Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi

AMEA ƏMƏKDAŞLARI MÖHTƏŞƏM BEYNƏLXALQ ELMİ LAYİHƏDƏ İŞTİRAK EDİRLƏR
AMEA ƏMƏKDAŞLARI MÖHTƏŞƏM BEYNƏLXALQ ELMİ LAYİHƏDƏ İŞTİRAK EDİRLƏR
  18.08.2017
AMEA-nın əməkdaşları Avropa Komissiyasının “Horizon 2020” Maria Skladovska Küri Proqramı tərəfindən maliyyələşdirilən “Biliyin mübadiləsi və akademik mədəniyyətlər humanitar elmlərdə, Avropa və Qara dəniz bölgəsi, 18-ci əsrin sonu 21-ci əsrlər” layihəsi çərçivəsində Avstriya və Gürcüstanda elmi tədqiqatlar aparmaqdadırlar.
2016-cı ildə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı t.ü.f.d. Zaur Həsənov “Horizon 2020” qrant lahiyəsində iştirak üçün İnstitut adından müraciət etmiş və iştirak barədə müsbət cavaba nail olmuşdur. Bu layihə “Horizon 2020” Maria Skladovska Küri proqramı çərçivəsində maliyyələşdirilir. Layihə “Biliyin mübadiləsi və akademik mədəniyyətlər humanitar elmlərdə, Avropa və Qara dəniz bölgəsi, 18-ci əsrin sonu 21-ci əsrlər” adlanır.
Layihə 2017-ci ilin yanvar ayından başlayıb, 4 il müddətində davam edəcək və bu layihədə 12 ölkə (Avstriya, Azərbaycan, Türkiyə, Gürcüstan, Rumıniya, Ukrayna, Makedoniya, Rusiya, Moldova və d.) iştirak edir. Layihənin ümumi koordinatoru Avstriyanın Karl və Frans adına Qrats Universitetinin (Karl-Franzens-Universität Graz) Cənub-Şərqi Avropa Tarixi və Antropologiyası kafedrasının müdiri, professor Karl Kayzerdir. Azərbaycan üzrə layihənin milli koordinatoru Zaur Həsənovdur.
Layihənin ilk mərhələsi 2017-ci ilin yanvar ayının 14-də Gürcüstanın Şota Rustaveli adına Batumi Dövlət Universitetində başlandı. Bu zaman layihə ilə bağlı ilk texniki və nəzəri seminar keçirildi. Seminarı professor Karl Kayzer və onun kafedrasının əməkdaşı Dominik Gutmeyr (PhD) aparırdılar. Bu seminarda Zaur Həsənov iştirak etmişdir.
Zaur Həsənov bu layihəyə AMEA-nın 8 əməkdaşını cəlb etmişdir. İyunun 12-dən eitbarən Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları t.ü.f.d. Zaur Həsənov və Orxan Zamanov layihə çərçivəsində ilk elmi ezamiyyətlərini Karl və Frans ad. Qrats Universitetində gerçəkləşdirməyə başladılar.
İyul ayının 8-dən və avqustun 1-dən etibarən Ş.Rustaveli ad. Batumi Dövlət Universitetində AMEA-nın daha 7 əməkdaşından ibarət heyətinin elmi ezamiyyəti gerçəkləşdi. Bu heyətə Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları t.ü.f.d. Səfər Aşurov, t.ü.f.d. Fərhad Quliyev, t.ü.f.d. Xaqani Alməmmədov, Pərviz Qasımov, Valeh Ələkbərov və həmçinin, A.A.Bakıxanov adına Tarix İnstitutu əməkdaşları tarix elmləri doktoru İradə Bağırova, t.ü.f.d. Şamil Rəhmanzadə daxildirlər.
Layihədə iştirak edən AMEA əməkdaşları ezam olunduqları ölkələrdə həmkarları ilə elmi mübadilə xarakterli görüşlərdə iştirak edir, layihə çərçivəsində elmi tədqiqat mövzuları ilə əlaqədar araşdırmalar aparır, həmçinin, arxeoloji abidələrlə tanış olur, kitabxanalarda, elmi araşdırma mərkəzlərində və elmi arxivlərdə tədqiqatlarını davam etdirirlər. Layihə iştirakçıları avqust-sentyabr aylarında ezamiyyətlərini başa çatdıraraq Vətənə qayıdacaqlar.

Şəkillərdə:
1) Zaur Həsənov (sağda) və professor Karl Kayzer. Karl və Frans ad. Qrats Universiteti Cənub-Şərqi Avropa Tarixi və Antropologiyası kafedrasının qarşısında.
2) Karl və Frans ad. Qrats Universitetində elmi tədqiqat iştirakçıları Qədim Roma dövrünə aid olan Flavia Solva arxeoloji muzey-qoruğunda: (sağdan sola) professor Karl Kayzer, professor Michaella Wolf, Zaur Həsənov, Orxan Zamanov.
3) Flavia Solva qazıntılarının bir hissəsinin konservasiyası (binanın qədim isitmə sistemi).
4-5) Tədqiqat iştirakçıları Qədim Roma dövrü üzrə Tempelmuseum Frauenberg arxeoloji muzey-qoruğunda.
6) Ş.Rustaveli ad. Batumi Dövlət Universitetində elmi tədqiqat iştirakçıları: (sağdan sola) X.Alməmmədov, S.Aşurov, P.Qasımov, M.Aroşidze, İ.Bağırova, Ş.Rəhmanzadə, F.Quliyev, V.Ələkbərov.
7) Qonio-Apsar muzey-qoruğu, arxeoloji qazıntı sahələri; etnoloq, doktor Tamaz Putkaradze (sağdan birinci) və muzey əməkdaşı Xatuna Kiladze (ortada).
8-9) Bizans dövrü Petra qalası ekspedisiyasının rəhbəri, Gürcüstan Milli Muzeyi nəzdində Arxeoloji Mərkəzin əməkdaşı, dok. David Mindaraşvili ilə görüş.
10) Tədqiqat iştirakçıları Batumi Arxeoloji Muzeyində.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsi
(012) 510 96 74, 055 659 04 95
parviz.gasimov.pr@gmail.com
http://arxeologiya.az/
https://www.facebook.com/AMEA-Arxeologiya-və-Etnoqrafiya-İnstitutu