Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi

ARXEOLOGİYA VƏ ETNOQRAFİYA İNSTİTUTUNDA 31 MART - AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜNƏ HƏSR EDİLMİŞ TƏDBİR KEÇİRİLDİ
ARXEOLOGİYA VƏ ETNOQRAFİYA İNSTİTUTUNDA 31 MART - AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜNƏ HƏSR EDİLMİŞ TƏDBİR KEÇİRİLDİ
  31.03.2017
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunda 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir keçirilmişdir. Tədbir iştirakçıları bir dəqiqəlik sükutla 1918-ci il Soyqırım qurbanlarının xatirəsini yad etmişlər.
Anım tədbirini AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix elmləri doktoru, professor Maisə Rəhimova qısa çıxışı ilə açdı. Doktor M. Rəhimova bildirdi ki, 1918-ci ilin martında azərbaycanlılara qarşı baş vermiş soyqırım ksenofobiya xəstəliyinə yoluxmuş ermənilərin 1914-cü ildən etibarən Osmanlı İmperiyasında, 1917-ci ilin payızında müasir İranın Urmiya gölü ətrafında və bölgənin digər regionlarında başlatdığı etnik təmizləmə siyasətinin tərkib hissəsi idi. M. Rəhimova xüsusilə qeyd etdi ki, 1918-ci ilin yazında Bakı şəhərində dinc azərbaycanlı əhaliyə qarşı qırğınların başlanması bir qədər sonra Azərbaycanın digər ərazilərində davam etdirildi. Bu qırğınlar daşnak-bolşevik birləşmələrinin azərbaycanlı əhaliyə qarşı sistematik həyata keçirdiyi məqsədli planından xəbər verirdi. Təkcə XX əsrdə Azərbaycan xalqına qarşı erməni millətçiləri tərəfindən 1905, 1917, 1918, 1987-1993-cü illərdə kütləvi soyqırımlar, etnik təmizləmələr həyata keçirilmişdir.
“Azərbaycan müstəqil olduqdan sonra, Ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı Fərmanla erməni millətçilərinin dinc azərbaycanlı əhaliyə qarşı törətdikləri misli görünməmiş vəhşiliklər həm hüquqi, həm də siyasi baxımdan ədalətli qiymətini almış, həmin Fərmandan sonra hər il martın 31-i - Azərbaycanlıların Soyqırımı Günü kimi dövlət səviyyəsində həm respublika daxilində qeyd olunur, həm də dünya üzrə diasporlar, ictimai təşkilatlar və diplomatik korpusunn iştirakı ilə anım tədbirləri təşkil edilməkdədir” - deyə M. Rəhimova vurğuladı.
Daha sonra M. Rəhimova sözü 1918-ci ilin mart Soyqırımının bariz sübutu olan Quba Soyqırım məzarlığında ilk tədqiqatları aparmış ekspedisiyanın rəhbəri, institutun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Qəhrəman Ağayevə verdi.
Quba Soyqırım məzarlığında tədqiqatlar aparmış AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun ekspedisiyasının rəhbəri, institutun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Qəhrəman Ağayev çıxışında aparılmış araşdırmalar barədə geniş məlumat verdi. Vizual görüntülərlə müşayət olunan məruzəsində Q.Ağayev tədqiqat zamanı ortaya çıxan problemlər, istifadə olunmuş metodlar, erməni vəhşiliklərini göstərən konkret faktlar və d. faktlar barədə danışdı. Q.Ağayev qeyd etdi ki, H.Əliyev Fondunun dəstəyi və ümumiyyətlə dövlətin diqqəti nəticəsində məzarlıq ərazisində aparılan arxeoloji tədqiqatlar effektiv nəticə verdi. Həmçinin, məzarlıq ərazisində aparılan tədqiqatlar Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin şəxsi diqqətindədir.
Q.Ağayev bunları xüsusi vurğuladı: “Nəzərə almaq lazımdır ki, Quba Soyqırım məzarlığı erməni vəhşiliklərini əyani göstərən yeganə bir abidədir və bu cür abidələrlə Azərbaycan arxeoloqları ilk dəfə üzləşmişdilər. Azərbaycan arxeoloqları qarşısında xalqımıza qarşı soyqırımın maddi izlərini müəyyən edib gələcək nəsillərimizə ötürmək kimi şərəfli vəzifə durur”.
Mövzu ilə bağlı İnstitutun bölmə rəhbərləri və əməkdaşları çıxış etmişlər. Öz çıxışlarında İnstitut əməkdaşları 31 Mart Soyqırımının daim Azərbaycan xalqının qan yaddaşında yaşadılacağına, erməni faşistlərinin bəşəriyyətə qarşı törətdikləri cinayətlərə görə gec-tez cavab verəcəklərinə dərin inamlarını bildirdilər.
Qeyd edək ki, tədbirdə AMEA-nın həqiqi üzvü, akademik Teymur Bünyadov, AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru İlyas Babayev, İnstitutun şöbə rəhbərləri və əməkdaşları iştirak edirdilər.


AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsi
(012) 510 96 74, 055 659 04 95
parviz.gasimov.pr@gmail.com