Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


ARXEOLOGİYA VƏ ETNOQRAFİYA İNSTİTUTUNUN ANTROPOLOQU D.A. KİRİÇENKONUN XIII “FAİZXANOV QİRAƏTİ” BEYNƏLXALQ ELMİ-PRAKTİKİ KONFRANSINDA İŞTİRAK EDİB
  11.05.2016
Something0
May ayının 4-dən 6-dək Rusiya Federasiyasının (RF) Sankt-Peterburq şəhərində “Qızıl Ordanın Avrasiya xalqlarının dövlət və mədəni ənənələrində irsi” mövzusunda XIII “Faizxanov qiraəti” Beynəlxalq Elmi-Praktiki konfransı keçirilmişdir. Beynəlxalq konfrans Rusiyada İslam dininin 750 illiyinə həsr edilmiş Müsəlman mədəniyyəti Günləri çərçivəsində təşkil edilmişdi.
Beynəlxalq konfransda Azərbaycanı AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun “Etnoarxeologiya” şöbəsinin baş elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Dmitri Aleksandroviç Kiriçenko təmsil edirdi. D.A.Kiriçenko “Monqollar Azərbaycanda. Arxeologiya və paleoantropologiya” mövzusunda çıxış etdi.
Məlum olduğu kimi 1220-1222-ci illərdə monqolların Azərbaycana ilk yürüşü oldu. 1231-1239-cu illər arasında ikinci axın nəticəsində Azərbaycan monqol istilasına məruz qalaraq Hülaku (Elxani) dövlətinin bir hissəsinə çevrilir.
Öz çıxışında azərbaycanlı alim arxeologiya və paleoantropologiya sahəsində monqolların Azərbaycana yürüşünün necə əks olunmasına toxunmuşdur. Qeyd edək ki, vaxtilə Mingəçevirdə aparılmış arxeoloji qazıntılar nəticəsində 4 monqol dəfni aşkar edilmişdir. XIII–XIV əsrlərə aid bu qəbirlərdən tapılmış arxeoloji material Milli Azərbaycan Tarix Muzeyində sərgilənməkdədir.
Mingəçevirin monqol dəfnlərindən tapılmış iki kəllə D.A.Kiriçenko tərəfindən tədqiq edilib. Kəllələrdən biri Cənubi Sibir irqi tipinə, digəri Mərkəzi Asiya tipinə mənsub idi. Dəfn inventarına görə, qəbirlərdə monqol döyüşçülərinin dəfn edildiyi müəyyən edilib. Həmçinin, belə bir nəticə əldə edildi ki, bu irqi tiplər Azərbaycana gəlmə idilər və monqol yürüşləri müasir Azərbaycan əhalisinin antropoloji quruluşunun inkişafına heç bir təsir etməyib.
Təşkilatçıları və dəstəkçiləri sırasında Rusiya Federasiyası müsəlmanlarının Ruhani İdarəsi, Beynəlxalq Müsəlman Forumu, Rusiya Müftiləri Şurası, Sankt-Peterburq Dövlət Universiteti, M.V.Lomonosov ad. Moskva Dövlət Universiteti, Moskva İslam İnstitutu, Dövlət Ermitajı, RF Təhsil və Elm Nazirliyi, RF EA Şərqşünaslıq İnstitutu, Şərq əlyazmaları İnstitutu, Rusiya Etnoqrafik Muzeyi, Ş.Mərcani adına. Elmi və Mədəni proqramlara dəstək fondu və digər nüfuzlu elmi və ictimai təsisatların olduğu konfransda rusiyalı tədqiqatçılarla yanaşı Ukrayna, Qazaxıstan, Özbəkistan və Qırğızıstandan olan alimlər də iştirak etmişlər. İştirakçılar Qızıl Ordanın tarixi, mədəniyyəti və arxeologiyası barədə məruzələrlə çıxış edirdilər.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun
İctimaiyyətlə əlaqələrə məsul əməkdaşı
Pərviz Qasımov
(012) 510 96 74, 055 659 04 95
parviz.gasimov.pr@gmail.com