Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


AZƏRBAYCANDA YENİ ARXEOLOJİ TƏDQİQATLAR
  15.04.2016
Something0
Son illərdə qədim tarixinmizin, maddi mədəniyyət abidələrimizin öyrənilməsinə göstərilən hərtərəfli dövlət qayğısı sayəsində Arxeologiya və Etnoqrafiya İnstitutu da məhsuldar fəaliyyət göstərmişdir. Respublika Prezidentinin “Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun maddi-texniki bazasının gücləndirilməsi haqqında” 2012-ci il 26 aprel tarixli Sərəncamı əsasında ayrılmış vəsait hesabına İnstitut geniş çöl tədqiqat işlərini həyata keçirmişdir. Bu sərəncam Azərbaycanın arxeologiya elminə, abidələrimizin tədqiqinə göstərilən ən böyük diqqət və qayğının təzahürüdür.
Arxeologiya və Etnoqrafiya İnstitutu 2015-ci ildə elmi tədqiqat və elmi təşkilati işlərin planına uyğun olaraq geniş elmi-tədqiqat işlərini davam etdirmişdir. Çöl-tədqiqat işlərinin uzun illər aparılmadığı bir sıra ərazilərdəki abidələr də 2015-ci ildə tədqiqatlara cəlb edilmişdir. Həmin ərazilərdə arxeoloji tədqiqat işləri yenidən canlanmış, əvvəllər elmə məlum olmayan bir sıra abidələr aşkar edilmiş, dəyərli etnoqrafik məlumatlar toplanmışdır. Bunlardan İsmayıllı, Qobustan, Ağdam, Bərdə, Tərtər rayonlarında yeni aşkar edilən və tədqiqatlar aparılan abidələri qeyd etmək olar.
2015-ci ildə respublikamızın Qəbələ, Quba, Xaçmaz, Şabran, Qax, Şəki, Ağcəbədi, Ağdam, Fizuli, Oğuz, Cəlilabad, Şamaxı, Ağsu, Gəncə, Goranboy, Tovuz, Ağstafa, Qazax, Şəmkir, Şərur, Babək, Ordubad, Bərdə, Gədəbəy, Daşkəsən, Lerik, Kəngərli, İsmayıllı, Qobustan, Tərtər və s. rayonlarında geniş və irimiqyaslı arxeoloji qazıntı işləri aparılmış, qərb bölgəsinə etnoqrafik səfər təşkil edilmişdir.
Mil-Qarabağ bölgəsində arxeoloji tədqiqat işlərinin genişləndirilməsi İnstitutumuzun elmi fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil etmişdir. Bu bölgədə yalnız 2015-ci ildə həm beynəlxalq tərkibli (Azərbaycan-Almaniya), həm də İnstitutun müstəqil ekspedisiyası tərəfindən əvvəllər elmə məlum olmayan neolit, eneolit və tunc dövrlərinə aid yaşayış məskənləri və qəbir abidələri aşkar edilmiş, təsərrüfat işləri nəticəsində abidələrin dağılma təhlükəsinin qarşısı alın¬mışdır. Bununla yanaşı Naxçıvan, Şamaxı-Qobustan, Gəncə-Qazax, Şəki-Zaqatala, Quba-Xaçmaz, Lənkəran-Astara bölgələrində də iri miqyaslı qazıntı işləri aparılmış, yeni arxeoloji abidələr aşkara çıxarılmışdır. Tədqiqat işlərində yerli arxeoloqlarla yanaşı Avropanın müxtəlif ölkələrindən dəvət edilmiş mütəxəssislər də çalışmışlar. Birgə çöl işləri nəticəsində götürülən nümunələr xarici ölkələrin müasir laboratoriyalarına müxtəlif analizlər üçün göndərilmişdir. Əvvəlki illərdə beynəlxalq tərkibli ekspedisiyaların apardıqları arxeoloji qazıntı işlərinin nəticələri barədə elmi məqalələr bir sıra xarici ölkələrdə nəşr edilmişdir. Bütün bunlar İnstitutun beynəlxalq elmi əlaqələrinin genişlənməsinə, Azərbaycanın qədim dövr abidələri, zəngin tarixi barəsində informasiyaların bütün dünyada geniş yayılmasına şərait yaratmışdır.
2015-ci ildə İnstitutun beynəlxalq elmi əlaqələri genişlənmiş, Türkiyə, ABŞ, Fransa, Almaniya, Yaponiya, Koreya, Rusiya, arxeoloqları və etnoqrafları ilə bir¬likdə Azərbaycanın bir sıra abidələrində qazıntı, tədqiqat işləri aparılmış, görüşlər keçirilmiş, gələcək əməkdaşlıq barəsində müzakirələr aparılmışdır. İnstitutun əməkdaşları bir sıra xarici ölkələrə səfərlər etmiş, oradakı elmi qurumlarla elmi əməkdaşlıq istiqamətində səmərəli fəaliyyət göstərmişlər.
Çoxcildlik “Azərbaycan arxeologiyası”nın müvafiq cildləri üzrə işlər davam etdirilmiş, son tədqiqatların nəticələrinin bu cildlərə daxil edilməsi işi sürətləndiril¬mişdir. “Neolit və eneolit dövrləri” adlı II cild tamamlanaraq nəşrə təqdim edilmiş¬dir, “Tunc dövrü arxeologiyası” adlı III cild üzərində işlər yekunlaşmışdır.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun
İctimaiyyətlə əlaqələrə məsul əməkdaşı
Pərviz Qasımov
(012) 510 96 74, 055 659 04 95
parviz.gasimov.pr@gmail.com