Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi

AMEA ARXEOLOGİYA VƏ ETNOQRAFİYA İNSTİTUTUNUN ETNOSOSİOLOJİ TƏDQİQATLAR ŞÖBƏSİNİN RƏHBƏRİ ANTROPOLOGİYA ÜZRƏ ELMLƏR DOKTORU, PROFESSOR ƏLİAĞA MƏMMƏDLİNİN RƏHBƏRLİK ETDİYİ ETNOQRAFİK EKSPEDİSİYANIN QRIZ KƏNDİNDƏ APARDIĞI TƏDQİQATLAR...
AMEA ARXEOLOGİYA VƏ ETNOQRAFİYA İNSTİTUTUNUN ETNOSOSİOLOJİ TƏDQİQATLAR ŞÖBƏSİNİN RƏHBƏRİ ANTROPOLOGİYA ÜZRƏ ELMLƏR DOKTORU, PROFESSOR ƏLİAĞA MƏMMƏDLİNİN RƏHBƏRLİK ETDİYİ ETNOQRAFİK EKSPEDİSİYANIN QRIZ KƏNDİNDƏ APARDIĞI TƏDQİQATLAR...
  31.10.2017
Etnoqrafik ekspedisiya Qrız kəndində tədqiqatlar aparıb

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Etnososioloji tədqiqatlar şöbəsinin əməkdaşları Quba rayonunun dağlıq hissəsində yaşayan “Şahdağ qrupu” dilli xalqlarını tədqiq etməkdə davam edirlər. Bu dəfə alimlərin tədqiqat obyekti Şahdağ dağının cənub-şərq yamacında yerləşən, əzəli məskəni Qrız kəndi olan – qrızlar olmuşlar.
Sərt təbii-iqlim şəraiti, təsərrüfat üçün torpaqların çatışmazlığı qrızların ayrı-ayrı ailələrinin və qohum qruplarının düzənlik ərazilərə köçməsini əsrlər boyu şərtləndirmişdir. Belə köçmələrin nəticəsi olaraq Quba, həmçinin Xaçmaz, İsmayıllı rayonlarının ərazisində qrızların məskən saldığı Qrız Dəhnə, Əhmədoba, Palçınoba, Çinartala və digər bir sıra kəndlərin əsası qoyulmuşdur. Zəngin və özünəməxsus etnik mədəniyyətinə baxmayaraq qrızlar bu günə kimi xüsusi etnoqrafik tədqiqat obyekti olmamışlar. Qrızlara aid ayrı-ayrı tədqiqatlar əsasən bu xalqın dili və maddi mədəniyyətinin bəzi aspektlərinə həsr olunmuşdur. Ekspedisiyanın hazırkı işi Azərbaycanda tarixən yaranmış tolerant etnik şəraitə görə qalmış bu unikal xalqın etnoqrafik cəhətdən öyrənilməsinə dair uzunmüddətli layihənin başlanğıcıdır.
Azərbaycanda tarixən yaranmış müxtəlif etnik birliklər arasındakı tolerant münasibətlər dünyanın bir çox ölkələrində yerli xalqların üzləşdiyi problemlərin çoxunu əhəmiyyətli dərəcədə aradan qaldırır. Lakin burada praktiki olaraq bütün azsaylı etnosların üzləşdiyi məsələlər də mövcuddur. Bu məsələlər daha çox müasir ümumdünya prosesləri, xüsusilə qloballaşma, mədəniyyətlərin unifikasiyası ilə bağlıdır. Bu proseslərin təzyiqi altında Azərbaycanda da tarixən məskunlaşan mədəniyyətlər, etnik qrupların dilləri öz funksional əhəmiyyətini tədricən itirirlər. Belə şəraitdə dövlətimiz ölkənin xalqlarının etnik mədəniyyətlərinin qorunması və inkişafı istiqamətində ciddi tədbirlər görür. Lakin müasir şəraitdə bərpa olunmaz şəklinə düşən proseslər də mövcuddur.
