Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi

AMEA ARXEOLOGİYA VƏ ETNOQRAFİYA İNSTİTUTUNUN ŞÖBƏ MÜDİRLƏRİ - TARİX ÜZRƏ FƏLSƏFƏ DOKTORLARI TƏVƏKKÜL ƏLİYEV VƏ FƏRHAD QULİYEVİN ALMANİYA ARXEOLOGİYA İNSTİTUTUNUN MÖTƏBƏR BEYNƏLXALQ ELMİ DƏRGİSİNİN NÖVBƏTİ SAYININ HƏMMÜƏLLİFLƏRİ SIRASINDA TƏMSİL OLUNUBLAR
AMEA ARXEOLOGİYA VƏ ETNOQRAFİYA İNSTİTUTUNUN ŞÖBƏ MÜDİRLƏRİ - TARİX ÜZRƏ FƏLSƏFƏ DOKTORLARI TƏVƏKKÜL ƏLİYEV VƏ FƏRHAD QULİYEVİN ALMANİYA ARXEOLOGİYA İNSTİTUTUNUN MÖTƏBƏR BEYNƏLXALQ ELMİ DƏRGİSİNİN NÖVBƏTİ SAYININ HƏMMÜƏLLİFLƏRİ SIRASINDA TƏMSİL OLUNUBLAR
  07.11.2017
Azərbaycanlı alimlər Almaniyanın mötəbər beynəlxalq elmi dərgisinin həmmüəllifləri olmuşlar
Almaniyada Azərbaycanda aparılan beynəlxalq arxeoloji layihənin yekunları dərc edildi
Azərbaycanda aparılmış beynəlxalq arxeoloji tədqiqatların nəticələrini əks etdirən və dünya elmi çevrələrində mötəbər elmi nəşrlərdən biri olan Almaniya Arxeologiya İnstitutu Avrasiya bölümünün “İran və Turanda arxeologiya” (Eurasien Abteilung des Deutsches Archäologischen İnstitut. Archäologie in İran und Turan) dövrü dərgisinin növbəti 16-cı sayı işıq üzü görmüşdür. Dərginin “Kür layihəsi. Cənubi Qafqazda son tarixədərki dövr üzrə yeni tədqiqatlar” (The Kura projects. New Research on the Later Prehistory of the Southern Caucasus) adlanan 451 səhifədən ibarət bu sayında Cənubi Qafqaz, əsasən də Azərbaycan ərazisindəki müxtəlif arxeoloji abidələrdə 2012- 2015-ci illərdə beynəlxalq ekspedisiyalar tərəfindən aparılmış tədqiqatların yekunlarına dair geniş hesabat xarakterli məqalələr öz əksini tapmışdır. Dərginin həmmüəllifləri sırasında beynəlxalq ekspedisiyaların Azərbaycan tərəfindən rəhbərləri, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdirləri, tarix üzrə fəlsəfə doktorları Təvəkkül ƏliyevFərhad Quliyev də vardır.
İngilis, alman və fransız dillərində dərc edilmiş məqalələr toplusunun birinci fəslində “Kür layihəsi” adlı beynəlxalq elmi tədqiqatların mahiyyəti şərh edilmişdir (müəlliflər Barbara Helwing, Təvəkkül Əliyev, Bertille Lyonnet, Fərhad Quliyev, Svend Hansen və Quram Mirtsxulava).
Toplunun ikinci fəsli 2012 - 2014-cü illər arasında Azərbaycanın Mil düzündə, o cümlədən, Ağcabədi rayonundakı Kamiltəpə neolit (yeni-daş) dövrü abidəsində aparılmış tədqiqatlara və onların nəticələrinə həsr olunmuşdur. Mil düzünün arxeoloji abidələri, Kamiltəpənin gil-kərpic memarlığı, saxsı məmulatı, neolit dövrü muncuq istehsalı texnologiyası, bu abidədə açılmış erkən dəmir dövrünə aid qəbir və s. haqqında araşdırmaların müəllifləri Barbara Helwing, Təvəkkül Əliyev, Maria Bianka D`Anna, Gülnaz Əhədi, Sonja Kroll, İlia Heit-dir.
Dərginin üçüncü hissəsi Tovuz rayonunun Aşağı Əyyublu kəndi ərazisində tədqiq edilmiş Menteştəpə abidəsinə həsr edilib. Abidədə aşkar edilmiş neolit, xalkolit dövrü mədəni qatları, həmçinin ilk və orta tunc dövrlərinə aid kurqan tipli qəbir abidələri, bu qatlardan və kurqanlardan əldə edilmiş artefaktların təhlili barədə geniş məlumat verilmişdir (müəlliflər Bertille Lyonnet, Fərhad Quliyev, Laure Pecqueur, Alexia Decaix və d.).
Dərginin dördüncü fəsli Gürcüstan ərazisindəki neolit dövrü məskəni Aruxlo barədədir. Beşinci fəsildə isə, tarixi-coğrafi landşaftlarda, o cümlədən, Aran Qarabağından, Orta Kür vadisindən, Kamiltəpə və Menteştəpə kimi qədim məskənlərdən, neolit və xalkolit dövrünə aid çeşidli tapıntıların Avropanın ən müasir laboratoriyalarında müxtəlif istiqamətli (paleobotanik, paleoantropoloji, palinoloji, radiokarbon, paleozooloji və d.) analizlərinin müqayisəli təhlilinin nəticələri öz əksini tapmışdır (müəlliflər A.Ricci, J.Fassbinder, F.Becker, S.Ostapchouk, N.Benecke və d.).
Topluda həmçinin, Azərbaycan ərazisindəki digər möhtəşəm arxeoloji abidələr (Kültəpə, Göytəpə, Soyuqbulaq kurqanları və b.) barədə məlumatlar da yer almışdır. “Kür layihəsi” çərçivəsində çoxillik tədqiqatların nəticələri əks olunmuş məqalələr toplusu dünya elmi çevrələrində Azərbaycan ərazisindəki abidələrə və respublikamızın arxeoloji potensialına münasibətdə böyük maraq yaratmaqdadır.
Xatırladaq ki, adı çəkilən dərginin 2012-ci il üçün sayında (196 s.) T.Əliyev və F.Quliyevin həmmüəllifliyi ilə 2010-2011-ci illərdə Kamiltəpə və Menteştəpə abidələrində aparılan tədqiqatların ilkin nəticələri haqqında materiallar dərc edilmişdir.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsi
(012) 510 96 74, 055 679 04 95
parviz.gasimov.pr@gmail.com
http://arxeologiya.az/
https://www.facebook.com/AMEA-Arxeologiya-və-Etnoqrafiya-İnstitutu