Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


QARABAĞDA ARXEOLOJİ TƏDQİQATLAR HAQQINDA MƏLUMAT
  19.04.2016
Something0
2016-cı il aprelin ilk günlərində Azərbaycan Milli Ordusu Qarabağın dağlıq hissəsini və ona bitişik rayonları işğal etmiş ermənilərin növbəti təxribatının qarşısını alaraq bütün cəbhə boyu düşmənə sarsıdıcı zərbə vurdu və bir neçə strateji yüksəkliyi azad etdi. Bu hadisə cəmiyyətimizin bütün təbəqələri kimi elmi ictimaiyyətimiz, o cümlədən arxeoloq alimlərimiz tərfindən torpaqlarımızın işğaldan azad olunması yolunda xoş müjdə kimi qarşılandı.
Lakin təəssüflə qeyd etmək lazım gəlir ki, jurnalist etikasına sığmayan tərzdə böhtan dolu məlumatları yoxlamadan çap edən müxalif yönümlü bir mətbu orqanı AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun “Qarabağ” arxeoloji ekspedisiyasını fəaliyyətsizlikdə günahlandırmışdır. Əlbəttə, hər bir qurum, hər bir vətəndaş Qarabağ problemi ilə bağlı işləri öz fəaliyyətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirməlidir. Qarabağın arxeoloji abidələrinin tədqiqi Arxeologiya və Etnoqrafiya İnstitutunun fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edir. “Qarabağ” arxeoloji ekspedisiyasının üzvləri Azərbaycanın bu qədim bölgəsinin işğala məruz qalmayan ərazilərində intensiv tədqiqatlar aparırlar. Bəzən bu tədqiqat işləri cəbhə xəttinə yaxın yerlərdə, ermənilərin açdığı atəşlərin təhlükəsi altında da davam etdirilmişdir. Aparılan bütün tədqiqat işləri barədə elmi çap işlərindən əlavə respublika KİV-də, o cümlədən televiziya kanallarında hər il mütəmadi olaraq geniş məlumatlar verilmişdir. Lakin nədənsə haqqında xatırlanan mətbu orqanı İnstituta müraciət edərək bu işlərlə maraqlanmaq əvəzinə böhtan çap etməklə məşğuldur.
Azərbaycanın cəbhəboyu rayonlarının demək olar ki, hamısında – Füzuli, Beyləqan, Xocavənd, Ağcabədi, Ağdam, Bərdə və Tərtər rayonlarının ərazisində sistemli arxeoliji tədqiqatlar aparılır. Respublika Prezidenti cənab İlham Əliyevin 2008-ci il fevralın 5-də imzaladığı sərəncamdan sonra bu tədqiqatlar daha intensiv xarakter almışdır. Qarabağın arxeoloji tədqiqinə böyük marağı nəzərə alıb AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən bölgədə aparılan araşdırmaların qısa xülasəsini təqdim edirik.
Azərbaycan –Almaniya beynəlxalq ekspedisiyası 2009-cu ildən Mil-Qarabağ bölgəsində (Ağcabədi r-nu) yerləşən I Kamiltəpə yaşayış məskənində arxeoloji tədqiqatlar aparır. Burada son Neolit dövrünə – təxminən 8 min il əvvələ aid çiy kərpicdən inşa olunan və Azərbaycan ərazisində qədim gil-kərpic memarlığının yüksək inkişaf səviyyəsindən xəbər verən platforma və digər tikili qalıqları açılmışdır. Qazıntılar zamanı əldə edilən maddi-mədəniyyət nümunələri (daş və sümük alətlər, boyalı keramika, sapand daşları və s.) arasında saxsı üzərinə boya ilə çəkilən kompozisiya – əlində ox-kaman tutmuş ovçu və iki heyvan təsviri böyük maraq doğurur. I Kamiltəpənin yaxınlığında yerləşən IV Kamiltəpə yaşayış yerindəki ayparaşəkilli “xəndək sistemi”ndə də araşdırmalar aparılıb. Qafqaz və Ön Asiyanın Neolit dövrü abidələrindən ilk dəfədir ki, belə qurğulara rast gəlinir.
