Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


AMEA ARXEOLOGİYA VƏ ETNOQRAFİYA İNSTİTUTUNUN APARICI ELMİ İŞÇİSİ XƏQANİ ALMƏMMƏDOVUN “QARABAĞIN ARXEOLOJİ ABİDƏLƏRİ TOPLUSU”NUN I CİLDİNİN NƏŞRİ
  16.09.2016
Something0
Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Xəqani Alməmmədovun müəllifi olduğu “Qarabağın arxeoloji abidələri toplusu”nun I cildi nəşr edilib.
Toplu, Arxeologiya və Etnoqrafiya İnstitutunun “Qarabağ neolit-eneolit ekspedisiyası” tərəfindən 2010-2013-cü illərdə Qarabağ düzənliyi ərazisində aparılmış arxeoloji kəşfiyyat işlərinin nəticəsində müasir texniki vasitələrlə qeydiyyata alınaraq xəritələşdirilən və Qarabağ düzənliyinin arxeoloji abidələrinin vahid “Coğrafi Məlumat Bazası”na daxil edilən neolit və eneolit dövrü abidələrinin bir qismini əhatə etmişdir. Kitabda, Azərbaycanın əzəli bölgəsi olan Qarabağın erkən əkinçi-maldar tayfalarına və Leylatəpə mədəniyyətinə aid 99 abidə haqqında üç dildə (Azərbaycan, ingilis və rus dillərində) məlumat verilmişdir. Belə ki, topluda hər bir abidənin fotosu, GPS koordinatları, yüksək dəqiqliyə malik müasir geodeziya cihazlarından və “ArcMap” GİS proqram təminatından istifadə edilərək tərtib olunmuş topoqrafik planları və abidələrin atributiv məlumatları əks olunmuşdur. “Global Mapper” proqramından istifadə edilərək hər bir abidə üçün relyefin üç ölçülü rəqəmsal məlumatlarına əsaslandırılmış “şimal-cənub”, “qərb-şərq” istiqamətlərində en kəsiklərinin təsvirləri də əsərdə öz əksini tapmışdır. Həmçinin, tədqiqat əsərinə abidələrin şimal, cənub, şərq və qərb istiqamətlərində hazırlanmış “3D” görüntüsü, abidələrdən aşkar edilmiş artefaktların qrafik və foto təsvirləri daxil edilmişdir.
Topluya həmçinin, Qarabağın arxeoloji abidələrinin xəritəsi və kitabın elektron variantı yazılmış CD diski də əlavə edilmişdir. Qabaqcıl elmi araşdırmaların müasir parametrlərinə cavab verən tədqiqat əsəri Azərbaycan və dünya arxeologiyasında yenilik kimi dəyərləndirilməkdədir.