Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi

AMEA ARXEOLOGİYA VƏ ETNOQRAFİYA İNSTİTUTU İLƏ NEAPOL (İTALİYA) “ŞƏRQ” TƏDQİQAT UNİVERSİTETİ ARASINDA BİRGƏ TƏDQİQAT VƏ TƏHSİL ƏMƏKDAŞLIĞI ANLAŞMA MEMORANDUMU İMZALANIB
AMEA ARXEOLOGİYA VƏ ETNOQRAFİYA İNSTİTUTU İLƏ NEAPOL (İTALİYA) “ŞƏRQ” TƏDQİQAT UNİVERSİTETİ ARASINDA BİRGƏ TƏDQİQAT VƏ TƏHSİL ƏMƏKDAŞLIĞI ANLAŞMA MEMORANDUMU İMZALANIB
  09.06.2017
2017-ci il iyunun 9-da Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu ilə İtaliya respublikasının Neapol “Şərq” Unversiteti (Università degli Studi di Napoli “L'Orientale”) arasında beş il müddətinə Arxeologiya sahəsində Birgə Tədqiqat və Təhsil Əməkdaşlığı Anlaşma Memorandumu imzalandı.
Hələ 2016-cı ilin dekabr ayının əvvəllərində Neapol “Şərq” Unversitetinin Asiya, Afrika və Aralıq dənizi hövzəsi departamentinin İran arxeologiyası və incəsənət tarixi bölümünün rəhbəri, professor Bruno Cenitonun (Bruno Genito) Azərbaycana elmi-tədqiqat məqsədli səfəri zamanı Unversitet ilə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu arasında əməkdaşlıq perspektivləri barədə məsələlər müzakirə edilmiş və qarşılıqlı işbirliyinin qurulması barədə sənədləşdirmə işlərinə başlamaq barədə razılığa gəlinmişdi. Tərəflər ötən aylar ərzində gələcək əməkdaşlıq barədə memorandumun şərtlərini dəqiqləşdirmiş, müqavilənin Azərbaycan, İtaliya və ingilis dilində variantlarını hazırlamışlar.
İmzalanmış memorandumun şərtlərinə əsasən birgə arxeoloji tədqiqatların təşkili, arxeologiya ilə əlaqəli interdisiplinar (fənlərarası) sahədə, arxeozoologiya, arxeobotanika, kimya, coğrafi informasiya sistemləri elmləri ilə bağlı və müasir arxeologiyanın standartlarına uyğun digər qarşılıqlı fəaliyyəti şərtləndirən müddəalar daxildir. Memorandumu Azərbaycan tərəfindən AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, professor, tarix üzrə elmlər doktoru Maisə Rəhimova, qarşı tərəfdən isə, professor Bruno Cenito imzaladılar.
Səmimi mühitdə keçmiş görüşdə AMEA-nın müxbir üzvü professor İlyas Babayev, İnstitut direktorunun elmi katibi, tarix üzrə fəlsəfə doktoru Sevil Ağamalıyeva və İnstitutun şöbə müdirləri, tarix üzrə fəlsəfə doktorları Səfər Aşurov, Bəhlul İbrahimli iştirak etmişlər.
Qeyd edək ki, professor Bruno Cenitonun elmi ezamiyyətinə Azərbaycan arxeoloqlarının müşayəti ilə hal-hazırda arxeoloji tədqiqatların aparıldığı ərazilərə və abidələrə səfər də daxildir.


AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsi
(012) 510 96 74, 055 659 04 95
parviz.gasimov.pr@gmail.com