Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


ARXEOLOGİYA VƏ ETNOQRAFİYA İNSTİTUTUNDA XOCALI SOYQIRIMININ 24-CÜ İLDÖNÜMÜNƏ HƏSR EDİLMİŞ ANIM TƏDBİRİ KEÇİRİLDİ
  26.02.2016
Something0
26 fevral tarixində AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunda bəşəriyyətə qarşı törədilmiş tarixi cinayət olan Xocalı soyqırımının 24-cü ildönümünə həsr olunmuş faciə qurbanlarının xatirəsini anım tədbiri keçirilib.
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix elmləri doktoru, professor Maisə Rəhimova tədbiri giriş sözü ilə açaraq Xocalı faciəsi haqqında ətraflı məlumat verdi, bu dəhşətli faciənin Azərbaycan tarixində ən qanlı hadisələrdən biri olduğunu qeyd etdi. Natiq erməni silahlı dəstələri tərəfindən dinc əhalinin xüsusi qəddarlıqla qətlə yetirilməsi, əsir götürülən insanların isə dəhşətli işgəncələrə, zülm və təhqirlərə məruz qalmaları, xalqımıza qarşı törədilən bu cinayətin ağır nəticələri barədə danışdı. Professor M.Rəhimovanın təklifi ilə tədbir iştirakçıları tərəfindən Xocalı soyqırımı zamanı qətlə yetirilmiş həmvətənlərimizin və Vətən uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
M. Rəhimova xüsusi olaraq vurğuladı ki, Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətə qayıdandan sonra onun təşəbbüsü ilə Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilmiş, 1994-cü ildə Milli Məclisin qərarı ilə fevralın 26-sı “Xocalı soyqırımı günü” elan edilmişdi. Çağdaş zamanda Azərbaycan Prezidenti İlham Əliyev isə, Ulu Öndərin layiqli davamçısı kimi Dövlətimiz və Millətimiz üçün vacib olan bu işi daha vüsətlə davam etdirməkdədir. 2012-ci il fevralın 26-da bütün dünyanın gözü qarşısında Xocalı abidəsini ziyarət edən 60 mindən çox insanın qatıldığı möhtəşəm izdihamın önündə İlham Əliyev getmişdir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə aparılan "Xocalıya ədalət!" beynəlxalq kampaniyası Xocalı soyqırımının tanıdılması istiqamətində çox uğurlar qazanmışdır. “Aparılan bu siyasətin nəticəsində artıq dünyanın əksər ölkələrində Xocalı faciəsi qurbanlarının xatirəsinə abidələr ucaldılıb, anım mərasimləri keçirilir, həmçinin, bir sıra ölkələrin ali və yerli qanunverici orqanları Xocalıda baş vermiş qətliama siyasi qiymət veriblər” – deyə professor M. Rəhimova öz çıxışında vurğulamışdır.
Mövzu ilə bağlı AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, İlyas Babayev söz alaraq Xocalı qətliamının XX əsrdə törənmiş ən qanlı və qəddar soyqırım, bəşəriyyətə qarşı cinayət kimi dəyərləndirdi. İnstitutun Həmkarlar təşkilatının sədri, şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Abuzər Ələkbərov, tarix üzrə fəlsəfə doktoru Tofiq Babayev, tarix üzrə fəlsəfə doktoru Bəxtiyar Cəlilov öz çıxışlarında Xocalı soyqırımının daim Azərbaycan xalqının qan yaddaşında yaşadılacağına, bu cinayətləri törətmiş erməni işğalçılarından layiqli qisasın alınacağına əminliklərini bildirmişlər.
Anım tədbirinə AMEA-nın həqiqi üzvü, akademik Teymur Bünyadov, həmçinin, şöbə rəhbərləri və əməkdaşları qatılmışdılar.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun
İctimaiyyətlə əlaqələrə məsul əməkdaşı
Pərviz Qasımov
(012) 510 96 74, 055 659 04 95
parviz.gasimov.pr@gmail.com