Azərbaycan – Almaniya beynəlxalq ekspedisiyası Mil-Qarabağ düzündəki abidələrin qeydə alınması və xəritələşdirilməsi istiqamətində də işlər aparmışdır: burada xronoloji baxımdan Neolit dövründən son orta əsrlərə qədərki geniş tarixi mərhələni əhatə edən 174 abidə aşkar edilərək koordinatları müəyyən edilmiş, yerüstü materiallar toplanmış, bəzi abidələrdə isə yoxlama şurflar qoyulmuşdur.
Qarabağ Neolit-Eneolit ekspedisiyası 2013-cü ildən Ağdam rayonu ərazisindəki İsmayılbəytəpə Neolit dövrü və Fərmantəpə Eneolit dövrü yaşayış yerlərində tədqiqatlar aparır. Qazıntılar zamanı bu abidələrdə çiy kərpicdən tikili qalıqları, keramika və daş məmulatı, gildən hazırlanmış sapand daşları və s. aşkar edilmişdir. Tapıntıların C14 və paleonoloji analizləri aparılmışdır. Tədqiqatçıların fikrincə, İsmayılbəytəpə yaşayış məskənindən əldə olunan artefaktlar nəinki Azərbaycan, bütün Qafqaz regionu üçün bir yenilikdir.
Arxeologiya və Etnoqrafiya İnstitutunun təşkil etdiyi xüsusi dəstə 2013-cü ildən Qarabağın dağlıq hissəsində – Xocavənd rayonu ərazisində yerləşən Nərgiztəpə abidələr kompleksində tədqiqatlar aparır. İlkin araşdırmalar göstərir ki, bu çoxtəbəqəli abidə qədim Azərbaycan dövləti olan Albaniyanın həm antik, həm də erkən orta əsrlər tarixinin öyrənilməsində mühüm əhəmiyyət kəsb edir. Qazıntılar zamanı Nərgiztəpədə Tunc və İlk Dəmir dövrlərinə, erkən alban çağlarına aid saxsı nümunələrinə də təsadüf edilmişdir. Nərgiztəpə ətrafında yerləşən orta əsrlərə aid müsəlman qəbiristanlığındakı bəzi qəbirüstü daşların üzərinə qazma üsulla müxtəlif işarə və damğalar, oyma naxışlar çəkilib. Rəvayətə görə, “Kitabi-Dədə Qorqud” dastanlarında təsvir olunan hadisələrin bir çoxu, xüsusilə Qaraca Çobanla bağlı əhvalatlar məhz bu ərazilərdə baş verib.
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Qarabağ arxeoloji ekspedisiyası 2009-cu ildən Ağdam rayonunun cəbhə xəttinə yaxın ərazidə yerləşən Mirəşelli kəndi yaxınlığındakı Palıdlı nekropolunda arxeoloji qazıntı işləri aparır. Heç bir yerüstü əlamətə malik olmayan nekropolda indiyədək e.ə. XII-XI əsrlərə aid 32 torpaq qəbir açılıb. Xocalı-Gədəbəy mədəniyyətinə aid tapıntılar nekropolda müxtəlif sosial təbəqədən olan insanların dəfn edildiyini, qazıntı aparılan ərazidə Son Tunc və İlk Dəmir dövründə davamlı yaşayış olduğunu, sənətkarlığın müxtəlif sahələrinin, o cümlədən dulusçuluğun yüksək inkişafını göstərir.
