Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi

II TOVUZÇAY MƏZARLIĞI ABİDƏSİNDƏ APARILAN TƏDQİQATLAR ZAMANI AŞKAR EDİLMİŞ XOCALI-GƏDƏBƏY MƏDƏNİYYƏTİNƏ AİD TAPINTILAR
II TOVUZÇAY MƏZARLIĞI ABİDƏSİNDƏ APARILAN TƏDQİQATLAR ZAMANI AŞKAR EDİLMİŞ XOCALI-GƏDƏBƏY MƏDƏNİYYƏTİNƏ AİD TAPINTILAR
  10.07.2017
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix üzrə elmlər doktoru Nəcəf Müseyiblinin rəhbərlik etdiyi ekspedisiya 2017-ci ilin iyun ayında Tovuz çayının sol sahilində yerləşən Xocalı-Gədəbəy mədəniyyətinə aid, elmi dövriyyəyə “II Tovuzçay məzarlığı” adı ilə daxil olmuş abidədə arxeoloji qazıntılar aparmışdır. E.ə. II minilliyin axırları - I minilliyin əvvəllərinə (son tunc - erkən dəmir dövrünə) aid bu abidədə arxeoloji tədqiqatlar magistral qaz kəmərinin genişləndirilməsi ilə bağlı aparılan tikinti işləri layihəsi çərçivəsində həyata keçirilir.
II Tovuzçay məzarlığında aparılan arxeoloji qazıntılar zamanı torpaq qəbirlərdə dəfn edilmiş insan skeletləri ilə yanaşı çoxsaylı saxsı qablar, silah nümunələri, yerli və Yaxın Şərq ölkələrindən gətirilmə bəzək əşyaları və s. aşkar edilmişdir. Ən maraqlı tapıntılardan kişiyə məxsus bir qəbirdə, skeletin bel hissəsində aşkar edilmiş tunc kəməri və onunla birgə dəmir xəncəri xüsusilə qeyd etmək lazımdır. Bu tapıntılar dəfn edilənin döyüşçü, yüksək sosial statusa malik bir şəxs olduğunu göstərir. Yanaşı aşkar edilmiş qadın qəbrində isə çoxsaylı bəzək əşyaları - müxtəlif minerallardan hazırlanmış muncuqlar, tuncdan hazırlanmış qolbaqlar və s. aşkar edilmişdir.
II Tovuzçay məzarlığında aparılan qazıntılar Azərbaycan xalqının qədim əcdadları olan Xocalı-Gədəbəy mədəniyyəti əhalisinin dəfn adətlərinin, dulusçuluq, metalişləmə və s. sənətkarlıq sahələrinin, uzaq ölkələrlə mədəni-iqtisadi əlaqələrinin tarixinin öyrənilməsi üçün mühüm əhəmiyyət kəsb edir.


AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsi
(012) 510 96 74, 055 659 04 95
parviz.gasimov.pr@gmail.com