Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi

NAXÇIVAN YAŞAYIŞ YERİNDƏ ARXEOLOJİ TƏDQİQATLAR ZAMANI DALMA TƏPƏ TİPLİ BOYALI QABLAR AŞKAR EDİLİB
NAXÇIVAN YAŞAYIŞ YERİNDƏ ARXEOLOJİ TƏDQİQATLAR ZAMANI DALMA TƏPƏ TİPLİ BOYALI QABLAR AŞKAR EDİLİB
  27.07.2017
AMEA-nın müxbir üzvü, Naxçıvan şəhər arxeoloji ekspedisiyasının rəisi Vəli Baxşəliyevin bildirdiyinə görə, son illər aparılan araşdırmalar zamanı Naxçıvan ərazisində xeyli yeni arxeoloji abidə aşkar olunmuşdur.
“Bu abidələrin bir qismi Eneolit (mis-daş dövrü, e.ə. VI-IV minilliklər) dövrünə aiddir. Azərbaycanda Şomutəpə və Kültəpə tipli abidələrin Neolit (yeni daş dövrü, e.ə. VIII-VI minilliklər) dövrünə aid edilməsi nəticəsində Son Neolit və Son Eneolit mədəniyyətləri arasında bir boşluq yaranmışdı. Naxçıvanda aşkar olunan abidələr bu boşluğu doldurmağa imkan verir. Naxçıvan şəhəri yaxınlığındakı Uçan Ağıl və Uzunoba abidələrinin tədqiqi zamanı götürülən radiokarbon analizlər onların e.ə. V minilliyin birinci yarısına aid olduğunu göstərmişdir. Bu baxımdan Naxçıvan şəhəri ərazisində, Naxçıvançayın sağ sahilində aşkar olunan yeni yaşayış yeri xüsusilə əhəmiyyətlidir”- Vəli Baxşəliyev AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinə bildirib.
AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevə görə, Naxçıvan MR Ali Məclisi Sədrinin tövsiyyəsi ilə Naxçıvan şəhəri ərazisində yerləşən Naxçıvan yaşayış yerində araşdırmalar 10 iyul 2017-ci il tarixdən başlanmışdır. “Hazırda tədqiqatlar davam edir. Yaşayış yerinin tədqiqi zamanı e.ə. V minilliyin birinci yarısına aid maddi-mədəniyyət nümunələri aşkar edilmişdir. Yaşayış yeri düzbucaqlı arxitektura ilə xarakterizə olunur. İlkin araşdırmalar mədəni təbəqənin 1,5-2 m arasında olduğunu göstərir. Yaşayış yerindən aşkar olunan Dalma Təpə tipli boyalı, dırnaq, barmaq və barmaq basqısı ilə naxışlanmış keramika diqqəti cəlb edir. Urmiya hövzəsində, Dalma Təpə yaşayış yerindən aşkar olunan Eneolit mədəniyyəti indiyədək izolyasiya olunmuş mədəniyyət sayılırdı və Cənubi Qafqazda aşkar olunmamışdı. Yeni tapıntılar bu mədəniyyətin Azərbaycanda mövcud olduğunu, Urmiya hövzəsi və Naxçıvanın qədim mədəniyyətlərinin ortaq özəlliklərə malik olduğunu deməyə imkan verir”-ekspedisiya rəhbəri xüsusi olaraq vurğulayıb.
Vəli Baxşəliyevin sözlərinə görə, arxeoloji araşdırmalar göstərir ki, Cənubi Azərbaycan, o cümlədən Urmiya hövzəsindəki Eneolit abidələrində istifadə olunan obsidianın (dəvəgözü, vulkanik mənşəli şüşədən ibarət dağ suxuru) 95%-i Naxçıvan yaxınlığındakı Sünik yatağından aparılmışdır. “Kültəpə ətrafındakı Eneolit abidələrinin tədqiqi Naxçıvanda 60%-i Göyçə, 30 %-i Sünik obsidianından istifadə olunduğunu və Urmiya hövzəsi yaşayış yerlərinin obsidianla təmin olunmasında Naxçıvanın mühüm strateji nöqtə olduğunu göstərir. Hazırda aparılan araşdırmalar əsasında Eneolit yaşayış yerlərinin GPS koordinaları əsasında xəritələşdirilməsi qədim kommunikasiya xətlərini müəyyənləşdirməyə də imkan vermişdir”.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsi
(012) 510 96 74, 055 659 04 95
parviz.gasimov.pr@gmail.com
http://arxeologiya.az/
https://www.facebook.com/AMEA-Arxeologiya-və-Etnoqrafiya-İnstitutu