Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



“NİZAMİ GƏNCƏVİ DÖVRÜ MADDİ-MƏDƏNİYYƏTİNİN İŞIĞINDA” ADLI RESPUBLİKA ELMİ KONFRANSI KEÇİRİLDİ

  24.12.2021

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 05 yanvar 2021-ci il tarixli Sərəncamı ilə 2021-ci il “Nizami Gəncəvi ili” elan edilmişdir. Təsdiq edilən tədbirlər planına əsasən 23 dekabr 2021-ci il tarixdə AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş “Nizami Gəncəvi dövrü maddi-mədəniyyətinin işığında” adlı Elmi Konfrans keçirildi.
Konfransı giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli AMEA-da “Nizami Gəncəvi İli” çərçivəsində görülmüş işlər, əldə olunmuş nəticələr, eləcə də nizamişünaslıq ilinin inkişaf mərhələləri haqqında məlumat verdi. Məruzəçi qeyd etdi ki, Nizami Gəncəvi irsinin öyrənilməsinin ən yeni mərhələsi dövlət başçısı İlham Əliyevin adı ilə bağlıdır. Prezidentin Nizami Gəncəvinin 880 illiyinin keçirilməsi ilə bağlı Sərəncamından sonra dahi şairin ölkəmizdə və beynəlxalq miqyasda tanıdılması istiqamətində ciddi addımlar atılmışdır. Belə ki, həm ölkəmizdə, həm də bütün dünyada Nizami irsinin yenidən araşdırılması, öyrənilməsi və təbliği istiqamətində yeni hərəkata start verilmiş, fundamental tədqiqatlar aparılmışdır.
AMEA Humanitar və İctimai Elmlər Bölməsinin institutlarında Nizami Gəncəvi ilinə həsr olunmuş 45 kitab (14-ü xaricdə) çap olunmuş, 104 məqalə yazılmış (41-i xaricdə), həmçinin, 46 konfrans (onlardan 20-si respublika, 16-sı beynəlxalq) keçirilmişdir.
“Nizami Gəncəvi irsinin öyrənilməsinin yeni mərhələsi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır”, - deyən akademik İ.Həbibbəyli Ümumilli Lider Heydər Əliyevin 1979-cu ildə Nizami Gəncəvi irsinin tədqiqi və təbliğinə dair müvafiq qərarından sonra Azərbaycanda şairin yaradıcılığının bir neçə istiqamətdə öyrənilməsi ilə bağlı mühüm tədbirlərin həyata keçirildiyini vurğuladı, dövrün ictimai həyatından, böyük mütəfəkkirin tərcümeyi-halından söhbət açdı.
Söz alan Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru, professor Abbas Seyidov bildirdi ki, milli-mənəvi dəyərlərə hörmət, ölkə başçısının apardığı siyasətin mühüm tərkib hissələrindən biridir.
Sonra professor Abbas Seyidovun “Nizami dövrünün ictimai-siyasi mühiti”adlı məruzəsi dinlənildi. Məruzəçi Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş “Nizami Gəncəvi dövrü maddi-mədəniyyətinin işığında” adlı Elmi Konfransın olduqca vacib olduğunu və məruzələrin kitab şəklində çap olunacağını qeyd etdi.
Plenar iclasda çıxış edən institutun şöbə müdiri, professor Hidayət Cəfərovun “Nizami vətəni Gəncənin həmdövrü olan Əbdülməkarim Mücirəddinin yurdu Beyləqan şəhəri haqqında”, t.ü.f.d. Akif Quliyevin “Şirvanşahların son iqamətgahı Buğurt qalasında arxeoloji tədqiqatlar”, t.ü.f.d. Bəhlul İbrahimlinin “Xaraba Gilanın Nizami dövrü memorial abidələri” və t.e.d Güllü Məmmədlinin “Nizami Gəncəvinin əsərlərinin rus dilinə tərcüməsində erməni (ərmən) məsələsi” adlı məruzəsi dinlənildi.
Plenar iclasdan sonra çıxışlar seksiyalar üzrə davam etdirildi.






© AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu. Bütün hüquqlar qorunur.