Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi

AMEA ARXEOLOGİYA VƏ ETNOQRAFİYA İNSTİTUTUNUN SEKTOR MÜDİRİ BƏXTİYAR CƏLİLOVUN RƏHBƏRLİK ETDİYİ DAŞKƏSƏN-GORANBOY EKSPEDİSİYASININ ƏMİRVAR KURQANINDA (DAŞKƏSƏN RAYONU) APARDIĞI TƏDQİQATLARIN İLKİN NƏTİCƏLƏRİ...
AMEA ARXEOLOGİYA VƏ ETNOQRAFİYA İNSTİTUTUNUN SEKTOR MÜDİRİ BƏXTİYAR CƏLİLOVUN RƏHBƏRLİK ETDİYİ DAŞKƏSƏN-GORANBOY EKSPEDİSİYASININ ƏMİRVAR KURQANINDA (DAŞKƏSƏN RAYONU) APARDIĞI TƏDQİQATLARIN İLKİN NƏTİCƏLƏRİ...
  11.09.2017
Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun sektor müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Bəxtiyar Cəlilovun rəhbərliyi altında Daşkəsən-Goranboy arxeoloji ekspedisiyası 2017-ci ildə Daşkəsən rayonu, Əmirvar kəndi ərazisində kurqan tipli qəbir abidələrində qazıntı işləri aparmışdır. Tədqiq edilmiş hündürlüyü 3,5m, diametri 28 metr olan kurqanın üst örtüyünün ətrafi iri qaya parçalarından ibarət kromlexlə əhatələnmişdi. Aparılan qazıntı işləri zamanı kurqan örtüyünün altından, bir-birində 3 metr aralı, 2 qəbir kamerası aşkar edilmişdir. Kurqan kameraları öncə materikdə qazılmış, daha sonra iri sal qayalardan istifadə edilməklə, meqalitik məzar odaları hazırlanmışdır. Hər biri 8 ədəd iri sal qayalardan hazırlanmış məzar odalarının eni 2-2,3 metr, uzunluqları 4 metr, hündürlükləri 2 metrdir. Kameranın inşasında istifadə edilən qayaların hər birinin ağırlığının təxminən 3-4 ton təşkil etməsini, həmçinin onların kifayət qədər kənar ərazidən buraya gətirilmələrini nəzərə alsaq, qədim dövrdə bu kurqanların inşa edilməsində çəkilən zəhmət və tikintidə hansı inşaat üsulundan istifadə edilməsini təsəvvür etmək insanda təəccüb yaratmaya bilməz. Kameraların inşasında istifadə edilən sal qayaların arası kiçik qaya daşları ilə doldurulmuş, iç tərədən isə gil ilə suvanmışdır. Mərhum və ona məxsusu olan ritual əşyalar meqalitik məzar odasına qoyulduqdan sonra, qərb tərəfdən olan giriş sal qaya daşla bağlanmışdır.
Birinci qəbir kamerasından aşkar edilən insan qalıqları və qəbir avadanlıqlarına əsasən, burada yeniyetmə, 12-14 yaşları arasında qızın dəfn edildiyi müəyyən edilmişdir. Kurqan kamerasından saxsı qab nümunələri, tunc bəzək əşyaları, asmalar, piləklər, qolbağlar, üzük, iynə, çoxsaylı mineral muncuqlar, taxta və parça qalıqları aşkar edilmişdi. İnsan sümükləri güclü çürüməyə məruz qalmışdı. Qəbirdən aşkar edilən zəngin tunc bəzək əşyalarının ritual xarakter daşıdığını söyləmək olar. Belə ki, onların ümumi çəkisini və say miqdarını nəzərə alsaq, nəinki yeniyetmə qızın, hətta böyük insanların belə, bunları gündəlik və ya hər hansı bir tədbirlərdə üzərində daşıması imkansızdır.
Ekspedisiya rəhbəri Bəxtiyar Cəlilovun bildirdiyinə görə, qəbir avadanlıqları içərisində xüsusi maraq doğuran tapıntılardan biri parça qalıqlarıdır. Belə ki, buradan ayrı-ayrı parça nümunələri aşkar edilmişdir ki, onların daha sıx və incə toxunulmadan, daha qalın və seyrək toxunulmaya qədər 4 fərqli toxunma metodu müəyyən edilmişdir. İbtidai cəmiyyətdə qədim insanların heyvan dərisindən, bitki liflərindən və ya yundan hazırlanmış və yalnız bir geyiminin olduğu haqqında təsəvvürlərimizi aşkar edilən parça qalıqları kökündən dəyişməkdədir. Belə ki, kurqanda qalıqları aşkar edilmiş yeniyetmənin dəfn edilərkən, üst-üstə ən azı 3-4 geyimə malik olduğunu qeyd edə bilərik. Bu onu göstərir ki, ən azından Azərbaycan ərazisində tunc dövründə qədim toplumun geyimi bir neçə dəstdən ibarət idi.
Kurqanın 2 nömrəli kamerasında aşkar edilən qəbir hədiyyələrinə əsasən onun cəmiyyətdə yüksək mövqeyə malik olan insana məxsus olduğunu qeyd edə bilərik. Belə ki, qəbir avadanlıqları içərisində, bir ədəd, başlığı öküz başı formasında olan, tuncdan hazırlanmış skipetrin (hakimiyyət rəmzi olan əsa) hissələri aşkar edilmişdir. Bununla yanaşı kameradan saxsı qab nümunələri, tunc piləklər, mineral daşdan olan muncuqlar, tunc toqqa hissələri və s. aşkar edilmişdir. Ekspedisiya rəhbəri B. Cəlilov kurqan kamerasının üst örtüyünün yan kəsiyinə əsasən, burada ilk olaraq yeniyetmənin, daha sonra isə yaşlı insanın dəfn edildiyi qənaətindədir. Kurqandan aşkar edilən maddi mədəniyyət nümunələrinə əsasən onlar, son tunc dövrünə, e. ə. XII-XI əsrlərə aid edilmişlər.


AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsi
(012) 510 96 74, 055 659 04 95
parviz.gasimov.pr@gmail.com