Məhz bu səbəbdən antropologiya üzrə elmlər doktoru, professor Əliağa Məmmədlinin başçılıq etdiyi ekspedisiyanın əsas məqsədi qrızların hazırkı etnomədəni vəziyyətinin, qrız dilinin həm həmcins, həm də polietnik mühitdə işlənməsi dərəcəsinin öyrənilməsi olmuşdur. Xüsusi diqqət etnik identiklik məsələlərinə yetirilmişdir.
“Araşdırmalarımız, o cümlədən qrızlar arasındakı araşdırmalar hazırda Azərbaycanda müxtəlif etnik birliklərdə çoxpilləli etnik identikliyin yaranması prosesini göstərir. Eyni zamanda ümum-Azərbaycan etnomədəni birliyinə mənsubiyyətin dərk edilməsi, digər tərəfdən isə öz etnik identikliyin, ənənəvi mədəniyyətinin qorunması müşahidə edilir.”— deyə professor Ə.Məmmədli bildirmişdir.
Professor Ə.Məmmədlinin sözlərinə görə, araşdırmaların ilkin nəticələri bu nəticəyə gəlməyə əsas verir ki, ümum-Azərbaycan sosiomədəni birliyinə mənsubiyyət Azərbaycanda müxtəlif etnik qrupların nümayəndələrinin əksəriyyəti üçün prioritetdir. Bununla yanaşı onlar öz etnik identikliklərini də aydın müəyyən edirlər. Belə ki, respondentlərin çoxu etnik mənsubiyyəti özləri üçün çox vacib olduğunu bildirir. Öz etnik mədəniyyətinə mənsubiyyət onlar üçün kifayət qədər ciddi və mühüm olaraq qalmaqdadır.
“Qrız kəndində etnoqrafik materialın yığılması zamanı ənənəvi mədəniyyət məsələlərinə də xüsusi diqqət yetirilmişdir. Əldə edilən məlumatlar qrızların öz qədim adət və ənənələrinin bu günə kimi saxlaması barədə ilkin nəticə çıxarmağa əsas verir. Toy və digər mərasimlər nəsildən nəsilə ötürülən adətlərə müvafiq olaraq keçirilir. Qrızların İslamdan öncəki etiqadları, xüsusilə kəndin daxilində və ətrafında çoxsaylı pirlər, həmçinin alovla bağlı inanclar diqqəti xüsusi cəlb edir. Bundan başqa qrızlar müxtəlif təbiət hadisələri ilə bağlı ənənələri saxlamaqda davam edirlər. Qrızlarda xalçaçılıq yüksək səviyyədə inkişaf etmişdir və Azərbaycan xalçaçılığında Qrız xalçaları xüsusi yerə malikdir”.
Professor Ə.Məmmədli göstərir ki, dünyada müasir sosiomədəni reallıq, intensiv qloballaşma prosesləri yeni çağırışlar yaradır, onlar isə öz növbəsində, xüsusilə, lokal etnik birliklərdə ənənəvi mədəniyyətin elementlərinin tədricən itməsinə gətirib çıxarır. Bunların hamısı bizi cəmiyyəti etnomədəni mühitin, qloballaşma şəraitində maddi və qeyri-maddi mədəni irsin saxlanması problemini yenidən dərk etməyə vadar edir. Yalnız etnoqrafik ekspedisiyalar, etnologiya və antropologiya sahələrində əsaslı tədqiqatların aparılması nəticəsində ayrı-ayrı xalqların müxtəlif ənənəvi mədəniyyətini qeyd etmək və gələcək nəsillərə ötürmək imkanına yiyələnmək mümkündür.
Professor Ə.Məmmədlinin fikrincə, Azərbaycanda etnologiyanın və antropologiyanın müasir istiqamətlərinə diqqət gücləndirilməli və AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunda etnoqrafların ekspedisiyalarının sayı artırılmalıdır. Bu isə, qaçılmaz qloballaşma şəraitində yox olan ənənəvi mədəniyyətin bir çox elementlərinin qeyd, təsvir və təhlili üçün daha geniş şərait yaratmış olardı.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsi
(012) 510 96 74, 055 669 04 95
parviz.gasimov.pr@gmail.com
http://arxeologiya.az/
https://www.facebook.com/AMEA-Arxeologiya-və-Etnoqrafiya-İnstitutu