Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi

ARXEOLOGİYA VƏ ETNOQRAFİYA İNSTİTUTUNDA QARABAĞ XANLIĞININ PUL DÖVRİYYƏSİ MÖVZUSUNDA ELMİ NƏZƏRİ SEMİNAR KEÇİRİLMİŞDİR
ARXEOLOGİYA VƏ ETNOQRAFİYA İNSTİTUTUNDA QARABAĞ XANLIĞININ PUL DÖVRİYYƏSİ MÖVZUSUNDA ELMİ NƏZƏRİ SEMİNAR KEÇİRİLMİŞDİR
  08.06.2017
2017-ci il iyunun 7-də AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunda tarix elmləri doktoru Əsədulla Cəfərovun sədrliyi altında fəaliyyət göstərən elmi-nəzəri seminarın növbəti məşğələsi keçirildi. Ə.Cəfərov iclası açaraq qeyd etdi ki, Azərbaycanın tərkib hissəsi olan Qarabağımızın ərazisində aşkar edilmiş daş dövrünün qədim yaşayış yerləri, tunc dövrünün yaşayış məskənləri, antik, orta əsrlərə aid nadir artefaklar Azərbaycan tarixinin zəngin səhifələrini təşkil edir. Maddi mədəniyyət tariximizin tərkib hissələrindən biri də Azərbaycan ərazisində aşkar edilmiş numizmatik materiallardır. Yüksək inkişaf etmiş mədəniyyətin və dövlətçiliyin atributu olan pullar mədəni və siyasi tariximizdə xüsusi yeri tutur. “Bu günki seminarın əsas mövzusu Qarabağ xanlığının pul dövriyyəsi barədə olacaqdır və mövzunu AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Numizmatika şöbəsinin rəhbəri tarix üzrə fəlsəfə doktoru Akif Quliyev təqdim edəcək” -deyə doktor Əsədulla Cəfərov sözü məruzəçiyə verdi.
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Numizmatika şöbəsinin rəhbəri tarix üzrə fəlsəfə doktoru Akif Quliyev öncə Qarabağ ərazisində antik dövrdən etibarən formalaşmış tarixi dövlətlər və onların pul dövriyyəsi barədə qısa məlumat verdi. Daha sonra A.Quliyev Qarabağ xanlığının yaranması, möhkəmlənməsi və süqutu ilə bağlı siyasi hadisələrin tarixinə xüsusi diqqət yetirdi. A.Quliyev bildirdi ki, faktiki hələ Səfəvilər dövründəki mərkəzi Gəncədə yerləşən Qarabağ bəylərbəyliyinin taxtına Səfəvi sarayı tərəfindən təyin edilmiş Qacar tayfasının Ziyadoğulları soyu Qarabağ xanlığının əsasını qoymuşlar. 1160-cı il Cəmadül-Sani ayının 11-i axşamı (bazar gecəsi, 1747-ci ilin iyun ayının 19/20-də) Nadir şahın öldürlüməsindən sonra Ziyadoğulları soyundan Pənahəli bəy Xorasana və Əfqanıstana köçürülmüş qarabağlı tayfalarının böyük bir qismini geri qaytara bilmiş və beləliklə, Qarabağ xanlığı yaranmışdır.
Məruzəçi qeyd etdi ki, Qarabağ xanlığının ilk dövrünə aid sikkə zərbi barədə məlumat yoxdur. Görünür, bu, bölgədəki gərgin siyasi-hərbi durumla bağlı idi. Bu dövrdə arealda əvvəlki Səfəvi, Əfşar, Zəndi və həmdövr d. qonşu xanlıqların pulları işlədilirdi. İlk Qarabağ xanlığı sikkələri, “Pənahabad” adlandırılmış Şuşa qalasında zərb edilməyə başladı. Dünya numizmatik ədəbiyyatında bu gümüş sikkələr “pənahabadi” adı ilə tanınır. Pullar xarici görünüşünə görə, Osmanlı sultanı sikkələrinə oxşayırdılar. Metal pulların avers tərəfində xanın tuğrası (herbi) zərb edilirdi. Qarabağ xanlığında gümüş pullardan iki növ “pənahabadi”, 1 növ “sahibkiran”, mis pullardan iki növ “fulus”lar və bir növ “bisti” dövriyyədə idilər. A.Quliyev həmin pulların xüsusiyyətləri, dövrünə uyğun dəyərləri barədə müfəssəl məlumat verdi.
Məruzəçi qeyd etdi ki, Qarabağ xanlığının Şuşa zərbxanasında kəsilmiş ən qədim metal pul 1787-ci il tarixi ilə qeydə alınıb. Qarabağ xanlığının Rusiya imperiyası tərəfindən işğalı dövründə zərb edilmiş ən son sikkələr 1822-ci il ilə, yəni, Rusiya imperiyasının Qarabağ xanlığının ləğvi barədə verdiyi fərmanın ili ilə tarixlənib.
Vizual elektron təsvirlərlə müşayət olunan məruzədən sonra A.Quliyev elmi-nəzəri seminar iştirakçılarının çoxsaylı suallarına cavab verdi. Elmi-nəzəri seminarın sədri tarix elmləri doktoru Əsədulla Cəfərov tədbirə yekun vuraraq bildirdi ki, Qarabağ xanlığı Azərbaycan dövlətçilik şüurunun tarixi təzahür forması idi və numizmatik material bunu sübut etməkdədir. “Hələ sovetlər dönəmində Qarabağ ərazisində mərhum Məmmədəli Hüseynovla birgə apardığımız tədqiqatlar zamanı antik və erkən orta əsrlərə məxsus memarlıq abidələrinin qalıqları ilə də üzləşmişdik. İnanırıq ki, torpaqlarımız azad olunduqdan sonra həmin abidələr onların əsil sahibi olan Azərbaycan xalqının alimləri tərəfindən tədqiq ediləcəklər” - deyə sonda Əsədulla Cəfərov vurğuladı.
Qeyd edək ki, elmi-nəzəri seminarda AMEA-nın müxbir üzvü İlyas Babayev, həmçinin, İnstitutun əməkdaşları da iştirak edirdilər.


AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsi
(012) 510 96 74, 055 659 04 95
parviz.gasimov.pr@gmail.com