Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


YAPONİYANIN TOKİYO UNİVERSİTETİNDƏ AZƏRBAYCANIN ARXEOLOJİ MATERİALLARINDAN TƏŞKİL OLUNMUŞ “QAFQAZ NEOLİTİ” MÖVZUSUNDA SƏRGİ VƏ ELMİ SEMİNAR KEÇİRİLMİŞDİR
  13.05.2016
Something0
14 may 2016-cı il tarixində Yaponiyanın Tokio Universitetində AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Tovuz Ekspedisiyasının sərgisi təşkil edilib. Azərbaycanın Tovuz rayonunda aparılan arxeoloji qazıntıların nəticələri barədə Yaponiyanın Tokio Universitetində təşkil edilən “Qafqaz neoliti” adlı seminar və arxeoloji materiallardan ibarət sərgi yapon alimləri tərəfindən böyük maraqla qarşılanıb. Ölkəmizin tarixi keçmişinin təbliği məqsədilə bu ilin may ayından dekabr ayının sonunadək Tokiyo Universitetinin rəsmi müraciəti əsasında AMEA və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin xüsusi icazəsi ilə Göytəpə və Hacıəlləhmanlı qədim yaşayış yerindən aşkar olunmuş bəzi arxeoloji materialların Tokio Universitetinın Muzeyində müvəqqəti sərgilənməsinə razılığ verilmişdir. Tokio Universitetində sərginin hazırlanması və tərtibat işləri tədqiqatların müəllifi Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri tarix üzrə fəlsəfə doktoru, Fərhad Quliyevin və Tokiyo Universitetinin arxeologiya üzrə professoru Yoşihihiro Nişiyakinin rəhbərlikləri ilə icra edilmişdir. Tokio Universiteti il ərzində sərgilənən arxeoloji materialların təhlükəsizliyinə və geri qaytarılmasına görə məsuliyyəti öz üzərinə götürmüşdür.
Məlum olduğu kimi, Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu 2008-ci ildən Tovuz bölgəsində Yaponiyanın Tokio Universiteti ilə birlikdə arxeoloji araşdırmalar aparır. Tədqiqatlar neolit dövrü tayfalarının məskunlaşma proseslərini əhatə edib. Tədqiqatların nəticələrini yüksək qiymətləndirən Tokio Universitetinin professoru Yoşihiro Nişiaki bildirib ki, arxeoloji komplekslərdən tapılan maddi mədəniyyət nümunələrinin əsasında ən qədim dövrdə Azərbaycanda və regionda neolit dövrü mədəniyyətinin mənşəyi və yayılması ilə bağlı geniş məlumat əldə olunub. Cənubi Qafqazın neolitləşməsi problemi üzrə Azərbaycanda tədqiqatlar Azərbaycan Prezidenti yanında Elmin İnkşafı Fondunun, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun və Yaponiyanın Elmi Tədqiqatlara Yardım Cəmiyyətinin (Japan Society for the Promotion of Science // JSPS) birgə maliyyəsi hesabına aparılmışdır.
Seminarda Kür-Araz ovalığı boyunca yerləşən tayfaların yaratdığı mədəniyyətin Azərbaycanda, Qafqaz, həmçinin Orta Şərqdə geniş yayılması barədə məlumat verildi. Tədqiqatların gələcəkdə mühüm nəticələrin əldə edilməsinə töhfə verəcəyi bildirildi.
Sərgi və seminarın Tokio Universiteti Muzeyinin yaradılmasının 20 illik yubiley tədbirləri ilə eyni vaxta təsadüf etməsi həmin araşdırmalarla daha geniş elmi və ictimai auditoriyanın tanış olmasına şərait yaradıb. Sərginin təntənəli açılışında Yaponiya İmperatorunun böyük qızı şahzadə Mako və Tokiyonun elmi ictimaiyyəti iştirak etmişdir. Şahzadə Makoya Azərbaycanın arxeoloji materiallarının ekspozisiyası təqdim edilərək ətraflı məlumat verilmişdir. Yubiley tədbirində çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiyası İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyev muzeyin nəzdində yaradılmış yeni laboratoriyanın radiokarbon analizlərin aparılmasında mühüm rol oynayacağını bildirib.
Seminarda Naqoya Universitetinin professoru Seyci Kodavaki, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdirləri Fərhad Quliyev və Səfər Aşurov məruzələrlə çıxış ediblər. Həmçinin, Azərbaycan nümayəndə heyətinin tərkibində AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunda “Arxeologiyada informasiya texnologiyalarının tətbiqi” Sektorunun rəhbəri Fuad Hüseynov da iştirak edib.
Məruzələrdə müştərək beynəlxalq tədqiqatlar zamanı Göytəpə və Hacıələmxanlı arxeoloji komplekslərindən tapılmış maddi mədəniyyət nümunələrinın əsasında ən qədim dövrdə Azərbaycanda və ümumən regionda neolit dövrü mədəniyyətinin mənşəyi və yayılması ilə bağlı geniş məlumat verilib. Qeyd edilib ki, burada ən qədim erkən neolit kəndlərinin xronoloji çərçivəsinin təyin olunması ilə bağlı 50-dən çox radiokarbon analiz aparılıb və dünyanın nüfuzlu elmi jurnallarında məqalələr dərc olunub.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun
İctimaiyyətlə əlaqələrə məsul əməkdaşı
Pərviz Qasımov
(012) 510 96 74, 055 659 04 95
parviz.gasimov.pr@gmail.com