Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


ARXEOLOGİYA VƏ ETNOQRAFİYA İNSTİTUTUNDA GÖRKƏMLİ ARXEOLOQ VƏ ETNOQRAF ƏLƏSGƏR ƏLƏKBƏROVUN HƏYAT VƏ YARADICILIĞINA HƏSR EDİLMİŞ ƏSƏRİN TƏQDİMATI KEÇİRİLMİŞDİR
  24.06.2016
Something0
İyunun 24-də AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunda Azərbaycanın görkəmli arxeoloq və etnoqrafı Ələsgər Ələkbərovun anadan olmasının 125 illiyi münasibətilə çap olunmuş “Alimin həyatı, yaradıcılığı və taleyi” adlı kitabın təqdimatı keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli bildirdi ki, Ələsgər Ələkbərov XX əsrdə Azərbaycan arxeologiyası və etnoqrafiyasının əsaslarını qoymuş görkəmli insanlardan biri olmuşdu. Akademik İ. Həbibbəyli vurğulamışdır ki, bu baxımdan müəllifləri Tamilla Kərimova-Qocayeva, İlhamə Sadıqova və İdris Əliyevin olduğu “Alimin həyatı, yaradıcılığı və taleyi” adlı kitabın əhəmiyyəti olduqca böyükdür.
Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix elmləri doktoru, professor Maisə Rəhimova öz çıxışında Ələsgər Ələkbərovun həyatı barədə maraqlı avtobioqrafik məlumatları qeyd etmiş, görkəmli alim tərəfindən Azərbaycanda küp qəbirləri, qədim şəhər tarixi və d. tədqiqat mövzularının bünövrəsinin yaradıldığını, Azərbaycan arxeologiyasında və etnoqrafiyasında bir çox ilklərə imza atıldığını bildirmişdir. “O, qısa bir müddətdə öz tədqiqatları ilə Azərbaycan arxeologiyasına və etnoqrafiyasına dəyərli töhvələr vermiş, gələcək tədqiqatçılar nəsli üçün əvəzsiz və zəngin məlumat bazasını miras qoymuşdur.” - deyə .
Daha sonra təqdimat iştirakçıları tarix üzrə elmlər doktoru, professor Hidayət Cəfərovun “Ə.Ələkbərov və Xocalı tədqiqatları” adlı məruzəsini dinləmişlər. H. Cəfərov öz çıxışında göstərmişdir ki, Ələsgər Ələkbərov ensiklopedik bir biliyə sahib ziyalı olmuş, öz dövründə və müasirlikdə də dünyada tanınan İ.İ.Meşşaninov, T.S. Passek, B.A. Latının, B. Hroznı və d. bu kimi tarixçi, arxeoloq, paleolinqvist (qədim dillər üzrə mütəxəssis) alimlərlə birgə çalışmışdır.
Təqdimatda “Naxçıvan arxeoloji abidələrinin tədqiqində Ə.Ələkbərovun rolu” adlı məruzə ilə çıxış edən tarix üzrə fəlsəfə doktoru Bəhlul İbrahimli göstərmişdir ki, sovet hakimiyyəti dövründə Naxçıvanda ilk elmi arxeoloji ekspedisiya məhz Ə.Ələkbərovun adı ilə bağlı idi. Məruzəçi B. İbrahimli öz çıxışında Naxçıvanda arxeoloji tədqiqatlar zamanı Ə.Ələkbərovun üzləşdiyi çətinliklər, onun tətbiq etdiyi və dövrünü qabaqlayan tədqiqat metodları barədə söz açmışdır.
Təqdimatı keçirilən əsərin həmmüəlliflərindən biri, tarix üzrə fəlsəfə doktoru İdris Əliyevin “Ə.Ələsgərovun həyat və yaradıcılığı arxiv sənədlərində” adlı məruzəsi iştirakçılar tərəfindən maraqla qarşılandı. İ.Əliyev arxiv sənədlərinə əsaslanaraq Ə.Ələkbərovun 1918-1920-ci illərdə ADR-in hərbi qüvvələrində xidmət etdiyini, sovet hakimiyyəti dövründə dərin biliyə malik alim olmaqla yanaşı Vətənini və Xalqını sevən, tariximizin saxtalaşdırılmasına qarşı etirazını bildirməkdən çəkinməyən şərəfli bir vətənpərvər ziyalı olduğunu qeyd etdi.
Məruzələrin müzakirəsində çıxış etmiş Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix üzrə elmlər doktoru Səfər Aşurov, İnstitutun Həmkarlar təşkilatının sədri, şöbə müdiri, tarix elmləri namizədi Abuzər Ələkbərov, Tarix İnstitutunun direktor müavini, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhrəmov və d. tədqim edilən əsəri və müəlliflərin əməyini yüksək dəyərləndirmiş, bu günkü Azərbaycan elminin məhz Ələsgər Ələkbərov kimi insanların hesabına ərsəyə gəldiyini bildirmişlər.
Tədbirdə iştirak edən Ələsgər Ələkbərovun nəvəsi Nigar xanım Ələkbərova - Seyidzadə kitab müəlliflərinə, AMEA-nın, Arxeologiya və Enoqraiya İntitutunun rəhbərliyinə öz minnətdarlığını bildirmişdir.
Təqdimatda AMEA Arxeologiya və Etnoqrafiya İntitutunun, AMEA-nın digər institutlarının əməkdaşları, şöbə müdirləri, həmçinin, Azərbaycan-Almaniya Beynəlxalq Arxeoloji ekspedisiyasının həmrəhbəri, alman arxeoloqu, doktor Barbara Helviq də iştirak etmişlər.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsi
(012) 510 96 74, 055 659 04 95
parviz.gasimov.pr@gmail.com