Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


AZƏRBAYCAN-YAPONİYA BEYNƏLXALQ EKSPEDİSİYASININ DAMCILI MAĞARASINDA APARILMIŞ TƏDQİQATLARIN NƏTİCƏSİ...
  26.08.2016
Something0
Ötən 2015-ci ildə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Aveydağ qoruğu və Tokio Universiteti arasında imzalanan memaranduma əsasən, cari 2016-cı ildən etibarən Qazax rayonu Daşsalahlı kəndi ərazisində, Avey dağı ətəyindəki Damcılı mağarasında daş dövrünün müxtəlif mərhələlərinə aid layların tədqiqi planlaşdırılmışdı. Memorandumun müddəalarına uyğun olaraq cari ilin avqust ayının 8-dən 24-nə kimi göstərilən ərazidə Azərbaycan-Yaponiya birgə beynəlxalq ekspedisiyası tədqiqatlar apardı. Ekspedisiyanın tərkibində Tokio Universitetinin professoru, Daş Dövrü arxeologiyası departamentinin rəhbəri, doktor Yoşihiro Nişiakinin rəhbərliyi ilə yaponiyalı mütəxəssislər (topoqraf, paleobioloq, paleobotanik və digərləri) və AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları - tarix üzrə fəlsəfə doktorları Mənsur Mənsurov və Azad Zeynalov, həmçinin, Göytəpə neolit məskənində tədqiqatlar aparan Tovuz arxeoloji ekspedisiyasının üzvləri, İnstitutun elmi işçiləri - Şahin Səlimbəyov və Yaqub Məmmədov fəaliyyət göstərmişlər.
İlkin tədqiqatlar çərçivəsində qazılmış 12 kəşfiyyat şurfunun bir neçəsində mühüm nəticələr əldə olundu. Qazıntı nəticəsində şurflarda müəyyən edilmiş üst təbəqələrdən orta əsrlərə aid keramika nümunələri və ox ucluqları, alt təbəqələrdən erkən neolit dövrünə aid alətlər aşkar edildi. Neolit təbəqəsindən daha aşağıya doğru, təxminən 50 sm qalınlıqda olan lal təbəqənin altında, 3,5 metr dərinlikdəki təbəqədən Orta Paleolit dövrünə aid alətlər aşkar olundu. Təbəqələrdən əldə olunmuş fauna və kömür qalıqları mütləq tarixi yaşın müəyyən olunması üçün Tokio Unversitetinə göndəriləcəkdir. Tədqiqatların növbəti ildə davam etdirilməsi qərara alınıb.
Qeyd edək ki, hələ 1953-cü ildə respublikamızın ərazisində arxeoloqlar M. M. Hüseynov və S. N. Zamyatinin iştirakı ilə Mərəzə, Qazax və Ağstafada arxeoloji kəşfiyyat işləri aparılmış və bu araşdırmalrda Damcılı mağarası qeydə alınmışdır. Bununla da ölkəmizdə paleolit dövrünün öyrənilməsinin əsası qoyuldu. Qeyd etmək lazımdır ki, 8-i mağarada olmaqla, dövrümüzədək 30-dan artıq paleolit abidəsi aşkar olunmuşdur. 1956-1957-ci illərdə Damcılı mağarasında arxeoloji qazıntılar M. M. Hüseynovun rəhbərliyi ilə davam etdirilmiş, mədəni təbəqədən üst və orta paleolit, mezolit, neolit dövrlərinə aid 7 mindən artıq alət və tullantılar, eləcə də fauna qalıqları tapılmışdı. Amma o zaman aşkar edilmiş mədəni təbəqənin qarışıq olması dövrlərin keçid mərhələlərini və mütləq yaşını müəyyənləşdirməyə imkan verməmişdir.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsi
(012) 510 96 74, 055 659 04 95
parviz.gasimov.pr@gmail.com