Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



İNGİLTƏRƏNİN MƏŞHUR “ARCHAEOPRESS” ELMİ NƏŞRİYYATİ GÖYTƏPƏ ARXEOLOJİ ABİDƏSİNƏ HƏSR OLUNMUŞ MONOQRAFİYANI NƏŞR ETDİ

  04.02.2021

Dünya arxeologiyasının əhəmiyyətli abidələrinin ciddi akademik tədqiqatları haqqında elmi monoqrafiyaların nəşri üzrə ixtisaslaşmış İngiltərənin Oksford şəhərində yerləşən məşhur “Archaeopress” nəşriyyatı, Azərbaycanın 8 min il yaşı olan Göytəpə qədim yaşayış yeri (Azərbaycan, Tovuz rayonu) haqqında fundamental elmi monoqrafiyanı ingilis dilində nəşr etmişdir
(https://www.archaeopress.com/ArchaeopressShop/Public/displayProductDetail.asp?id={FBBABDBB-6FA6-4C82-B7B4-1CE9607015EF}).
Qərbin ən nüfuzlu elmi nəşriyyatlarından birinin öz vəsaiti hesabına son illərin tədqiqatları olan Göytəpə arxeoloji kompleksinə dair monoqrafiyanın nəşr etməsi ölkəmizin arxeologiya elmində ilk olan hadisədir.
“Göytəpə: Azərbaycanda, Orta Kür hövzəsində Neolit dövrünün tədqiqatları” (Göytepe: Neolithic Excavations in the Middle Kura Valley, Azerbaijan) adlı əsərin həmmüəllifləri AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun “Elmi ekspozisiya” şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, arxeoloq Fərhad Quliyev və Tokio Universitetinin (Yaponiya) tarixə qədərki arxeologiya üzrə professoru, həmin Universitetin Muzeyinin direktoru, doktor Yoşihiro Nişiakidir.
384 səhifədən, 285 şəkil və 37 tablodan ibarət monoqrafiya yerli neolit arxeoloji mədəniyyətinin lokal variasiyalarından biri olan və bizim eradan əvvəl VI minilliyə aid Göytəpə erkən kənd tipli yaşayış yerinin Azərbaycan və Yaponiya arxeoloqları tərəfindən müştərək tədqiqatlarının ilkin (2008-2013) nəticələrini əks etdirir. Monoqrafiyanın təqdimat mətnində də göstərilmişdir ki, Göytəpə - Cənubi Qafqazda neolit dövrünə aid zəngin yaşayış yerlərindən biridir. Müxtəlif elm sahələrinin arxeoloji tədqiqatlarda tətbiqi vasitəsilə abidənin radiokarbon tarixləri, neolit dövrünün memarlığı, erkən texnologiyalar, sosial təşkilatlanma, bitki və heyvanların istifadəsi kimi məsələlərə aydınlıq gətirilmişdir. Elmi əsərdə Azərbaycan ərazisində 8 min il bundan əvvəl özünün lokal xüsusiyyətləri ilə seçilən ilk əkinçi tayfaların zəngin həyat tərzinin əsas başlıca xüsusiyyətlərini və dünyanın müxtəlif laboratoriyalarının analizlərinin nəticələri əsasında Anadolunun qədim cəmiyyətləri ilə sıx əlaqələrini göstərən faktlar da yer almışdır.



© AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu. Bütün hüquqlar qorunur.