Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


AMEA ARXEOLOGİYA VƏ ETNOQRAFİYA İNSTİTUTUNDA ÇİN XALQ RESPUBLİKASI İCTİMAİ ELMLƏR AKADEMİYASININ BİR QRUP ƏMƏKDAŞI İLƏ GÖRÜŞ KEÇİRİLMİŞDİR
  27.05.2016
Something0
27 may tarixində AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunda Çin Xalq Respublikası Çin İctimai Elmlər Akademiyasının (ÇİEA) bir qrup əməkdaşı ilə görüş keçirildi. ÇİEA-nın vitse-prezidenti Tsay Fan, ÇİEA Beynəlxalq əməkdaşlıq İdarəsinin rəisi Van Ley, ÇİEA İqtisadiyyat İnstitutu direktoru Pey Çanxun, ÇİEA Rusiya, Şərqi Avropa və Mərkəzi Asiya İnstitutunun direktoru Li Yuntsyuan, ÇİEA Beynəlxalq əməkdaşlıq İdarəsinin Avropa və Mərkəzi Asiya şöbəsinin rəisi xanım Tsin Çje kimi mötəbər qonaqlardan ibarət Çin nümayəndə heyətini AMEA İctimai Elmlər bölməsinin akademik katibi, AMEA-nın müxbir üzvü Nərgiz Axundova və Fəlsəfə İnstitutunun əməkdaşı, fəlsəfə elmləri doktoru Müşviq Şükürov müşayət edirdilər.
Çinli qonaqlarla görüşdə Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix üzrə elmlər doktoru, professor Maisə Rəhimova, AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru İlyas Babayev, İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Nəcəf Müseyibli, İnstitutun elmi katibi, tarix üzrə fəlsəfə doktoru Sevil Ağamalıyeva, tarix üzrə fəlsəfə doktorları Təvəkkül Əliyev, Qoşqar Qoşqarlı, Səfər Aşurov, Abuzər Ələkbərov iştirak edirdilər.
Görüşü giriş sözü ilə açan Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix üzrə elmlər doktoru, professor Maisə Rəhimova bildirdi ki, qədim dövrün mədəniyyətlərini özündə birləşdirən Azərbaycanda arxeologiya elmi böyük nailiyyətlərə imza atmışdır. Ümummilli lider Heydər Əliyev və onun siyasətinin əvəzedilməz davamçısı prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində inkişaf etmiş Azərbaycan arxeologiyası artıq beynəlxalq səviyyədə ayrıca bir elmi məktəb kimi tanınmışdır. Bunun nəticəsində artıq 10 ilə yaxındır ki, ABŞ, Rusiya, Türkiyə, Yaponiya, Fransa, Almaniya və d. ölkələrin arxeoloji qrupları Azərbaycan arxeoloqları ilə sıx əməkdaşlıq etməkdədirlər. Biz əminik ki, bundan sonra Çin Xalq Respublikasının arxeoloqları ilə əməkdaşlıq etməyə başlayacağıq – deyə M. Rəhimova bildirdi.
İnstitutunun şöbə müdiri tarix üzrə fəlsəfə doktoru Qoşqar Qoşqarlı bildirdi ki, hələ 90-cı illərdə o, Azərbaycanı və Çini birləşdirən “Böyük İpək Yolu” beynəlxalq proqramında təmsil etmiş və proqram çərçivəsində qədim İpək Yolunun Azərbaycan üzrə tarixi marşrutu boyunca tədqiqatlar aparmışdır.
AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru İlyas Babayev son dövrlərdə Almaniya və Koreya arxeoloqları ilə birgə tədqiqatlar zamanı Azərbaycan ərazisinin müxtəlif bölgələrində e.ə. II əsrdən etibarən qədim Çində istehsal edilmiş müxtəlif çeşidli artefaktların tapıldığını bildirdi. “Çin və Azərbaycan arasında əlaqəlarin artıq iki min ilə yaxın yaşı vardır” – deyə İ. Babayev vurğuladı.
Görüş zamanı tərəflər elmi əməkdaşlıq əlaqələrini möhkəmləndirmək istiqamətində ilkin addımlar barədə fikir mübadiləsi apardılar. ÇİEA-nın vitse-prezidenti Tsay Fan Çində fəaliyyət göstərən Arxeologiya İnstitutu və onun beynəlxalq layhələri barədə məlumat verdi, hər il Şanxayda keçirilən Ümumdünya Arxeoloqlarının Konqresində Azərbaycan nümayəndələrini də görmək niyətində olduqlarını bildirdi. Qarşılıqlı olaraq Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, M. Rəhimova çinli mütəxəssisləri keçirilməsi planlaşdırılan Qarabağın maddi mədəniyyəti barədə Beynəlxalq elmi konfransa dəvət etdi. Mövzu üzrə AMEA İctimai Elmlər bölməsinin akademik katibi, AMEA-nın müxbir üzvü Nərgiz Axundova bildirdi ki, AMEA prezidenti ilə keçrilmiş görüşdə imzalanan əməkdaşlıq anlaşmasına əsasən hər il üç dəfə olmaqla müxtəlif sahələr üzrə Azərbaycan alimləri Çində qısa müddətli elmi səfərlərdə olacaqlar. Bu anlaşma isə, Çin ilə Azərbaycan arasında qarşılıqlı əməkdaşlıq üçün atılan təməl daşlarından biri kimi qiymətləndirilə bilər.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsi
(012) 510 96 74, 055 659 04 95
parviz.gasimov.pr@gmail.com