Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi

ARXEOLOGİYA VƏ ETNOQRAFİYA İNSTİTUTUNUN APARICI ELMİ İŞÇİSİ BƏHMƏN ƏLİYEVİN MÜƏLLİFİ OLDUĞU İKİ CİLDLİK “HİNDİSTAN ETNOQRAFİYASI” ADLI DƏRS VƏSAİTİ NƏŞR EDİLİB
ARXEOLOGİYA VƏ ETNOQRAFİYA İNSTİTUTUNUN APARICI ELMİ İŞÇİSİ BƏHMƏN ƏLİYEVİN MÜƏLLİFİ OLDUĞU İKİ CİLDLİK “HİNDİSTAN ETNOQRAFİYASI” ADLI DƏRS VƏSAİTİ NƏŞR EDİLİB
  17.08.2017
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi və Azərbaycan Dillər Universitetinin (ADU) müəllimi, tarix üzrə fəlsəfə doktoru, etnoqraf Bəhmən Əliyevin (Ayvazalı) müəllifi olduğu “Hindistan etnoqrafiyası" adlı iki cildlik dərs vəsaiti nəşr edilmşdir.
Dərs vəsaitinin birinici cildi “Hindistan etnoqrafiyası" (maddi mədəniyyət)” adlanır. Bu cilddə (Əliyev (Ayvazalı) Bəhmən Fazil oğlu. Hindistanın etnoqrafiyası (maddi mədəniyyət). c. I, Bakı, “Elm və Təhsil” nəşriyyatı, 2017, 242 səh.) Hindistanın tədqiqinin mərhələləri, Hindistan etnoqrafiya (antropologiya, etnologiya) elminin yaranması və inkişafı əksini tapmışdır. Hindistanın tarixi-etnoqrafik səciyyəsi oçerklər şəklində qədimdən müasir dövrədək verilmiş, tarixə maddi və mənəvi mədəniyyətin inkişafı müstəvisində baxılmışdır. Kitabda Hindistanın coğrafi şəraiti və iqliminin təsərrüfat həyatına təsiri, maddi mədəniyyət (yaşayış məskənləri və evləri, geyimlər və bəzəklər, yemək və içkilər və s.), təsərrüfatın xüsusiyyətləri, təsərrüfatı transformasiya etmiş aqrar islahatlar,, sənətkarlıq araşdırılmışdır.
“Hindistan etnoqrafiyası (mənəvi mədəniyyət)” adlanan dərs vəsaitinin ikinci cildində (Əliyev (Ayvazalı) Bəhmən Fazil oğlu. Hindistan etnoqrafiyası (mənəvi mədəniyyət). c. II, Bakı, “Elm və Təhsil” nəşriyyatı, 2017, 234 səh.) Hindistаn etnoqrafiyasının formalaşmasında dinlərin və dini inancların rolu, varna-cati sistemi, bayramlar, musiqi və rəqslər, ailə və ailə-nikah münasibətləri, irqi-etnik tərkib, etno-mədəni proseslərdə dil amili, etnolinqvistik ştatların yaranması və s. məsələlər ənənəvilik və müasirlik müstəvisində araşdırılır, şərh olunur, çoxsaylı nümunələr gətirilir. Etnoqrafik materiallara Hindistanın tarixi, maddi və mənəvi mədəniyyəti ilə vəhdət şəklində baxılır.
İki cildlik dərs vəsaiti Hindistanşünaslıq üzrə ixtisas təhsili alan ali məktəb tələbələri, magistrlər, Hindistan etnoqrafiyası ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulur.
Dərslik ADU-nun Elmi Şurası tərəfindən nəşrə tövsiyyə edilmişdir.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsi
(012) 510 96 74, 055 659 04 95
parviz.gasimov.pr@gmail.com
http://arxeologiya.az/
https://www.facebook.com/AMEA-Arxeologiya-və-Etnoqrafiya-İnstitutu