Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi

QOBUSTAN MİLLİ TARİX-BƏDİİ QORUĞUNUN YARADILMASININ 50 İLLİYİ QEYD EDİLDİ
QOBUSTAN MİLLİ TARİX-BƏDİİ QORUĞUNUN YARADILMASININ 50 İLLİYİ QEYD EDİLDİ
  14.06.2017
İyunun 13-də Bakıda Qobustan Milli Tarix-Bədii Qoruğunun yaradılmasının 50 və UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilməsinin 10 illiyinə həsr olunmuş “Qobustan - mədəniyyətlərin qovşağında qayaüstü incəsənət” adlı beynəlxalq elmi konfrans işinə başlayıb. Konfrans Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) birgə təşkilatçılığı ilə reallaşıb.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Rəsmi Qəbullar Sarayında baş tutan konfransda dünyanın tanınmış arxeoloqları iştirak edirlər. Tədbirdə Qobustana həsr olunmuş videoçarx nümayiş olunub.
Qobustan Milli Tarix-Bədii Qoruğunun direktoru Rüfət Nuriyev çıxış edərək vurğulayıb ki, Qobustan yalnız insan məskəni deyil, tariximizi öyrənmək baxımından qiymətli mənbədir. Direktor Qobustanın tədqiqat tarixindən danışaraq bildirib ki, ilk dəfə olaraq 1939-cu ildə görkəmli arxeoloq İshaq Cəfərzadə Cingirdağ-Yazılıtəpə ərazisində qayaüstü təsvirləri qeydə alıb və bununla da Azərbaycan tarixində, mədəniyyətində əvəzsiz yeri olan Qobustan abidələri elm aləminə təqdim olunub. XX əsrin 60-cı illərindən İ.Cəfərzadənin tədqiqatları arxeoloqlar Cəfərqulu Rüstəmov və Firuzə Muradova tərəfindən uğurla davam etdirilib. Keçən bu müddət ərzində Qobustan təkcə yerli alimlərin deyil, həmçinin xarici arxeoloqların, elm adamlarının daim görmək və tədqiqatlarında iştirak etmək istədikləri qayaüstü təsvir mərkəzlərindən birinə çevrilib.
Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın şəxsi səyi nəticəsində 2007-ci ildə Qobustanın qayaüstü təsvirləri, mədəni landşaftı ilə birlikdə UNESCO-nun Dünya İrs Siyahısına daxil edilib.
Ölkə başçısının müvafiq sərəncamı əsasında Qobustan Milli Tarix-Bədii Qoruğunun ərazisində aparılan genişmiqyaslı yenidənqurma və abadlıq işləri nəticəsində yeni inzibati və muzey binası tikilərək istifadəyə verilib. Muzey müasir texnologiyalardan istifadə edilərək qurulub.
Diqqətə çatdırılıb ki, 2012-ci ildə Qobustan Milli Tarix-Bədii Qoruğu “European Museum of the Year Award” mükafatına layiq görülüb.
Konfransda AMEA-nın prezidenti, akademik Akif Əlizadə ölkəmizdə mədəni irsin qorunması istiqamətində aparılan işlərdən söz açıb. Bildirilib ki, son illər Azərbaycanın bütün bölgələri arxeoloji tədqiqatlara cəlb edilib. Azərbaycanın qədim tarixinin öyrənilməsi və gələcək nəsillərə çatdırılması üçün mühüm işlər görülüb.
Xalqımızın qədim mədəniyyətinin bənzərsiz incisi olan Qobustanın UNESCO-nun Dünya İrs Siyahısına daxil edilməsini mühüm hadisə kimi dəyərləndirən akademik vurğulayıb ki, milli-mənəvi sərvətlərimizin qorunmasında və dünyaya tanıdılmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın müstəsna xidmətləri var.
