Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



BEŞBARMAQ DAĞINDA ARXEOLOJİ QAZINTILAR DAVAM EDİR

  22.12.2021

Azərbaycan Respublikası Prezidentinin “Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun yaradılması haqqında 08 iyun 2020-ci il tarixli Sərəncamından irəli gələn vəzifələrin icrası üçün t.ü.f.d, dosent Səfər Aşurov və e.i. Sevinc Hüseynovanın rəhbərliyi ilə AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun “Beşbarmaq” arxeoloji ekspedisiyası yaradılmışdır.
21 dekabr 2021-ci ildə AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru, t.e.d., professor Abbas Seyidov və İnstitutun “Arxeoloji abidələrin toplusu” sektorunun müdiri t.ü.f.d. Mikayıl Mustafayev arxeoloji qazıntı ilə yaxından tanış olmaq məqsədi ilə “Beşbarmaq” qalasında oldular.
2021 – ci ilin noyabr-dekabr aylarında Dövlət Turizm Agentliyinin maliyyə dəstəyi ilə qoruq ərazisindəki abidələrin geniş arxeoloji tədqiqi davam etdirilmişdir. Birinci terrasda 4 qala bürcü, qala divarlarının böyük bir hissəsi, 13 tikili qalığı, ikinci terrasda isə qala divarlarının qərb tərəfi, əlavə olaraq 1 qala bürcü və 4 tikili qalığı təmizlənmişdir.
1-ci terrasın cənubunda nisbətən salamat qalmış qala divarlarından fərqli olaraq məscid ətrafında tədqiq edilən qala divarlarında bucaqlar, künclər, rizolitlər yoxdur və yalnız yarımdairəvi bürc qala divarına nisbətən önə çıxır. Birinci bürcün ətrafından əldə edilən saxsı məmulatı içərisində üzərlərində kəmərşəkilli yapmaları olan parçalar diqqəti cəlb edir. Bu tip keramika erkən orta əsrlər dövrünə aid edilir. ( IV-VII )
4-cü evin şərq divarında iki taxça yeri, şimal divarda, giriş qapısının əks istiqamətində kürsü-buxarı yeri vardır. Evin geniş bir hissəsində qazıntılar davam etdirilərkən məlum oldu ki, o daha erkən tikilinin və təndirlərin üzərində qurulmuşdur. Üç ədəd təndir yeri, ikisi bir-birini kəsmiş halda, biri isə ayrıca qurulmişdur.
Bu sahədən əldə edilmiş ən maraqlı tapıntı isə təndirlər səviyyəsindən aşagıya doğru əldə olunmuş saxsı qab hissələri və dən daşı qalığıdır. Bu tapıntılar Erkən Tunc dövrünə, Kür-Araz mədəniyyətinin Azərbaycanın şimal-şərq bölgələrini də əhatə edən lokal variantına aiddir.
Cari ildə həyata keçirilən qazıntılar bir sıra maraqlı faktları üzə çıxardı. Ərazidə məskunlaşma hələ Erkən Tunc dövründə başlamışdır. Beşbarmaq qalasının dağın üzərindəki hər iki terrası əhatə etdiyi müəyyən edildi. Mənbələrdə deyildiyi kimi, heç də 4 yox, daha çox bürc olmuşdur.
Qala divarlarına bitişik evlər çox güman ki, qala öz əhəmiyyətini itirdikdən sonrakı tarixi mərhələyə aiddir. 1-ci terrasdakı evlər isə daha əvvəlki dövrlərə aid evlərin üzərində qurulmuşdur. Su tünglərinin, təsərrüfat küpləri hissələrinin və təndirlərin aşkar edilməsi təsdiq edir ki, qala hərtərəfli təmin olunmuş təsərrüfat və sənətkarlıq istiqamətlərinə malik olmuşdur. Yonulmuş daşların, kaşı parçalarının əldə edilməsi bir daha təsdiq edir ki, ərazidə inzibati və dini tikililər mövcud olmuşdur. Bu cür tikililər isə adətən şəhər xüsusiyyətlərinə malik yaşayış məskənlərində olur.
Qazıntı prosesi, əldə olunmuş arxeoloji tapıntılarla tanışlıqdan sonra professor Abbas Seyidov abidədə qazıntıların növbəti tədqiqat ilində davam etdirilməsinin zəruriliyini vurğuladı və abidənin təyinatı üzrə istifadəsi barədə tövsiyyələrini verdi.






© AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu. Bütün hüquqlar qorunur.