Bərdə arxeoloji ekspedisiyası son illər Bərdə şəhərinin 5 kilometrliyində yerləşən Şortəpə və Balatəpə adlı abidələrdə tədqiqatlar aparır. Şortəpə yaşayış məskəni əsasən antik və ilk orta əsrlər dövrünə, Balatəpə abidəsi isə son eneolitdən antik dövrə qədərki böyük bir tarixi mərhələni əhatə edir. Balatəpədə möhrə divarın bir hissəsi açılmış, metal qalıqları, dən daşları, gildən keçi və öküz fiqurları, daraqlanmış və boyalı keramika nümunələri, təndir və ocaq yerləri, buğda qalıqları, və s. əldə edilmişdir. Arxeoloji tədqiqatlar Balatəpədə yaşayışın eneolitdən – ilk tunc dövrünə keçid mərhələsində salındığını, son tunc dövründə burada sənətkarlığın daha da inkişaf etdiyini, cəmiyyətdə təbəqələşmənin daha da dərinləşdiyini, Erkən Dəmir dövründə məskənin ətrafına möhkəm hasar çəkildiyini, antik və ilk orta əsrlər dövründə əhalinin sayının artması nəticəsində yaşayış yerinin daha da böyüyərək Şortəpə istiqamətində genişləndiyini göstərir.
Mil-Qarabağ arxeoloji ekspedisiyasının Qalatəpə dəstəsi 2008-ci ildən Ağcabədi rayonu ərazisində, Qarqarçayın sağ sahilində yerləşən Qalatəpə antik və orta əsr şəhər məskəni tədqiq edilir. Burada 500 kv.m sahədə qazıntı işləri aparılmış və 10 metrə yaxın mədəni təbəqə öyrənilmişdir. Araşdırmalar abidənin əsasən iki təbəqədən (antik və orta əsrlər) ibarət olduğunu göstərir. Antik təbəqədə hündürlüyü 6 metrə çatan və çiy kərpicdən tikilən mükəmməl istehkam qurğularının, ictimai binaların qalıqları açılmış, antik dövr memarlığı üçün səciyyəvi daş sütun altlığı aşkarlanmışdır. Qalatəpə şəhər məskənindən rast gəlinən bir sıra artefaktlar, xüsusilə üzəri qırmızı boya ilə naxışlanmış saxsı qab fraqmentləri yaxınlıqdakı antik nekropoldan tapılan nümunələrlə oxşarlıq təşkil edir. Həmin nekropolda 14 küp qəbir və 3 torpaq qəbir tədqiq olunub.
Qalatəpədə tədqiqatları bu abidənin antik müəlliflərin “Aynian”, “Enian”, orta əsr müəlliflərinin isə “Yunan” adlandırdıqları şəhərin xarabalığı olduğunu deməyə əsas verir. Abidənin yerləşdiyi koordinatlar da həmin şəhər haqqında mənbələrin verdiyi məlumatlara uyğundur. Qalatəpə Azərbaycanın qədim dövlətlərindən olan Albaniyanın Uti vilayətində mövcud olmuş mühüm bir şəhər məskəni kimi tarixi əhəmiyyət kəsb edir.
Arxeologiya və Etnoqrafiya İnstitutu Qarabağ abidələrinin tədqiqi ilə bağlı bir sıra müştərək layihələr həyata keçirmişdir. 2011-ci ildən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi “Azərbərpa” Elmi-Tədqiqat Layihə İnstitutu ilə birgə Füzuli rayonu ərazisində yerləşən Şeyx Babı xanəgahında arxeoloji qazıntı, bərpa-konservasiya işləri aparılır. Füzuli arxeoloji ekspedisiyası tərəfindən 2011-2012-ci illərdə təxminən 2700 kv.m. sahədə qazıntı işləri aparılmaqla xanəgah kompleksi tamamilə üzə çıxarılmış, onun memarlıq quruluşu, inşa mərhələləri və dövrü haqqında tarixi faktlar aydınlaşdırılmış, bütövlükdə isə abidənin XIII əsrə aid olduğu müəyyənləşdirilmişdir.
Son illərdə İnstitut Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu ilə sıx əmədaşlıq edir. Bilavasitə bu Fondun maliyyə dəstəyi ilə “Qarabağın arxeoloji abidələrinin elektron qeydiyyatı və xəritələşdirilməsi” adlı layihə üzrə Qarabağ bölgəsinin arxeoloji abidələrinin məlumat bazasının yaradılması istiqamətində işlər aparılmışdır. Ağdam rayonunda və Ağcabədi rayonunun Şimal-Qərb hissəsində arxeoloji kəşfiyyat işləri nəticəsində müxtəlif dövrlərə aid 169 arxeoloji abidə elektron şəkildə qeydiyyata alınmış, “Qarabağın arxeoloji xəritə”si tərtib edilmişdir. AMEA Rəyasət Heyəti tərəfindən Qarabağ ərazisində olan arxeoloji abidələrin qeydiyyatı, xəritələşdirilməsi və elektron pasportlaşdırılması istiqamətində işlərin sürətləndirilməsi, Qarabağın cəbhəboyu ərazilərində daha genişmiqyaslı arxeoloji tədqiqatların aparılması, əldə edilmiş yeni nəticələrin dünyanın nüfuzlu jurnallarında nəşr olunması tövsiyə olunmuşdur.
