aşkarlandı. Sinəsində əlləri çarpaz qoyulmuş skelet istiqamətinə görə tabutsuz xristian adəti üzrə dəfn edilib.
3 saylı kvadratda aparılmış tədqiqatlar daha çox nəticələr verdi. Kvadrat ərazisində 12 torpaq qəbirdə insan dəfni aşkar edildi. 9 skeletdə əllərin sinə üzərində çiyinlərə doğru, çarpaz qoyulması, tabut əlamətlərinin olmaması, şimal-qərbdən cənub-qərbə beli üzərində istiqamətlənmə birbaşa Qafqaz Albaniyasının orta əsrlər dəfn ənənəsini təkrar etməkdədir. Daha bir skelet biri sol çiyni üzərində, lakin xristian adəti üzrə dəfn edilmişdir. Digər skeletin sağ əli çiyinə doğru, sol əli isə, ona paralel lakin sağ çanağa doğru istiqamətlənib. Oxşar analogiyalar Azərbaycan ərazisindəki xristian alban abidələrində (Qəbələ, Ağdamdakı Gavurqala, Mingəçevir və s.) aşkar edilib. Stratiqrafik baxımdan dəfnlər alban xristianlığının müxtəlif mərhələlərini əks etdirən orta əsrlərdə icra olunmuşdur. Xüsusilə, 3 saylı kvadratın cənub-şərq hissəsində digər qəbirlərdən 30-40 sm dərinlikdə daş qutu qəbirin aşkar edilməsi ərazidə ardıcıl olaraq yüzilliklər boyu Qafqaz albanlarının böyük bir xristian nekropolunun olmasını göstərir. Yaxşı cilalanmış daş qutu qəbirdə ilk orta əsrlərdə erkən alban xristianlığı üçün xas olan tərzdə dəfn (bel üzərində şimaldan qərbə istiqamətdə, lakin əllərin çarpaz qoyulmadan, böyürlər üstə uzadılması) qeydə alındı. Dəfnlərdən tunc, mis və dəmirdən az sayda sırğalar, üzüklər, düymələr aşkar edildi. Arxeoloq Pərviz Qasımovun bildirdiyinə görə, hal-hazırda Balakən rayonunun Tülü kəndində albanşünas arxeoloq, tarix üzrə fəlsəfə doktoru, dosent Natiq Alışov tərəfindən aşkar edilən alban xristianlarının çoxtəbəqəli nekropolunda da eyni dəfn adətləri izlənilir. Lakin Tülü kilsəsi ətrafında nekropoldan fərqli olaraq Göyəzən dağının şimal-qərb ətəyində aşkar edilən nekropolda dəfn edilən xristian albanlar zəngin elitar təbəqəyə aid deyildilər. Bu ərazidə uzun müddətli alban xristian nekropolunun olması bu yerlərin xristianlıqdan öncə də sakral bir məkan kimi qiymətləndirilməsini göstərir.
Arxeoloq Pərviz Qasımovun ilkin ehtimalına görə, bu ərazilərdə möhtəşəm alban xristian dini məbədi olub. “Daş qutuda dəfn isə, daha erkən alban xristian dövrünə aid dini liderə məxsus idi. Belə ki, torpaq dəfnlərdə yaşlı, gənc və üzəri daş və ağac parçası ilə örtülmüş yeniyetmə (uşaq) qalıqları izlənilir. Mümkündür ki, biz qədim Qazax ərazisində suriyalı missioner Davidin təbliğatı ilə xristianlığı qəbul etmiş türkdilli sabir/savir ellərində pravoslavlığın formalaşmasının mərhələlərini göstərən mühüm abidə ilə üzləşmişik. Natiq Alışova görə, islamın gəlişi ilə Qafqaz Albaniyasının xristian mərkəzi (yepiskopluğu) məhz öz yay iqamətgahı kimi müasir Qazax ərazisini seçir. Bu isə, erkən islam dövründə Qazax ərazisinin Qafqaz Albaniyasının dini-siyasi tarixində mühüm yerini göstərməkdədir”.
Abidənin 75 kv.m olan qazıntı sahəsinin GPS koordinatları götürülmüş, geodezik cihazlarla ölçmələr həyata keçirilmişdir. Soyuqların düşməsi və yağıntıların çoxalması ilə əlaqədar gələcəkdə arxeoloji qazıntıların genişləndirilməsi üçün abidənin konservasiyası aparıldı. Üzvü tapıntılardan radiokarbon tarixlənmə, izotop və arxeogenetik analizlər üçün nümunələr götürüldü.






© AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu. Bütün hüquqlar qorunur.