Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi

İMİŞLİ RAYONU QIZILKƏND KƏNDİ ƏRAZİSİNDƏ ANTİK DÖVRƏ AİD SİKKƏ DƏFİNƏSİ AŞKAR EDİLİB
İMİŞLİ RAYONU QIZILKƏND KƏNDİ ƏRAZİSİNDƏ ANTİK DÖVRƏ AİD SİKKƏ DƏFİNƏSİ AŞKAR EDİLİB
  22.04.2017
Something0
11 aprel 2017-ci il tarixində AMEA Arxeologiya İnstitutuna İmişli sakini Rüstəmov Məmmədağa Xəlil oğlu tərəfindən rayonun Qızılkənd kəndi ərazisində gümüş sikkələrdən ibarət dəfinənin aşkar edilməsi barədə məlumat daxil olmuşdur. Sikkələrdən birinin təsviri Rüstəmov Məmmədağa Xəlil oğlu tərəfindən institutun elektron ünvanına göndərilmişdir. Sikkənin fotosuna baxış keçirilərkən, onun avers (üz) tərəfində təsvirin Makedoniyalı İskəndərə (e.ə. 336-323) aid olduğu müəyyən edilmişdir. AMEA Arxeologiya və Etnoqrafiya İnstitut rəhbərliyinin göstərişi ilə Numizmatika şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru Akif Quliyev və İmişli arxeoloji ekspedisiyasının müdiri tarix üzrə fəlsəfə doktoru Mikayıl Mustafayev rayona ezam edildilər. Qızılkənd kənd sakini Həsənov Etiram Hümbət oğlu tapdığı 9 ədəd sikkəni AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Numizmatika şöbəsinin müdiri Akif Quliyevə təhvil vermişdir.
Dəfinənin aşkar edildiyi yerə baxış keçirən arxeoloqlar burada antik dövrə aid yaşayış yeri və nekropolun olduğunu müəyyən etmişlər.
Qeyd edək ki, antik dövrə aid sikkə dəfinələri bundan qabaq 1958-ci ildə Şamaxıda (Xınıslı kəndi), 1966-ci ildə Qəbələdə və 1972-ci ildə Ağsu (Nüydi kəndi) rayonu ərazisində aşkar edilmişlər. Adı qeyd edilən dəfinələrdən fərqli olaraq, İmişli dəfinəsi yalnız Makedoniyalı İskəndərin gümüş draxmalarından ibarətdir.
Hal-hazırda dəfinə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Numizmatika şöbəsində tədqiq edilir. Yaxın zamanlarda dəfinənin aşkar edildiyi ərazidə arxeoloji tədqiqat işlərinə start veriləcək.



Şəkillərdə:
1) AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Numizmatika şöbəsinin müdiri t.ü.f.d. Akif Quliyev
2) Dəfinəni tapmış Həsənov Etiram (solda) və İmişli arxeoloji ekspedisiyasının müdiri t.ü.f.d. Mikayıl Mustafayev (sağda)
3) Draxmalar təmizlənməmiş halda
4) Təmizlənmiş draxmaların avers tərəfi
5) Təmizlənmiş draxmaların revers tərəfi
6) Draxmalardan birinin avers tərəfi
7) Draxmalardan birinin revers tərəfi

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsi
(012) 510 96 74, 055 659 04 95
parviz.gasimov.pr@gmail.com