İnstitutun bir qrup əməkdaşı tərəfindən hazırlanan “Dağlıq Qarabağda Nərgiztəpə arxeoloji abidələr kompleksi” adlı layihə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun beynəlxalq xarakterli 2-ci “ŞUŞA QRANTI” müsabiqәsinin qalibi olmuşdur. Layihənin həyata keçirildiyi müddətdə (2014 –2015) Xocavənd rayonu ərazisindəki Nərgiztəpə kompleksinə daxil olan abidələrin arxeoloji xəritəsi tərib olunmuş, topoqrafik planları çıxarılmış, bu abidələrin xarakteri, xronoloji çərçivəsi, mənsubiyyəti və regionun digər həmdövr abidələri sırasında yeri müəyyən edilmişdir. Bu tədqiqatların nəticələrinə dair yazılan kitabça və məqalələrlə yanaşı kütləvi informasiya vasitələrində də geniş məlumatlar yayılmışdır. İnternet kanal – “Kulturaplus” tərəfindən “Kitabi Dədə Qorqud” eposunun ilk nüsxələrinin aşkar edilməsinin 200 illiyi münasibətilə 2015-ci ildə ölkəmizdə keçirilən tədbirlər sırasında hazırlanan “Qarabağlı Qaraca Çoban” adlı filmdə (rus dilində) Nərgiztəpə tədqiqatları da işıqlandırılmışılır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 7 iyul 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011–2015-ci illərdə” Dövlət Proqramının 6.2.2 yarımbəndinə uyğun olaraq həyata keçirilən layihələrdə də institutumuzun gənc alimləri fəal iştirak etmişdir. Bu baxımdan, “Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzi ilə əməkdaşlıq səmərəli olmuşdur: “Qafqaz Albaniyasının xristian abidələri” adlı, ingilis dilli sənədli arxeoloji-tarixi film çəkilmişdir. Digər bir layihə isə Virtual Qarabağ Tarixi Muzeyinin yaradılması ilə bağlıdır. Bu muzey dövlət proqramına əsasən Azərbaycanda yaradılan ilk Virtual Tarix Muzeyidir. Muzeyin təşkili zamanı Azərbaycanın 15-dən çox tarix, diyarşünaslıq, incəsənət və b. muzeylərinin fondlarında işlər aparılmış, 600-dən çox eksponat pasportlaşdırılmışdır.
Arxeoloqlarımız işğal altında olan abidələrimizin taleyi ilə daim maraqlanır, erməni vandalları tərəfindən dağıdılan, saxtalaşdırılan abidələrimizlə bağlı məlumatları toplayır və müzakirəyə çıxarırlar. Məsələn, Arxeologiya və Etnoqrafiya İnstitutunun 2015-ci ilin sentyabrında keçirilən Elmi Şurasında Ermənistan və bəzi Avropa ölkələrinin rəsmi dövlət qurumları, xarici özəl fondlar və erməni diasporları tərəfindən maliyyələşdirilən arxeoloji ekspedisiyaların beynəlxalq qanunlara zidd olaraq Azərbaycanın işğal olunmuş ərazilərində apardığı “tədqiqatlar” müzakirə edilmiş, belə yolverilməz fəaliyyət haqqında məlumatların mümkün imkan və əlaqələrdən istifadə etməklə əcnəbi həmkarlara çatdırılmasının zəruriliyi bir daha vurğulanmışdır. Azərbaycan Respublikası ərazisində aparılan çöl tədqiqatlarının illik nəticələri 2008-ci ildən başlayaraq “Azərbaycanda arxeoloji tədqiqatlar” adlı məcmuələr şəklində nəşr olunur. Hər biri 23-25 çap vərəqi həcmində olan bu toplularda Qarabağ bölgəsində aparan araşdırmalar da öz əksini tapır. Bundan əlavə İnstitutda ardıcıl olaraq çöl tədqiqatlarının yekunlarına həsr olunan illik sessiyalar keçirilir və onların materialları dərc edilir.
