Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


ARXEOLOGİYA VƏ ETNOQRAFİYA İNSTİTUTUNUN EKSPOZİSİYA ŞÖBƏSİNDƏ PORTUQALİYALI ARXEOLOGİYA MUZEYLƏRİNİN DOSTLARI QRUPU ÜÇÜN TƏŞKİL EDİLMİŞ TƏDBİR KEÇİRİLMİŞDİR
  18.05.2016
Something0
Mayın 17-də Portuqaliyanın muzey işi üzrə bir qrup mütəxəssisi İçərişəhərdə, Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun ekspozisiya şöbəsində olub. 40 nəfərdən ibarət nümayəndə heyəti ölkəmizə Beynəlxalq Muzeylər Şurasının (ICOM) Azərbaycan Milli Komitəsinin xətti ilə gəliblər.
Nümayəndə heyətini Azərbaycan Milli Komitəsinin sədri, professor Röya Tağıyeva salamlayıb. “İçərişəhər” Tarix Muzeyi ilə birgə təşkil edilmiş tədbir çərçivəsində Portuqaliya nümayəndə heyətinin üzvləri AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun ekspozisiya şöbəsindəki arxeoloji artefaktlar sərgisi ilə tanış olublar.
Qonaqlar Arxeologiya və Etnoqrafiya İnstitutu əməkdaşları və “Azərbaycan Arxeoloqlar Cəmiyyəti” İctimai Birliyinin üzvləri – tarix üzrə fəlsəfə doktorları Akif Quliyev, Bəxtiyar Cəlilov, Xəqani Alməmmədov və İnstitutun ictimaiyyətlə əlaqələrə məsul əməkdaşı Pərviz Qasımovun birgə hazırladıqları vizual təqdimatını izləyiblər. Vizual təqdimatda portuqaliyalı qonaqlar Azərbaycan ərazisində aparılan arxeoloji tədqiqatlar, qədim məskənlər və aşkar edilən unikal artefaktlar barədə məlumatlandırılıblar.
Portuqaliya nümayəndə heyətinin başçısı, ICOM-un Avropa bölməsinin vitse-prezidenti, Lissabondakı Arxeologiya Muzeylərinin Dostları Qrupunun prezidenti Luis Raposo Portuqaliya Muzeyləri Şurasının fəaliyyətindən danışıb. L.Raposo azərbaycanlı həmkarlarını mayın 18-də qeyd edilən Beynəlxalq Muzeylər Günü münasibətilə təbrik edib. Portuqaliyalı qonaqlara 2013 – 2014 – cü illərdə Azərbaycanda aparılmış arxeoloji tədqiqatlar barədə elmi dərgilər hədiyyə edilmişdir.
Görüşdə Portuqaliyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Mariya Joao Lopes-Kardoso iştirak edib.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun
İctimaiyyətlə əlaqələrə məsul əməkdaşı
Pərviz Qasımov
(012) 510 96 74, 055 659 04 95
parviz.gasimov.pr@gmail.com