Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


ARXEOLOGİYA VƏ ETNOQRAFİYA İNSTİTUTUNDA ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN 93-CÜ İLDÖNÜMÜ İLƏ ƏLAQƏDAR TƏDBİR KEÇİRİLMİŞDİR
  10.05.2016
Something0
10 may 2016-cı il tarixində AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunda Ümummilli lider Heydər Əliyevin 93-cü ildönümü ilə əlaqədar tədbir keçirilmişdir. Tədbirə İnstitutun rəhbərliyi, şöbə və bölmə rəhbərləri, əməkdaşları qatılmışlar. Tədbiri giriş sözü ilə açan Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix elmləri doktoru, professor Maisə Rəhimovanın təklifi ilə Ümummilli Liderin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
M.Rəhimova çıxışında bildirdi ki, hər bir xalqın hər bir əsrdə görkəmli şəxsiyyəti olduğu kimi, Azərbycan xalqı da XX əsrdə Ulu Öndər Heydər Əliyev kimi tarixi şəxsiyyəti dünya tarixinə bəxş etmişdi. Çox çətin bir dövrdə Azərbaycan xalqının tələbi ilə Respublikamızın siyasi rəhbərliyinə qayıdan Heydər Əliyev qısa müddət ərzində ölkədə ordu və dövlət quruculuğunu, ölkədaxili sabitlik və təhlükəsizliyi təmin etdi. Görkəmli dövlət xadimi və mahir siyasətçi olan Ulu Öndər Heydər Əliyev eyni zamanda Azərbaycan xalqının tarixinin qorunub saxlanılması, tanınması və tədqiqi üçün fundamental işlər görmüşdü. Hələ sovetlər dönəmində H.Əliyev Azərbaycanda arxeologiya və etnoqrafiya elmlərinin inkişafını dəstəkləmiş, tarixi abidələrin qorunub saxlanılması üçün müvafiq tədbirləri gerçəkləşdirmişdi. Müstəqillik dövründə də Ulu Öndər arxeologiya və etnoqrafiya elmlərinə diqqət və qayğısını əsirgəməmişdir və 1993-cü ildə onun verdiyi ilk qərarlar sırasında AMEA-nın nəzdində ayrıca Arxeologiya və Etnoqrafiya İnstitutunun yaradılması barədə sərəncam göstərilə bilər. Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin yürütdüyü qətiyyətli siyasət nəticəsində Azərbaycan dövlətçiliyi daha da güclənmiş, dövlət tərəfindən göstərilən dəstək nəticəsində elmimiz, bu kontekstdə isə, arxeologiya və etnoqrafiya qabaqcıl dünya standartları səviyyəsinədək yüksəlmişdir.
İnstitutun Həmkarlar təşkilatının sədri, şöbə müdiri, tarix elmləri namizədi Abuzər Ələkbərov söz alaraq Ulu Öndərin həyat yoluna nəzər salaraq, rəhbər dövlət vəzifələrində çalışdığı müddətdə gördüyü işlər və həyata keçirdiyi layihələr haqqında ətraflı məlumat verdi. İnstitutun şöbə müdiri, tarix üzrə elmlər doktoru Əsədulla Cəfərov müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə verdiyi taleyüklü qərarlar və atdığı tarixi addımlardan söz açdı. İnstitutun elmi əməkdaşları etnoqraflar tarix elmləri doktoru, professor Nərgiz Quliyeva və tarix elmləri doktoru Məhəbbət Paşayeva çıxışlarında xalqımızın hər zaman Heydər Əliyev kimi bir şəxsiyyətlə fəxr etdiyini və onun əziz xatirəsinin Azərbaycanda, eləcə də ölkəmizin hüdudlarından kənarda dərin hörmətlə anıldığını bildirdilər.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun
İctimaiyyətlə əlaqələrə məsul əməkdaşı
Pərviz Qasımov
(012) 510 96 74, 055 659 04 95
parviz.gasimov.pr@gmail.com