Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi

NAXÇIVAN MUXTAR RESPUBLİKASINDA AZƏRBAYCAN - FRANSA BEYNƏLXALQ EKSPEDİSİYASININ FƏALİYYƏTƏ BAŞLAMASI VƏ ERKƏN ENEOLİT DÖVRÜNƏ AİD DAHA BİR YAŞAYIŞ YERİ KƏŞF EDİLİB
NAXÇIVAN MUXTAR RESPUBLİKASINDA AZƏRBAYCAN - FRANSA BEYNƏLXALQ EKSPEDİSİYASININ FƏALİYYƏTƏ BAŞLAMASI VƏ ERKƏN ENEOLİT DÖVRÜNƏ AİD DAHA BİR YAŞAYIŞ YERİ KƏŞF EDİLİB
  16.08.2017
2017-ci ilin avqust ayından etibarən AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev və Fransanın Elmi Araşdırmalar Mərkəzinin (CNRS), həmçinin, Lion-2 Lümyer Universitetinin Aralıq dənizi və Şərq üzrə araşdırmalar Mərkəzinin (Université Lumière Lyon 2, Maison de l'Orient et de la Méditerranée (MOM), Le laboratoire Archéorient) tədqiqatçısı, arxeoloq, doktor Catherine Marronun rəhbərliyi ilə Azərbaycan-Fransa beynəlxalq arxeoloji ekspedisiyası arxeoloji araşdırmalara başlamışdır. AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevin verdiyi məlumata görə, beynəlxalq arxeoloji ekspedisiyanın əsas məqsədi ̶ qədim əkinçilik mədəniyyətlərinin formalaşması prosesini və qədim insanların ətraf aləmlə tanışlığını öyrənmək, iqtisadi-mədəni əlaqələrin istiqamətini müəyyənləşdirməkdən ibarətdir.
V.Baxşəliyevin bildirdiyinə görə, tədqiqat mövsümünün ilk günlərindən Eneolit dövrünün erkən mərhələsinə aid yaşayış yerinin aşkar olunması olduqca maraq doğurmuşdur. Yaşayış yerinin keramika məmulatı arasında boyalı qablar da vardır. Maddi-mədəniyyət nümunələri ölkəmizin qədim sakinlərinin Yaxın Şərq ölkələri ilə əlaqələrini öyrənməyə, Eneolit dövrünün ardıcıl inkişaf mərhələlərini müəyyənləşdirməyə imkan verir. Tədqiqat zamanı aşkar olunan maddi-mədəniyyət nümunələrinin bir qismi obsidian alətlərdən ibarətdir. Hazırda araşdırmalar davam etdirilməkdədir.
AMEA-nın müxbir üzvü V.Baxşəliyev xüsusi olaraq vurğulamışdır ki, aşkar edilən maddi-mədəniyyət nümunələri Azərbaycan alimləri ilə yanaşı, Fransa, Almaniya, İtaliya, Türkiyə, Macarıstan və Avstraliyadan gələn mütəxəssislər tərəfindən tədqiq edilməkdədir.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsi
(012) 510 96 74, 055 659 04 95
parviz.gasimov.pr@gmail.com
http://arxeologiya.az/
https://www.facebook.com/AMEA-Arxeologiya-və-Etnoqrafiya-İnstitutu