AMEA-nın prezidenti deyib ki, Qobustanda nəinki yerli, həm də nüfuzlu xarici universitetlərin alimləri tədqiqat işləri aparıblar. Elmi axtarışlar bir daha bu məkanın dünyanın ən qədim yaşayış məskənlərindən biri olduğunu sübut edir.
Konfransın əhəmiyyətini yüksək qiymətləndirən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tədbirdə İspaniya, İtaliya, Rusiya, Avstriya, Norveçdən tədqiqatçı alimlərin iştirak etdiyini söyləyib. Nazir belə tədbirləri Qobustanda aparılacaq tədqiqat işləri baxımından əhəmiyyətli hesab edib.
Nazir ölkəmizin ərazisindəki digər qoruqlar barədə danışaraq işğal altındakı torpaqlarımızdakı abidələr, o cümlədən Azıx mağarasına diqqət çəkib.
Kampo Limeiro qayaüstü incəsənəti arxeoloji parkının direktoru, PRAT-CARP Avropa Mədəni Marşrutunun Elm Komitəsinin üzvü Jose Manuel Rey Qarsiya (İspaniya) dəvətə görə təşəkkürünü bildirərək Qobustan qoruğunun 50 illiyini təbrik edib. Qobustanın mühüm mədəni turizm marşrutuna çevrildiyini söyləyib.
İtaliyanın Milan Universitetinin professoru, “Humidblok” şirkətinin incəsənət və memarlıq üzrə direktoru, bərpaçı-memar Scrinzi Luigi Domenico Leonardo Enrico qonaq kimi burada olmağından məmnunluğunu ifadə edərək ilk dəfə Azərbaycana 2005-ci ildə gəldiyini söyləyib. Roma imperatoru Domisianın dövründə Roma legionunun burada olmasını təsdiq edən qədim Roma yazısını tədqiq etdiyini vurğulayıb. Bildirib ki, Roma yazısı ən yaxşı burada həkk olunub.
Norveçin Tromso Universitetinin tədqiqatçısı Jan Magne Gjerde Qobustan barədə tələbə olarkən eşitdiyini, ilk dəfədir ölkəmizə gəldiyini söyləyib.
Ali Attestasiya komissiyasının eksperti, AMEA-nın müxbir üzvü, professor Cəfər Qiyasi Qobustan qoruğundakı muzeyin layihəsini hazırlaması və üzərində işləməsindən söhbət açıb.
Tədbirdə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru Maisə Rəhimova və AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun direktoru Ərtegin Salamzadə çıxış edərək Qobustan abidələrinin tarixi keçmişindən və burada aparılan müasir tədqiqat işlərindən geniş söhbət açıblar.
Sonra Qobustan Milli Tarix-Bədii Qoruğunun yaradılmasının 50 illiyi münasibətilə qoruğun bir qrup əməkdaşı Mədəniyyət və Turizm Nazirliyinin fəxri fərmanları ilə təltif edilib.
Qeyd edək ki, iki gün davam edəcək konfransda Qobustanın tarixinə dair məruzələr dinləniləcək. Konfransda, həmçinin Mədəniyyət və Turizm Nazirliyinin, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun dəstəyi ilə qoruğun əməkdaşları tərəfindən aparılan tədqiqatlarla bağlı “Qobustan. Yeni baxış” adlı layihənin təqdimatı olacaq. Layihəyə əsasında ilk dəfə olaraq abidələrin öyrənilməsində 3D modelləşdirmə metodundan istifadə olunub ki, bu da öz növbəsində Qobustan qayaüstü təsvirlərinin Abşeron və Kiçik Qafqaz qayaüstü təsvirləri ilə əlaqəsi və ümumilikdə Azərbaycan qayaüstü incəsənətinin öyrənilməsi üçün yeni imkanlar açır.

Mənbə: AzərTAC, 13 iyun 2017-ci il


AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsi
(012) 510 96 74, 055 659 04 95
parviz.gasimov.pr@gmail.com