Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi

ANTROPOLOGİYA ÜZRƏ ELMLƏR DOKTORU ƏLİAĞA MƏMMƏDLİNİN MÜƏLLİFİ OLDUĞU ETNOLOJİ TƏDQİQAT ƏSƏRİ NƏŞR EDİLMİŞDİR
ANTROPOLOGİYA ÜZRƏ ELMLƏR DOKTORU ƏLİAĞA MƏMMƏDLİNİN MÜƏLLİFİ OLDUĞU ETNOLOJİ TƏDQİQAT ƏSƏRİ NƏŞR EDİLMİŞDİR
  13.06.2017
Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun “Etnososioloji tədqiqatlar” şöbəsinin rəhbəri, antropologiya üzrə elmlər doktoru Əliağa Məmmədlinin müəllifi olduğu “Müasir cəmiyyət və etnomədəni müxtəliflik (Etnoloji oçerklər)” monoqrafiyası nəşr edilmişdir.
Monoqrafiya müasir etnik və etnomədəni prosesləri şərtləndirən amillərin və onların təsir dərəcəsinin müəyyənləşdirilməsinə həsr olunub. Həmçinin, monoqrafiyada bu proseslərin gedişində yaranan yeniliklərin ənənəvi mədəniyyətə təsir formalarının və məzmununun aydınlaşdırılmasına geniş yer verilib. Elmi ictimaiyyətə, ümumiyyətlə müasir sosial, etnik, siyasi proseslərlə maraqlananlara ünvanlanan bu kitabda Azərbaycanda etnik və etnomədəni proseslər nəzərdən keçirilir, etnik xüsusiyyətləri araşdıran etnologiya elminin Azərbaycandakı bu günkü durumu təhlil edilir, etnoslararası münasibətlərin tarixinə, müasir vəziyyətinə nəzər salınır.
SSRİ-nin dağılması və yeni müstəqil dövlətlərin yaranması, iqtisadiyyatın və mədəniyyətin qloballaşması, urbanizasiya və miqrasiya prosesləri, informasiya inqilabı və d. amillər təbii tarixi inkişaf nəticəsində etnik mədəniyyətin forma və məzmununun yeniləşməsi prosesinə gətirib çıxarır. Antropologiya üzrə elmlər doktoru Əliağa Məmmədlinin monoqrafiyasında Azərbaycan üçün bu cür dəyişikliklərin gətirdiyi yeniliklər, həmçinin, etnoloqlar, tarixçilər, etnopsixoloqlar, politoloqlar arasında bu dəyişiklərə birmənalı olmayan münasibət göstərilir, dəyişikliklərin mümkün pozitiv və neqativ təsirləri analiz edilir. “Qloballaşma şəraitində Azərbaycanda etnik mədəniyyət”, “Sovet dövründə azərbaycanlıların etnik identikliyinin formalaşmasının xüsusiyyətləri”, “Azərbaycanda müasir etnik siyasətin əsas istiqamətləri”, “Azərbaycanın polietnik bölgələrində aparılan etnososioloji tədqiqatlar”, “Qax rayonunun etnik mənzərəsi”, “Akademik T.Q.Köçərlinin “Naxçıvan: uydurmalar və tarixi həqiqətlər” adlı əsərinə bir baxış” və d. etnoloji oçerklərdən ibarət monoqrafiya etnoloqlar, etnopsixoloqlar, politoloqlar və eləcə də geniş oxucu kütləsi üçün bir yenilik olacaqdır.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsi
(012) 510 96 74, 055 659 04 95
parviz.gasimov.pr@gmail.com