Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi

AMEA ARXEOLOGİYA VƏ ETNOQRAFİYA İNSTİTUTUNUN İXTİSASLAŞDIRILMIŞ ELMİ ŞURASINDA MAGİSTR DİSSERTASİYA İŞLƏRİNİN MÜDAFİƏSİ
AMEA ARXEOLOGİYA VƏ ETNOQRAFİYA İNSTİTUTUNUN İXTİSASLAŞDIRILMIŞ ELMİ ŞURASINDA MAGİSTR DİSSERTASİYA İŞLƏRİNİN MÜDAFİƏSİ
  07.06.2017
2017-ci il iyunun 7-də AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Magistr Dissertasiya İşlərinin Müdafiəsi Üzrə İxtisaslaşdırılmış Elmi Şurasının növbəti iclası keçirildi. Müdafiə üçün iclasa İnstitutun gənc əməkdaşları - Nəhmətova İlahə Adil qızının “Azərbaycanda islamaqədərki dəfn adətləri” və Məmmədova Nigar Vüqar qızının “Orta əsr Azərbaycan şəhərlərində gigiyenik vəziyyət” mövzularında magistr dissertasiyaları təqdim olunmuşdu. Magistrlar tədqiq etdikləri mövzunun aktuallığı, elmi yeniliyi, istifadə etdikləri mənbələr, dissertasiya işlərinin fəsilləri, əldə etdikləri nəticələr barədə ətraflı məlumat verdilər, İxtisaslaşdırılmış Elmi Şura üzvlərinin mövzu ilə bağlı suallarını cavablandırdılar.
İxtisaslaşdırılmış Elmi Şura üzvləri müzakirə zamanı təqdim olunmuş tədqiqat işlərinin müasir elmin standartlarına cavab verdiyini qeyd etdilər və tədqiqat işlərini yüksək qiymətləndirdilər.
İclasda iştirak edən akademik Şahin Mustafayev öz çıxışında magistr dissertasiya işləri üçün seçilmiş mövzuların aktuallığını, gənc alimlərin tədqiqatlara əsil mütəxəssis kimi yanaşdıqlarını vurğuladı və iclasın yüksək səviyyədə təşkil olunduğunu bildirdi.
Qeyd edək ki, iclasda AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru professor, tarix elmləri doktoru Maisə Rəhimova (müdafiə şurasının sədri) və İnstitutun Magistr Dissertasiya İşlərinin Müdafiəsi Üzrə İxtisaslaşdırılmış Elmi Şurasının digər üzvləri, rəyçilər, həmçinin, AMEA Magistratura şöbəsinin rəhbəri texnika üzrə fəlsəfə doktoru Hüseyn Hüseynov iştirak edirdilər.


AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsi
(012) 510 96 74, 055 659 04 95
parviz.gasimov.pr@gmail.com