Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


AMEA ARXEOLOGİYA VƏ ETNOQRAFİYA İNSTİTUTUNDA REZİDENT TVİNNİNQ MÜŞAVİRİ ALESSANDRO BİANKİ İLƏ GÖRÜŞ KEÇİRİLMİŞDİR
  22.06.2016
Something0
İyunun 22-də AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunda Avropa İttifaqının “Mədəniyyət sektorunun siyasəti və idarə olunması sisteminin modernləşdirilməsində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə dəstək” Tvinninq Layihəsinin rezident tvinninq müşaviri Alessandro Bianki ilə görüş keçirilmişdir. A. Bianki bildirmişdir ki, ona həvalə edilmiş layihənin məqsədləri sırasına Azərbaycanda tarixi abidələrin qorunmasında dövlət orqanlarının fəaliyyəti, funksiyaları və qarşılıqlı əməkdaşlığı barədə informasiya, ortaya çıxan problemlərin çözülmə mexanizmi kimi məsələlər daxildir. Bu kontekstdə bütövlükdə AMEA-nın, xüsusilə də Arxeologiya və Etnoqrafiya İnstitutunun statusu və funksional rolu önəmli yer tutur. Mövzu üzrə rezident tvinninq müşaviri ilə fikir mübadiləsi aparıldı. Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix elmləri doktoru, professor Maisə Rəhimova tarixi abidələrin qeydiyyatı, tədqiqi və mühafizəsində rəhbəlik etdiyi institutun Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, digər dövlət orqanları, həmçinin, onların yerli strukturları ilə koordinasiya olunmuş halda əməkdaşlığından söz açmış və bu əməkdaşlığın Azərbaycan Respublikası qanunvericiliyinə əsaslandığını bildirmişdir. Çıxışında M. Rəhimova həmçinin, işğal altında olan Azərbaycan torpaqlarında işğalçılar tərəfindən tarixi abidələrin məqsədli surətdə talanı və məhv edilməsi kimi problemi xüsusi vurğuladı.
İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Nəcəf Müseyibli Tvinninq Layihəsi rezidentini tarixi abidələrin müəyyən edilməsi, tədqiqi və mühafizəsində Arxeologiya və Etnoqrafiya İnstitutunun hüquqi statusunu müəyyən edən hüquqi-normativ baza barədə məlumatlandırmışdır.
İnstitutun “Yeni tikinti sahələrinin arxeoloji tədqiqi” bölməsinin rəhbəri, tarix üzrə fəlsəfə doktoru Qoşqar Qoşqarlı konkret misallarla, toplanmış təcrübəyə istinadən tarixi abidələrin tədqiqi və mühafizəsi üzrə dövlət, ictimai və özəl təşkilatlarla əməkdaşlığın hüquqi-normativ aktlara əsaslanan prosedurları, qarşıya çıxan problemlərin həlli yolları və mexanizmləri barədə geniş məlumat verdi.
Aldığı ətraflı məlumatları yüksək qiymətləndirmiş A. Bianki bundan sonra da Avropa İttifaqının qeyd edilmiş layihəsi üzrə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu ilə əməkdaşlığı davam etdirəcəyinin vacibliyini vurğuladı. Qeyd edək ki, görüşdə AMEA-nın həqiqi üzvü, akademik Teymur Bünyadov, həmçinin, İnstitutun şöbə rəhbərləri və əməkdaşları iştirak etmişlər.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsi
(012) 510 96 74, 055 659 04 95
parviz.gasimov.pr@gmail.com