Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


YAPONİYALI ARXEOLOQLARIN AZƏRBAYCANDA ELMİ EZAMİYYƏTİNİN MÜHÜM ƏHƏMİYYƏTİ
  08.02.2016
Something0
2016-cı ilin fevralın 1-dən 6-dək Tokio Universiteti və Universitetin Muzey Departamentinin professoru, Qədim Ön Asiya arxeologiyası üzrə dünya şöhrətli mütəxəssis, doktor Yoşihiro Nişiaki və Tokio Qədim Şərq Muzeyinin mütəxəssisi Kazuya Şimoqama Bakıda elmi ezamiyyətdə olmuşlar. Yaponiyalı alimlər AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunda, İnstitutun Elmi Ekspozisiya Muzeyində və Arxeoloji Fondunda azərbaycanlı həmkarları ilə görüşlər keçirmişlər. Görüşlər zamanı, qarşılıqlı əməkdaşlığın perspektivləri müzakirə edilmiş, ən qədim dövrlərə aid olan mühüm arxeoloji tapıntıların bir qisminə baxış keçirilmişdir.
Xatırladaq ki, 2009-cu ildə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu Tokio Universiteti və Universitetin Muzey Departamenti ilə müştərək elmi tədqiqatların aparılması ilə bağlı qarşılıqlı əməkdaşlıq memorandumu imzalamışdır. Nəticədə, yeddi il ərzində Tovuz bölgəsində e.ə. VI minilliyə aid olan Göytəpə neolit yaşayış məskəni bir sıra elmlərin fövqündə əsaslı olaraq araşdırılaraq öyrənilmişdir. Bundan əlavə, Göytəpə arxeoloji kompleksinin yaxınlığında aşkar edilmiş və e.ə. VII minilliyin sonlarına aid Hacıələmxanlı qədim yaşayış yeri tədqiq edildi. Hal-hazırda hər iki abidənin keçmişi ilə bağlı əldə olunmuş mühüm elmi məlumatlar dünyanın mötəbər elmi jurnallarında öz əksini tapıb.
Cari ilin may ayında Tokio Universiteti və Universitetin Muzey Departamentində Göytəpə neolit yaşayış məskənində aparılan arxeoloji qazıntılara həsr olunmuş sərginin təşkil olunması nəzərdə tutulub. Tədbir çərçivəsində Azərbaycan və Yaponiya arxeoloqlarının Tovuz bölgəsində yeddi il ərzində apardığı arxeoloji tədqiqatların son nəticələri ilə bağlı elmi seminar keçiriləcəkdir. Tokio Universitetinin təşkilatçılığı və Yaponiya (Qərbi Asiya üzrə) Arxeologiya Cəmiyyətinin dəstəyi ilə keçiriləcək seminarda AMEA Arxeologiya və Etnoqrafiya institutunun şöbə müdiri Fərhad Quliyev "Göytəpə neolit kəndinin oturaq həyat tərzli erkən əkinçi tayfaları" mövzusu ilə əsas məruzəçi olacaqdır.
2016-cı ildən etibarən isə, Azərbaycan və Yaponiya arxeoloqlarının müştərək tədqiqatlarının yeni istiqamətlər üzrə davam edəcəyi gözlənilir. Belə ki, cari ildə Qazax rayonu ərazisindəki Aveydağ və ətraf ərazilərdə yerləşən paleolit dövrünə aid abidələrdə ilk insanın məskunlaşma tarixini müəyyən etmək üçün əsaslı arxeoloji tədqiqatlara başlanılması nəzərdə tutulub. Azərbaycan tərəfindən Mənsur Mənsurov və Azad Zeynalov kimi mütəxəssislərin iştirakı ilə göstərilən ərazidə aparılacaq tədqiqatların əsas obyekti – Orta və Yuxarı Paleolit, Mezolit və Neolit dövrlərinin bütün mərhələlərini özündə cəmləşdirən və nadir abidələr sırasında olan Damcılı mağarasıdır. Tədqiqatlar Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu və Tokio Universitetinin qarşılıqlı əməkdaşlığı sayəsində həyata keçiriləcəkdir.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun
İctimaiyyətlə əlaqələrə məsul əməkdaşı
Pərviz Qasımov
(012) 510 96 74, 055 659 04 95
parviz.gasimov.pr@gmail.com