AMEA Arxeologiya və Etnoqrafiya institutu Qarabağ abidələrində aparılan tədqiqatlarla bağlı nəticələri beynəlxalq elmi ictimaiyyətə çatdırmaq üçün kompleks tədbirlər həyata keçirilir. Vaxtaşırı ölkəmizdə nüfuzlu əcnəbi tədqiqatçıların da iştirak etdiyi beynəlxalq konfranslar təşkil olunur. 2010-cu ildə Azıx mağarasının kəşf edilməsinin 50 illiyinə həsr olunmuş “Qarabağ daş dövründə”, 2011-ci ildə “Qafqazın erkən əkinçilik mədəniyyətləri” mövzusunda keçirilən beynəlxalq konfransları buna misal göstərmək olar. Belə konfranslarda dünyanın müxtəlif ölkələrindən olan alimlərə Qarabağın qədim abidələri, o cümlədən işğal altında qalan abidələrimiz və onların acınacaqlı taleyi barədə ətraflı məlumatlar verilmişdir. Bu il – 2016-cı ilin noyabr ayında Bakıda Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən “Qarabağın arxeoloji irsi” mövzusunda beynəlxalq konfransın keçirilməsi nəzərdə tutulmuşdur. Bunlarla yanaşı, xarici ölkələrdə keçirilən konfranslarda Qarabağ abidələrində aparılan araşdırmalarla bağlı çoxsaylı məruzələr dinlənilmiş, Türkiyə, Almaniya, Rusiya, Gürcüstan və s. ölkələrdə çıxan elmi jurnallarda məqalələr dərc edilmiş, Berlində bir kitab çap olunmuşdur.
Qarabağ abidələrindən toplanan materiallar Arxeologiya və Etnoqrafiya institutunun nəzdindəki Arxeoloji Fonda təhvil verilmişdir. Hazırda bu Fondda uzun illər Azərbaycan ərazisində aparılan arxeoloji qazıntılar zamanı əldə edilən 500 minə yaxın maddi mədəniyyət qalıqları saxlanılır. Bu Fond eyni zamanda ölkəmizin müxtəlif bölgələrindəki rayon diyarşünaslıq muzeylərini yeni materiallarla təmin edir. Bundan başqa, son illərdə Qarabağda aparılan tədqiqatlar nəticəsində aşkar edilən bir çox yeni nümunələrlə Arxeologiya və Etnoqrafiya institutunun İçərişəhərdə yerləşən və ən müasir elmi standartlara cavab verən Elmi Ekspozisiya Muzey-Sərgisində tanış olmaq mümkündür.
Bütün bunlar “Qarabağ” arxeoloji ekspedisiyasının son illər yerinə yetirdiyi geniş miqyaslı işlər barədə qısa məlumatlardır. Bəs görəsən arxeoloqları günahlandıran həmin mətbu orqanı Qarabağ problemi barədə cəfəngiyyat çap etməkdən savayı daha hansı işlər yerinə yetirmişdir? Bəlkə həmin mətbu orqanının rəhbərliyi belə düşünür ki, hamı yalnız onlara hesabat verməli, onlar isə bütöv qurumları və vətəndaşları əsassız ittiham etməklə məşğul olmalıdırlar? İndi isə adının da çəkilməsini lazım bilmədiyimiz bu mətbu orqan Qarabağla əlaqədar hansı işlər gördükləri barədə özü hesabat versin.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun
İctimaiyyətlə əlaqələrə məsul əməkdaşı
Pərviz Qasımov
(012) 510 96 74, 055 659 04 95
parviz.gasimov.pr@gmail.com