Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi

GƏGƏLİ NEKROPOLUNDA APARILAN ARXEOLOJİ TƏDQİQATLAR VƏ DƏMİRÇİ ARXEOLOJİ-ETNOQRAFİK MUZEYİNİN LAYİHƏSİNİN TƏQDİMATI
GƏGƏLİ NEKROPOLUNDA APARILAN ARXEOLOJİ TƏDQİQATLAR VƏ DƏMİRÇİ ARXEOLOJİ-ETNOQRAFİK MUZEYİNİN LAYİHƏSİNİN TƏQDİMATI
  05.10.2017
2 oktyabr tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı rayonuna səfərləri zamanı rayonun Dəmirçi kəndində Gəgəli nekropolunda aparılan arxeoloji tədqiqatlar nəticəsində aşkara çıxarılmış maddı mədəniyyət nümunələri, tədqiqatların gedişatı və nəticələri ilə yaxından tanış olmuşlar.
Qeyd edək ki, Gəgəli nekropolu 2016-cı ildə Dəmirçi-Lahıc yolu çəkilərkən aşkara çıxarılmışdır. Nekropolun ümumi sahəsi 1,5 ha. təşkil edir. 2016-cı ilin mart ayında AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Şamaxı-Ağsu arxeoloji ekspedisiyasının rəisi, tarix üzrə fəlsəfə doktoru A.A.Quliyevin rəhbərliyi ilə abidədə arxeoloji tədqiqat işləri aparılmış, 10 daş qutu qəbir tədqiq edilmişdir. Aparılmış tədqiqatlar zamanı Qafqaz Albaniyasının Son Antik və İlk Orta əsrlər dövrünə (I-IV əsrlər) aid maddı mədəniyyət nümunələri aşkar edilmişdir. Qəbir kameralarından bəzək əşyaları, saxsı qablar, dəmir silahlar, numizmatik materiallar tapılmışdır.
Bu il aparılan tədqiqatlar zamanı daha 18 qəbir aşkar edilmişdi.
Avqust-sentyabr aylarında aparılan tədqiqatlar zamanı nekropolun yaxınlığında qala divarları və yaşayış məskəninin qalıqları tapılmışdır. Burada aparılan tədqiqatlar zamanı, qala divarlarının bünövrəsindən e.ə. IV-III əsrlərə aid təknə qəbir fraqmentləri aşkar edilmişdir. Bundan başqa qadın və körpə uşağa məxsus iki daş qutu qəbir aşkar edilərək, tədqiq edilmişdi. Qalanın daxilində aparılan tədqiqat zamanı V-XIII əsrlərə aid saxsı nümunələri, insan skeleti və heyvan sümüklərinin hissələrinə də rast gəlinmişdir. Aşkar edilmiş maddi-mədəniyyət nümunələri nəticəsində bu yaşayış məskəninin uzun müddət insanların sığınacaq yeri olduğu müəyyən edildi.
Dəmirçi Arxeoloji-Etnoqrafik Muzeyinin təşkili ölkəmizin turizm potensiyalının inkişafına böyük təkan vermiş olacaq və Şirvan bölğəsinin, xüsusi ilə Şamaxı rayonunun turizm infrastrukturunun genişləndirilməsinə şərait yaradacaq.


AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsi
(012) 510 96 74, 055 659 04 95
parviz.gasimov.pr@gmail.com