Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi

AMEA ARXEOLOGİYA VƏ ETNOQRAFİYA İNSTİTUTUNUN “QARABAĞ NEOLİT-ENEOLİT EKSPEDİSİYASI”NIN APARDIĞI YENİ ARXEOLOJİ TƏDQİQATLAR
AMEA ARXEOLOGİYA VƏ ETNOQRAFİYA İNSTİTUTUNUN “QARABAĞ NEOLİT-ENEOLİT EKSPEDİSİYASI”NIN APARDIĞI YENİ ARXEOLOJİ TƏDQİQATLAR
  02.06.2017
“Qarabağ neolit-eneolit ekspedisiyası”nın rəisi, tarix üzrə fəlsəfə doktoru, Xəqani İmran oğlu Alməmmədovun AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun “İctimaiyyətlə əlaqələr şöbəsi”nə verdyi məlumata görə, “Qarabağ neolit-eneolit ekspedisiyası” 2017-ci il tədqiqat planına əsasən, Qarabağ düzənliyində arxeoloji kəşfiyyat və yeni qeydiyyata alınmış neolit və eneolit dövrü abidələrində kəşfiyyat qazıntı işlərinə başlamışdır.
Arxeoloji kəşfiyyat işləri əsasən Bərdə, Yevlax və Tərtər rayonları ərazisində aparılmaqdadır. Məlumat üçün qeyd etmək istərdik ki, 2014-cü ildə ekspedisiya tərəfindən Bərdə rayonu ərazisində Xaçınçay hövzəsində, onun Əmirli və Xanərəb kəndləri arasında yerləşən qədim yatağı boyunca arxeoloji kəşfiyyat işləri aparılıb, 10 neolit və Leylatəpə mədəniyyətinə (eneolit dövrünə) aid yaşayış yeri aşkar edilərək qeydiyyata alınmışdır.
Bərdə rayonu ərazisində bu cür qədim abidələrin mövcudluğu faktı məhz bu tədqiqatların nəticəsində meydana çıxmışdır. Məhz bu tədqiqatlar erkən əkinçi-maldar tayfaların Qarabağ ərazisində məskunlaşma arealının şimalda Xaçınçayla hüdudlanmadığını sübut edir və neolit tayfalarının yayılma istiqamətləri haqqında yeni bilgilərin əldə olunmasına səbəb olmuşdur.
“Arxeoloji kəşfiyyat işləri zamanı Bərdə, Yevlax və Tərtər ərazisində təxminən 1000 kv.km ərazidə 26 marşrut üzrə Google Earth proqramı əsasında GPS koordinatları götürülmüş 200-dən çox obyekt yoxlanılmış və nəticədə müxtəlif dövrlərə aid onlarla yaşayış yeri və kurqanlar aşkar edilərək qeydiyyata alınmışdır. Qeyd etmək istərdik ki, bu abidələrin böyük əksəriyyəti yeni abidələrdir” - Xəqani Alməmmədov bildirmişdir.
Bərdə rayonu ərazisində yerləşən Koramaltəpə, Buruqtəpə, Yastıtəpə, Soğanverdilər və Piyadalar qədim yaşayış yerlərində topoqrafik ölçmə işləri aparılmış, onların mədəni təbəqə yatımının qalınlığının və stratiqrafiyasının müəyyənləşdirilməsi üçün arxeoloji kəşfiyyat qazıntıları icra edilmişdir. Qeyd etmək istərdik ki, Koramaltəpə, Buruqtəpə, Yastıtəpə, Piyadalar yaşayış yerlərin eolit dövrünə, Soğanverdilər yaşayış yeri isə Leylatəpə mədəniyyətinə aid abidələrdir və Bərdə rayonu ərazisində belə qədim abidələrin arxeoloji tədqiqatı ilk dəfə olaraq aparılır.
Aparılmış kəşfiyyat qazıntılarının nəticələri Qarabağın əkinçi-maldar əhaliyə məxsus yaşayış yerlərinin xronoloji, təsərrüfat və mədəni mənsubiyyətinə görə bölgüsünün öyrənilməsi baxımından çox maraqlı olmaqla yanaşı, bölgədə neolit dövrü abidələrinin aşkar edilməsi istiqamətində də daha səlis yanaşmanın formalaşmasına yardımçı olacaqdır.
Xaçınçayın sağ sahilində, Xaçınçay-Tərtərçay hövzəsində yerləşən neolit dövrü abidələrində gələcəkdə geniş miqyaslı arxeoloji qazıntıların aparılmasına böyük ehtiyac var. Çünki, məhz bu ərazidə bu tip abidələrin öyrənilməsi, neolit dövründə Qarabağ, ümumilikdə Azərbaycan və Cənubu Qafqazda erkən əkinçi-maldar tayfaların məskunlaşma topoqrafiyası, onların yayılma istiqamətləri və yayılmanın xronoloji dövrlərinin öyrənilməsi baxımından çox maraqlıdır.


AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsi
(012) 510 96 74, 055 659 04 95
parviz.gasimov.pr@gmail.com